Ağrıkəsicilər həyati funksiya daşıyan orqanları sıradan çıxarır, kişilik hormonlarını məhv edir, “mavi”lik yaradır...
Dünya mətbuatında ağrıkəsicidən ölən insanlar barədə xəbərlər çox yayılır. 2008-ci ildə ölkə mətbuatında “spazmalqon gənc qızı öldürdü” başlıqlı bir xəbər də yayımlanmışdı. Hətta ağrıkəsici dərmanın insanın kişilik hormonlarına belə təsir etməsi barədə məlumatlar var. Bir neçə il əvvəl Fransada 50 yaşlı bir kişi bir neçə həftə içdiyi ağrıkəsicilərin onu mavi etdiyini iddia etmişdi. Tibbi ekspertizadan keçirilən kişinin bədənində, həqiqətən də, hormon dəyişikliyi müşahidə edildi. Dərmanları laborator müayinəyə göndərən məhkəmə iddiaçının iddiasını təmin etdi və dərman şirkəti fəaliyyətini sonlandırmaqla yanaşı, iddiaçıya külli miqdarda təzminat ödədi.
Ağrını kəsir, amma xəstəlik qazandırır
Hazırda bütün dünyada böyük tələbat olan ağrıkəsicilər insanlar üçün ağrıdan qurtulmağın ən rahat vasitəsidir. Belə ki, indi dişi ağrıyan həkimə gedib problemin kökünü öyrənməkdənsə, ağrıkəsici ilə ağrını sovuşdurur, başı ağrıyan həkimə getmir, dərmanların köməyi ilə ağrını keyidir. Ağrı davam edir, sadəcə, ağrıkəsici onun siqnallarını səssiz edir. Bir müddətlik sakitləşmə isə bizə baha başa gəlir. Çünki uzun müddət yüksək dozalı ağrıkəsici istifadə etmək ağır böyrək çatışmazlığına səbəb olur.
Qonşu Türkiyədə ağrıkəsici istifadəsi yüksək həddə çatdığından, ölkənin səhiyyə qurumu narahatlığını dilə gətirib. Ağrıkəsici istehlakına görə dünyanın lider ölkələrindən biri olan Türkiyədə insanların ağrı kəsən dərmanlara ehtiyacı yemək, su kimi çoxdur. Bunun səbəbini stressli həyatla izah edən həkimlər yüksək dozalı ağrıkəsicilərin insanın tədricən intiharı kimi qiymətləndirirlər.
Ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, ağrıkəsicilər şikayət edilən problemi ortadan qaldırmır, yalnız müvəqqəti olaraq simptomları yox edir. Hər gün bir ağrıkəsici qəbul edən insanlar uzun müddət toksik maddələrin təsirinə məruz qaldığı üçün zamanla orqanlarında problemlər yaranır, bəzi həyati əhəmiyyət daşıyan orqanlar isə toksik maddələrin əsirinə çevrilir.
Yüksək dozalı ağrıkəsicilər uzun müddət istifadə edildikdə böyrək çatmazlığı yaradır. Bunu Türkiyədə bir qrup həkim apardıqları araşdırma ilə üzə çıxarıblar. Aparılan araşdırma zamanı təcrübədə iştirak edən insanların illər ərzində nə qədər ağrıkəsici qəbul etdiyi hesablanıb. Qəbul edilən ağrıkəsicilərin dozası da nəzərə alınıb. Əldə edilən nəticəyə görə, 10 ildə 2 kiloqram ağrıkəsici qəbul edən adamda böyrək çatmazlığı riski yüksəkdir.
Xüsusilə qeyri-steroid tipli ağrıkəsicilərin, revmatizmli xəstələr üçün hazırlandığını deyən türk mütəxəssislər bildiriblər ki, insanlar ağrıkəsicilərlə problemini ortadan qaldırmağa həvəslidir - deyə dərman şirkətləri daha güclü təsirə malik dərmanlar istehsal edirlər. Bir dərmanı bir dəfə istifadə edən və məmnun qalan insanlar bütün yaxınlarına həmin ağrıkəsicini məsləhət görür və beləcə bazar çiçəklənir. Amma əksəriyyət bilmir ki, bu güclü ağrıkəsicilər böyrəyə gələn qan axınını azaldır, qan təzyiqini artırır və bədəndə su və duz yığılmasına səbəb olur, böyrək sistemi üzərində yandırıcı təsir yaradır.
Mütəxəssislər hər ağrı zamanı ağrıkəsici istifadə etməməyi məsləhət görür. Ağrıları kəsmək üçün dərman istifadəsi yerinə ağrı zonasına soyuq buz tətbiqi etmək lazımdır. Dəhşətli baş, beyin, göz ağrıları ilə müşahidə olunan migren tutmaları zamanı ağrıkəsici yerinə ilıq duş qəbul etmək lazımdır, səsdən və işıqdan uzaq olmalı, istirahət edilməlidir.
Apteklərdə ucuz dərman satmırlar
Dozası yüksək ağrıkəsicilər böyrəyə neqativ təsir göstərə bilər. Bu pereparatların yeni-yeni qrupları meydana gəlir, kimyəvi molekulları fərqli olur. Ağrıkəsicilərin təsir müddətinin uzadılması istiqamətində işlər də aparılır. Amma uzunmüddətli təsir edən dərmanların orqanlara ciddi təsirlərini də nəzərə almaq lazımdır. Yüksək dozalı ağrıkəsicilər uzun müddət qəbul edildikdə mədə-bağırsaqda qanaxma törədə bilər. Ona görə də təyinat zamanı bu dərmanların uzunmüddətli istifadəsi doğru sayılmır. Bu dərmanların xüsusi ilə də anti-revmatik effekti var. Yəni, belə ağrıkəsicilər revmatizm əleyhinə təsirə malikdir.
Narkotik ağrıkəsicilərə gəldikdə isə, xalq arasında “morfi” deyə tanınan bu tip ağrıkəsicilər, əsasən, ağır xəstələrə tətbiq edilir ki, başqa yolla onların hiss etdiyi dəhşətli ağrıları zərərsizləşdirmək mümkün deyil. “Morfi” dediyimiz narkotik tərkibli ağrıkəsicilər yalnız stasionar müalicədə istifadə edilir. Bu dərmanlar asılılıq yaradan olduğuna görə həkim nəzarətində qəbul edilir.
Yeri gəlmişkən qeyd edək ki, 15-20 il öncə əczaxanalarda normal ağrıkəsicini 10-15 qəpiyə əldə edirdik və ucuzluğunun dərmanın keyfiyyətinə təsir göstərməyəcəyini bilirdik. Qiymətlər dövr reallığı ilə uzlaşmalıdır, bəli, lakin keyfiyyət də uyğun olmalıdır. Amma indi apteklərdə bahalı dərmanı daha keyfiyyətli adı ilə tanıdırlar. Halbuki elə dərmanlar var ki, hazırlanma texnologiyası bəsit, tərkibi sadə, qiyməti də normaldır. Bu günlərdə şəhərin mərkəzində girdiyim bir aptekdən içində 6 ədəd olan və 15-20 qəpiyə satılan ənənəvi "sıtramon" adlı ağrıkəsicini istədim, “bizdə ucuz dərman olmur” deyə cavab verdilər.
Qeyd edək ki, internetdə, ölkəmizdə qadağan olunmuş dərmanların siyahısı ilə tanış ola bilərsiniz. Bu siyahıda ağrıkəsicilər də az deyil. Həkim məsləhəti olmadan dərman içməyin, bu, sizin sağlamlığınızı və gələcək həyatınızı ciddi şəkildə hədələyir. Dozası yüksək ağrıkəsicilər içməklə həm böyrəyinizə, həm də ürək, qan-damar sisteminizə neqativ təsir göstərə bilərsiniz.
Lalə Mehralı
Bu bitkiyə əsaslanan preparatlar damar və endokrin xəstəliklərin müalicəsində kömək edir...
Oyanma tez-tez sidik ifrazı istəyi ilə müşayiət olunur...