PDF Oxu

Sosial

  • 496

Kitab oxumaq vərdişdir: qazanmışdıq, itirdik... -ARAŞDIRMA

image

Kitab oxumaq indi xatırladığımız bir çox dəyərlər kimi keçmişdə qalıb. Artıq biz vaxtilə kitab oxumağımızdan şirin, lakin itirilmiş bir dəyərin xatirəsi kimi bəhs edirik. Hansı ki, biz sadəcə kitab oxumurduq, əslində kitab aludəçilərinə çevrilmişdik, desəm, yanılmaram. Bir kitabın bitməsində o biri başlayırdısa, o da bitən kimi axşama boş qalmamaq üçün kitabxanalara yeni kitablar dalınca yollanırdıqsa, bu, aludəçilik deyildimi? Həmin kitablar isə mənəvi qidamız olaraq bizi həmişə “tox” saxlayırdı. Dünyanı, həyatı, sevgini, yaxşı-pisi, məhəbbət-nifrəti, sədaqət-xəyanəti, zəriflik-kobudluğu bu kitablar vasitəsilə öyrənirdik. Obrazlar bizə həyatda necə olmağı aşılayırdı, necə yaşamağı əxz edirdi. Yaxşının əksi olanların hər birinə nifrət etməyə, yaxşının hər birinə oxşamağa çağırırdı.

Bəli, sosial şəbəkələr həyatımıza daxil olmazdan əvvəl biz kitab oxuyurduq. Sanki birdən-birə o kitabları əlimizdən alıb çırıqlayıb vərəq-vərəq edib ətrafımıza səpələdilər. Əlimizdən alınan kitabların yerinə hər birimizə bir telefon verib sosial şəbəkəli etdilər bizi. Sanki bu, belə olmalı imiş. Belə də oldu. Qısa zaman kəsiyində o aludəçiliyimiz bu aludəçiliklə əvəz olundu. Biz vərəqlərində göz yaşımız, səhifələri arasında çiçəklərimiz, səhifələrində gələcəyə qurduğumuz xəyallarımız qalan kitabları elə büküb bir küncə atdıq ki, bir də ona yaxın düşüb içində itirdiklərimizi axtarmağa belə cəhd etmədik. Lakin yaxın gələcəkdə bu səhvimizin acısını yaşayacağıq, bu, sözsüzdür. O kitablarda itirdiklərimizi axtaracağıq. Lakin təəssüf ki, nə o kitabları, nə də içində itirdiklərimizi bir daha tapmayacağıq...

Təəssüf: oxumaq vərdişini qazandıq, sonra itirdik

Hər hansı müsbət vərdişi qazanmaq illər hesabına əldə olunur. Bu, heç də asan məsələ deyil. Elə kitab oxumaq vərdişinə də illərlə nail olmuşduq. Bu, hər birimizin qaçılmaz vərdişinə çevrilmişdi. Daha sonra bu vərdişin itirilməsi isə sanki ən dəyərli bir əşyamızı itirdik desəm, az olar. Bunu ən vacib bir orqanımızın, məsələn, beynimizin, ürəyimizin itirilməsi kimi dəyərləndirmək olar. Çünki biz beyinsiz, ürəksiz necə yaşaya biləriksə, kitab oxumadan da o cür yaşamış oluruq. Bu müqayisəni boş yerə gətirmədim. Yəni kitab oxumağın bədənimizdəki aparıcı bir orqan kimi düşünülməsinin daha doğru olduğu üçün ondan bəhs etdim.

İndi kitab oxumuruq, fərqinə varsaq, gündən-günə sanki beyinsizləşirik, ürəksizləşirik. Beynimiz hər gün saatlarla sosial şəbəkələrdə oxşar videolara “baxmaqla” kütləşir. Dəyərsiz videoları dəfələrlə izləməkdən artıq ürək kimi həyati dəyərli orqanımızı da itirməkdəyik. Çünki bir hadisəni o qədər görürük ki, o, bizim üçün adiləşir. Hər hansı bir halın adiləşməsindən dəhşətli isə heç nə yoxdur. Sanki gənclər ta nə əvvəlki kimi sevir, nə də əvvəlki kimi nifrət edir. Bütün hadisələrə sanki əvvəlki həssaslıqla yanaşmırıq. Uzun sözün qısası, həyatımızda adiləşmə adlı bir proses gedir. Bu prosesin sonunda nə ilə qarşılaşacağımızın isə indidən qığılcımları görünməkdədir. Kitab oxumaq kimi vərdişin itirilməsi, onun yerini alan yersiz alışqanlıqların nəticəsini yaxın gələcəkdə bizə həyat özü anladacaq...

Azərbaycan kitab oxumaqda çox geridə qalır...

Təbii ki, kitab oxumaq vərdişləri tək Azərbaycanda deyil, bütün dünyada əvvəlki kimi deyil. Lakin dəhşətli hal ondan ibarətdir ki, biz dünyada bu sahədə ən geridə qalmış ölkəyik. Bu barədə araşdırma apararkən belə bir məlumatla qarşılaşdım ki, Böyük Britaniyada yerləşən “NOP World Culture Score Index”in tərtib etdiyi məlumatlara görə, dünyada ən çox kitab oxunan ölkə Hindistan, Tayland və Çindir. Dünyanın ən çox kitaba sahib ölkəsi olaraq siyahının başında olan Hindistanda hər bir insan həftədə orta hesabla 10 saat 42 dəqiqə kitab oxuyur. İkinci yerdə olan Taylandda adambaşına həftədə orta kitab oxuma vaxtı 9 saat 24 dəqiqə olduğu halda, üçüncü yerdə olan Çində insanlar buna həftədə 8 saat ayırır.

Siyahıda ən çox kitab oxunan digər ölkələr Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə) olub, Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) yer alıb.

Türkiyə həftədə ortalama 5 saat 54 dəqiqə oxuma vaxtı ilə siyahıda 18-ci yerdədir.

Azərbaycan bu reytinqə ümumiyyətlə, yaxın düşə bilmir.

2021-ci ildə Sosial Tədqiqatlar Mərkəzi 5 gün ərzində əhalinin kitab oxumaq və almaq davranışları ilə bağlı 1067 respondentlə telefon sorğusu keçirib. Sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 3.0% təşkil edib. Sorğuda iştirak edənlərin yarısı (49.8%) adətən kitab oxuduğunu bildirib. Təxminən oxşar sayda respondentin (44%) ailəsində özündən başqa kitab oxuyan ailə üzvü yaşayır. Hər 4 respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitab sayı 1-3 kitab aralığındadır. Respondentlərin 6.4%-i isə 10 kitabı tam oxuyub bitirib.

Demoqrafik qruplar üzrə baxsaq, evlilərin 45.6%-i və subayların isə 72.9%-i adətən kitab oxuyur. İşləməyib, ancaq iş axtarışında olanların 61.6%-i, işləyənlərin isə 55%-i adətən kitab oxuduğunu bildirib. Yaş, təhsil və aylıq gəlir səviyyəsi artdıqca müntəzəm kitab mütaliə edənlərin sayı azalır. Məsələn, 18-25 və 26-35 yaş qruplarında müntəzəm kitab oxuyanların çəkisi müvafiq olaraq 76.5% və 52.3% təşkil edibsə, 36-65 yaş arasında olanların isə yarıdan az hissəsi kitab oxuyur.

Sorğudan da göründüyü kimi, ölkəmiz kitab oxumaqda çox geridə qalır. Ayrı-ayrı yaş qruplarına gəlincə isə göstəricilər ürəksıxıcıdır. Çünki bu göstəricilərin hər biri ayrı-ayrılıqda digər problemlərdən də qaynaqlanır. Lakin təəssüf ki, kitabdan uzaqlaşmağımızın səbəbi etiraf etsək də, etməsək də, əsasən onu sosial şəbəkələrlə əvəzləməyimizdən irəli gəlir.

Kitab oxumaq həm istirahət, həm də öyrənməkdir

Kitab oxumaq hər zaman mənalı istirahəti təşkil edib. Həm də kitab həmişə əla müəllim olub. Bu gün kompüter, smartfonlar qarşısında gözləri kor olan gənclərin əvvəlki nümayəndələri bu təhlükədən uzaqda kitab oxumaqla gözəl istirahət edir, həm də dünyanın hər yerindən məlumat alırdılar. Bütün bunları söyləməkdə məqsəd sosial şəbəkələri gözdən salmaq deyil. Bu şəbəkələr əslində çox faydalıdır, lakin faydalı şəkildə istifadə olunarsa. Lakin biz onlardan faydalı şəkildə istifadə edirikmi? Əsla. Biz demək olar ki, bütün günümüzü tamamilə sosial şəbəkələrə həsr edirik. Günboyu bir gənc saatlarla bir sosial şəbəkədə olursa, onun həm fiziki, həm də mənəvi sağlamlığı təhlükə qarşısındadır.

Elə bu səbəbdən də yuxarıda qeyd olunan sorğuda belə bir məlumatın da yer alması maraq doğurur: texnologiyanın inkişafına baxmayaraq, mütləq əksəriyyət (81.3%) kitabları əsasən hələ də çap formasında oxuyur. 18-25 və 26-35 yaş qruplarında kitabları əsasən elektron formada oxuyanlar 21%-dən yuxarı olduğu halda, bu göstərici orta yaş qruplarında 5-10% aşağı, 65 yaşdan yuxarı isə 0% təşkil edib.

Sorğuda iştirak edən oxucuların yarısından çoxu (54.3%) kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuduğunu deyib. Yaş cəhətdən bu cavabı seçən qruplar arasında gənc və orta yaşlılarla yuxarı yaşlılar arasında ciddi fərq müşahidə edilib. Belə ki, kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların 26%-i 18-25, 25%-i 26-35 və 23%-i 36-45 yaş aralıqlarındadır ki, bu da digər yaş qruplarından 2-3 dəfə daha yüksəkdir. Oxucuların təxminən üçdə biri kitablara şəxsi inkişaf üçün müraciət edir. Maraqlıdır ki, hər 4 nəfərdən biri (27%) üçün kitab oxumaq istirahət sayılır.

Vaxt yoxdur, kitab bahadır…

Bəli, bu gün istənilən sorğu zamanı kitab oxumamaq üçün gətirilən bəhanələr sırasında “vaxt yoxdur, kitab bahadır” ifadələri ilə daha çox qarşılaşmaq olur. Lakin gəlin görək vaxt nə üçün yoxdur? Təbii ki, ona görə yoxdur ki, Tiktok, İnstagram, Fecebook kimi sosial şəbəkələr insanları saatlarla özünə bağlayır. Xüsusən gənclər sosial şəbəkələrə elə aludə olublar ki, təbii ki, onların kitab oxumağa vaxtları qalmayacaq.

Digər məsələ, kitab bahadır, deyirik. Bəli, bu gün ölkəmizdəki kitab satışı mağazalarında kitabların qiyməti heç də hər kəsin büdcəsinə uyğun deyil. Ötən il kitab mağazalarından birindən “Əli və Nino” kitabını almışdım. Qiyməti 7 manat 50 qəpik idi. Mağazada bu kitabın üç ayrı nüsxəsi vardı. Onların qiyməti mən aldığımdan baha olduğu üçün ən ucuz olanını seçdim. Düşünəndə ki, ay ərzində 10 kitab alaraq 60-70 manat xərcləməli olacaqsan, bəli, gəlirlərimizə görə bu, kimi üçün bahalı, kimi üçünsə heç də bahalı deyil. Və ölkəmizdə bu gün 32 milyon kitabxana fondu olan 2922 kütləvi kitabxana fəaliyyət göstərir ki, satışda olan kitabların əksəriyyətini oradan alıb oxuyub qaytara bilərik. Elə bu səbəbdən də kitabların bahalı olması ilə bağlı bəhanə heç də tutarlı deyil.

Lakin kitabxanalarda tapa bilmədiyimiz kitablar da var ki, onları satış mağazalarından ala bilirik. Bu səbəbdən də kitabların qiymətinin nəzarətdə saxlanması vacibdir. Hazırda tələbə-gənclər əsasən yeni tərcümə edilmiş kitabları satın alırlar ki, bu da onların büdcəsinə müvafiq deyil. Bu barədə söhbətləşdiyimiz tələbələr- Nərmin Hüseynli, Aysel Məmmədli, Yağmur Musayeva, Orxan Əlizadə, Mətin Məmmədov və Röya Həsənova kitabların baha qiymətə olmasından gileyləndilər.

Yuxarıda adıçəkilən sorğuda qeyd olunduğu kimi, kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların demək olar ki, yarısının aylıq gəlir səviyyəsi 500 manatdan yüksək, 55%-i ali təhsilli və 54%-i hazırda işləyənlərdir.

Kitab oxumayan 536 respondentin xüsusiyyətlərinə nəzər yetirsək, yaş cəhətdən onların arasında 26-45 yaşda olanlar (49%) üstünlük təşkil edir. Kitab oxumayanlar arasında aylıq gəlir səviyyəsi 0-250 manat olanlar təxminən 50%, orta təhsillilər isə 64% çəkiyə malikdir.

Son bir ildə kitab almağa sərf edilən vəsaitə gəlincə isə nisbətən daha çox respondent (13.3%) 21-50 manat aralığında vəsait sərf edib. 18-25 yaş qrupunda bu miqdarda vəsait sərf edənlər daha çoxdur. 51-100 manat aralığında vəsait sərf edənlərin çəkisi isə cəmi 2% azdır. Bu mənada yaş qrupu cəhətdən 36-45 yaşdakı respondentlər üstünlük təşkil edir. Aylıq gəlir səviyyəsi 500 manatdan yüksək olanlar bütün xərc qruplarında üstünlük təşkil edirlər – yəni kitaba daha çox pul xərcləyirlər. Oxşar hal təhsil səviyyəsi üçün də keçərlidir – ali təhsillilər kitaba daha çox vəsait sərf edirlər.

Kitab oxumayan 536 respondentin gətirdiyi başlıca iki səbəb kimi vaxtının (63.6%) və marağının olmaması (29.6%) qarşıya çıxır. Maraqlıdır ki, olduqca az sayda respondent (5.8%) maddi imkanının kitab almasına mane olduğunu bildirib. Vaxtının olmadığını bildirənlərin 60%-i 26-45 yaş aralığındadır. Mədəni status cəhətdən bu variant daha çox evli olanlar tərəfindən seçilib (66.4%). Tamamladığı ən yüksək təhsil səviyyəsi üzrə ali təhsili olanların 77.1%-i vaxtının olmamasını kitab oxumamağın əsas səbəblərindən biri kimi göstərib. Sosial şəbəkədən hər gün istifadə edənlərin 85.5%-i vaxtının olmamasını deyib.

Peşəkar jurnalist Güngör Uras haqlıdır

Peşəkar jurnalist Güngör Urasın “Milliyət”dəki köşə yazılarından birində Türkiyədə kitab oxunması ilə bağlı haqlı gileyini xatırlayıram. Həmkarımız yazır: kitab oxumaq türklərin ehtiyacları siyahısında 235-ci yerdədir. Oxumaq uşaqların hava, su, yemək kimi gündəlik həyatının bir hissəsi olmalıdır ki, onlar mədəni inkişafını başa çatdırsınlar və informasiya əsrinə yetişsinlər.

Türk uşaqları kitab oxumaqda Afrika ölkələrindən geri qalır.Türkiyədə hər 100 nəfərdən yalnız 4-ü kitab oxuyur.

Dünyada adambaşına kitab xərcləri 1,3 dollar olduğu halda, Türkiyədə dörddə bir dollardır.

Türkiyə uşaqlara kitab hədiyyə etmək reytinqində 180 ölkə arasında 140-cı yerdədir.

Adambaşına düşən kitabların sayı 60 ildə artmayıb, əhəmiyyətli dərəcədə azalıb. Tənqid və ünsiyyət imkanlarının misilsiz genişliyinə, ali təhsil səviyyəsinə, təhsilli əhalinin on dəfə çox olmasına, xarici aləmlə qarşılıqlı əlaqənin və universitetlərin sayının artmasına baxmayaraq, savadlılıq səviyyəsi iki dəfə aşağı düşüb.

Nə olub? Türklər oxumaq vərdişini qazanıb, sonra itiriblər? İlk ağıla gələn televiziyadır... Televiziya əslində savadlı olmayan, amma özünü var kimi göstərənlər üçün bir bəhanədir. Digər tərəfdən, televiziyanın oxuyan və informasiyanın əldə edilməsində və ötürülməsində fəallıq göstərən, aktivliyini və mütaliəsini artıran insanlara təsiri var.

Bəli, həmkarımız dediklərində haqlıdır. Qonşu Türkiyədə də kitab oxumanın Azərbaycandan heç də fərqli olmayan səviyyəsi ürəkağrıdandır. Bəs nəticə necə olacaq? Bunu söyləməyin özü o qədər dəhşətlidir ki, adam qorxudan ağzına almaq istəmir. Belə isə nə edək ki, kitab oxuyaq? Bu sualı hər birimiz özümüzə verməklə, bir də dərindən düşünməklə qarşıdakı o dəhşətdən yaxa qurtarmış ola bilərik.

Mətanət Məmmədova

Digər xəbərlər