Sosial

  • 1 918

Əli Kərimlidən məntiqsiz dəvətnamə

image

Məntiqdən sinifdə qalan Əli Kərimlinin tərtib etdiyi dəvətnamədə xalq 3-cü demokratik respublikanı qurmağa çağırılır: əgər qurucu babalarımız dünyanın ən çətin vaxtında Azərbaycanda müasir cəmiyyət qurub, qısa bir vaxtda Bakını da, Şirvanı da, Qarabağı da işğaldan azad edə bilmişdilərsə, biz indiki çətinlikləri aşa bilərik və aşmalıyıq. Bütün maneələri aşıb 3-cü demokratik respublikanı qurmalıyıq və quracağıq.

Məntiqə baxaq: deməli, 1-ci demokratik respublika Azərbaycan Xalq Cümhuriyyəti olub, bəli. 3-cünü Əli Kərimli yaratmaq istəyirsə, 2-ci də hazırkı müstəqil-demokratik ölkəmizdir. Bəs görəsən, hazırda demokratik ölkədə yaşadığımız halda, Əli Kərimli hansı demokratik ölkəni qurmaq üçün dəvətnamə göndərir? Axı zaman-zaman bunu da iddia etməyə çalışırdılar ki, bu demokratik respublikanı biz yaratmışıq...

Həm də bu yeni demokratik respublikanı qurmaq o birilərinə bənzəmir. Bunun üçün anket doldurmalı, 1-ci AXCP üzvlüyünə qəbul olmaq, sonra Əli Kərimlinin 3-cü respublika quruculuğunda iştirak etmək olar. Adamı gülmək tutur, həm də plovun üstündəki toyuğun gülüşünə bənzər gülüş...

Bu çağırış yoxa çıxmaqda olan AXCP-nin yenidən həyata vəsiqə alması naminə, yoxsa “demokratik” respublika qurmaq naminədir, anlamaq o qədər asandır ki...

Lakin Əli Kərimli görəsən nə üçün anlamaqda çətinlik çəkir ki, bu demokratik respublikanın azad və məntiqi təfəkkürə sahib olan vətəndaşları bu müstəqilliyi əldə etmək üçün can verib, qan töküb. AXCP-nin 90-cı illərdə pozduğu ərazi bütövlüyünün bərpası üçün 2020-ci ildə minlərlə balasını qurban verib.

Bəs bu dəvətnamə nə üçün məhz Şəhidlər Xiyabanından göndərilir? Bu da Əli Kərimli “məntiq”inin bir tərəfidir. Bu, bir canıyananlıq göstəricisi ola bilərdi, əgər digər tərəfi məntiqlə düşünülərdisə. Əli Kərimli o qədər hissə qapılıb ki, unudub o Şəhidlər Xiyabanında uyuyanların səbəbkarları olmalarını. Xatırlatma: 1. Birinci Vətən müharibəsində satılan torpaqlar uğrunda düşmən qarşısına çıxan və hakimiyyətdən heç bir dəstək görməyən əlıyalın insanlar-şəhidlər. 2. 20 Yanvar 1990-cı ildə hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı, ən əsası isə satqınlığı ucbatından ölkəyə qoşun yeridilməsi nəticəsində günahsız insanların qətlə yetirilməsi-şəhidlər. 3. İkinci Vətən müharibəsində satılmış torpaqların geri alınması nəticəsində canlarından keçən Azərbaycan vətəndaşları- şəhidlər. Bunlar düşünüləcəyi təqdirdə başqa ünvan seçilərdi, həm də sözsüz.

İndi bəs Əli Kərimli görəsən xalqa hansı üzlə və sifətlə dəvətnamə göndərib çağırış edir? Nəyə çağırış edir? Xalq məgər demokratik ölkədə yaşamır, yoxsa sizi tanımır? Xalq məgər bütün bunları unudub? Xalq-hakimiyyət birliyi olmasaydı, 2020-ci ildə sizin də heyranlığınızı gizlədə bilmədiyiniz mənzərə də olmazdı. Unutdunuz yoxsa?

Unutqansınız, bunu yaxşı bilirik. Unutqan olmasaydınız, 90-cı illərdə hakimiyyətdə olarkən ölkə əhalisinə təqdim etdiyiniz gülünc və iyrənc hadisələrdən sonra ona yenidən çağırış etməzdiniz. Unutmayın, bu xalq sizdən yara alıb. O yaralar hələ də sağalmayıb.

Bir də ki, yaxşı yadıma düşdü, Milli Şuranın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli 2-3 gün öncə hakimiyyət tərəfindən ölkənin danabaşların köməyi ilə idarə olunmasını yazırdı. O “danabaş” adlandırdıqlarınız bu xalqın nümayəndələridir, kiminin atası, kiminin babası, ümumilikdə yaxın-uzaq qohumudur. Yazıqlar və ar olsun, xalqı təhqir edib, sonra “uca xalqımız, sevgili millətimiz” deyib, ondan mədəd gözləyənlərə.

Deməli, sizin hələ özünütərbiyəyə ehtiyacınız var, sonra bir partiya olmağa. Bu da ki, ya nəsib, ya qismət...

Mətanət Məmmədova

Digər xəbərlər