Sosial

  • 2 946

İnkişafın və müasirliyin timsalı - Astara - FOTOLAR

image

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirərək ölkəmizi bugünkü tərəqqiyə çatdıran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində doğma Vətənimiz gündən-günə inkişaf edir, daha da gözəl, abad, yaraşıqlı bir diyara çevrilir.

Cənab Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq Respublikanın digər bölgələrində olduğu kimi Astara rayonunda da son illərdə əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Ölkə Prezidentinin imzaladığı Sərəncamlarla ayrılan vəsaitlər hesabına şəhər, qəsəbə və kəndlərdə çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılmışdır. Bu quruculuq işləri rayonun hüsnünə misilsiz gözəllik verir.

Mən yalnız 2023-cü ildə və bu ilin ilk beş ayı ərzində rayonda görülən işlərə diqqət çəkmək istəyirəm. Bu müddət ərzində rayonda bütün sahələrdə inkişaf və nailiyyətlər olmuşdur.

İl ərzində Astara şəhərində bir neçə çoxmənzilli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, fasad və blokları təmir edilmiş, küçələrin işıqlandırılması və səkilərə tamet düzülməsi işləri davam etmişdir. Şəhər, qəsəbə və kəndlərdə ümumilikdə 30 min kvadrat metrə qədər yol asfaltlaşdırılmışdır. Uzun müddətdir Şiyəkəran kəndində Təngərüdçay üzərindəki qəzalı vəziyyətdə olan avtomobil körpüsü və 15 min nəfərə yaxın əhalinin daimi istifadə etdiyi yolda yerləşən, sel-suları nəticəsində dağılmış Vaqo körpüsü yüksək səviyyədə yenidən tikilərək bu ilin may ayında istifadəyə verilmişdir. Bundan əlavə digər kəndlərdə daha bir neçə yeni körpü salınmış və ya əsaslı təmir edilmişdir.

Diqo kəndində modul tipli ibtidai məktəb binasının tikintisi başa çatdırılmış, Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə hazırlıq görülür.

Astaranın embleminə çevrilmiş park-bulvar kompleksi tikilib istifadəyə veriləndən və ucqar dağ kəndlərinə asfalt yollar çəkiləndən sonra rayona gələn qonaq və turistlərin sayı xeyli artmışdır. Bulvara yaxın ərazidə və Qamışoba kəndində inşa edilmiş kotteclər, qonaq evləri, otellər və restoranlarda yüksək səviyyədə xidmət təşkil edilmişdir. Rayonun digər kəndlərində də istirahət mərkəzləri salınmış, iaşə obyektləri inşa edilmiş və yeniləri tikilməkdədir.

Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilmişdir. Hazırda Astara şəhərinin böyük bir hissəsində, Suparibağ və Pəlikəş ərazisində yüksək gərginlikli elektrik xətlərinin yenilənməsi, Şiyəkəran, Kakalos, Kolatan, Çayoba, Siyaku, Vaqo, Liəzi və Giləşə kəndlərində SİP kabelləşmə işləri aparılır.

Təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması da diqqətdə saxlanılır. Deqadi və Səlivə kəndlərinin qazlaşdırılması başa çatdırılmış, hazırda Vənəşikəş və Taxtanəkəran kəndlərində işlər davam etdirilir.

Rabitə və internet xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə rayonun əksər yaşayış məntəqələrində rabitə xətlərinin yenilənməsi və sürətli internet şəbəkəsinin qurulması işlərinə başlanılmış, bir neçə provayder tərəfindən bu işlər sürətlə davam etdirilir.

Rayonun kənd təsərrüfatı sahəsindəki nailiyyətləri də ürəkaçandır. Cənab Prezident İlham Əliyevin imzaladığı çayçılığın, çəltikçiliyin, sitrusçuluğun inkişafına dair Sərəncamlarından sonra rayonda yeni innovativ üsullarla sitrus və subtropik meyvə bağlarının salınmasına maraq xeyli artmışdır. Sitrus meyvə bağlarının sahəsi genişləndirilərək 2600 hektardan 4500 hektara çatdırılmışdır. Bu il sitrus bağlarından ümumilikdə 62 min ton məhsul yığılmışdır. Vətəndaşlarımız bu məhsulların satışından təqribən 60 milyon manatdan çox qazanc əldə etmişlər.

Son illərdə rayonda ekzotik meyvələrin becərilməsinə də maraq artmışdır. Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə Astarada 42 hektarlıq təsərrüfatda 7 növdən ibarət avokado bağı salınmışdır.

Ötən il 231 hektar çay sahəsindən 710 ton yaşıl çay yarpağı yığılmış, 235 hektar çəltik sahəsindən 970 ton məhsul əldə olunmuşdur.

Rayonun yol infrastrukturunun yaxşılaşdırılması, əsasən dağ kəndlərinə avtomobil yollarının çəkilməsi istiqamətində həyata keçirilən tədbirləri xüsusilə vurğulamaq istəyirəm.

Yol insanların rahat yaşayının təmin edilməsi üçün ən vacib faktorlardan biridir. Yol mədəniyyətdir, inkişafdır, tərəqqidir. Hər hansı yaşayış məntəqəsinin yolu yoxdursa, orada sosial proqramların həyata keçirilməsi, müasir tikintilərin aparılması, ümumiyyətlə, normal infrastrukturun qurulması üçün yeniliklərin tətbiqi mümkün deyildir.

10-12 il əvvəl Astara rayonunun dağətəyi və dağlıq ərazidə yerləşən yaşayış məntəqələrinin yolları bərbad olduğundan, bəzi kəndlərə isə, ümumiyyətlə avtomobil yolu olmadığından sakinlər böyük əziyyət çəkir, ailələrini dolandırmaqda çətinliklərlə üzləşir, payız-qış mövsümünün ərzaq təminatlarını sentyabr ayına qədər tədarük etmək məcburiyyətində qalırdılar. Ağır xəstələrin xəstəxanalara çatdırılması isə ən müşkül məsələ idi. Bu çətinliklərə görə gənclər aran kəndlərinə və şəhərlərə köçür, dağ kəndləri boşaldıqca sükuta qərq olurdu. Amma ölkənin gündən-günə artan iqtisadi gücünü dəyərləndirərək Azərbaycanın parlaq gələcəyinə inanan ağsaqqallar və ziyalılar bütün çətinliklərin tezliklə arxada qalacağını gənclərə aşılayırdılar.

Rayonun dağ kəndlərinin inkişafı cənab Prezident İlham Əliyevin 21 kilometrlik Deqadi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması ilə əlaqədar 2013-cü ildə imzaladığı Sərəncamla başladı. Bundan sonra digər dağ kəndlərinə gedən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi, Kijəbə-Tüləküvan-Təngərüd avtomobil yollarının asfaltlaşdırılmasından ötrü ölkə başçısı tərəfindən vəsaitlər ayrıldı. Mövcud olduğu tarixi ərzində heç vaxt yolu olmayan, yüksək dağlıq qurşaqda yerləşən Dolu, Şəvqo, Sibiyyət, Diqo, Avyarud kəndlərinə avtomobil yollarının çəkilməsi ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində reallaşdı.

Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına illərdir yolsuzluqdan əziyyət çəkən Dürriyə və Şümrüd kəndlərinə 5 kilometrlik avtomobil yolunun çəkilişi yenicə başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir. Hazırda rayonun əsas nəqliyyat damarı olan 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması yüksək səviyyədə davam edir.

Eyni zamanda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu kəndindən Reqloba kəndinə və Diqoli yaşayış massivinə 5.5 kilometrlik avtomobil yolunun salınması üçün əraziyə ağır texnikalar gətirilmiş və yolun çəkilişinə başlanmışdır. Bununla yanaşı, Sibiyyət kəndindən Şeyx Nəsrullah ziyarətgahına gedən yolda avtomobillərin rahat keçə biləcəyi körpü salınmışdır.

Yeni salınan Dolu-Reqloba yolu Deqadi-Pəlikəş və Taxtanəkəran-Toradi avtomobil yollarını birləşdirərək dairəvi yol əmələ gətirdiyi üçün xüsusi əhəmiyyətə malikdir.

Bu yol dağlıq ərazidə, fərqli istiqamətlərdə yerləşən Pəlikəş, Hamoşam və Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri arasında məsafəni qısaltmaqla rahat gediş-gəlişi təmin edəcək. Belə ki, Taxtanəkəran-Toradi yolunun yüksək dağ qurşağındakı hissələri sərt qışda qar və buz bağlayanda Hamoşam və Asxanakəran nümayəndəliklərində yaşayan əhali bu yoldan rahat və təhlükəsiz istifadə edə bilərlər.

Yolun digər əhəmiyyəti saf havası, füsunkar təbiət mənzərələri ilə zəngin olan yaylaq ərazilərinə qədər uzanmaqla yeni turizm marşrutu əmələ gətirməsidir. Burada çoxlu sərin bulaqlar, şəfalı bitkiləri olan yamaclar, geniş düzənliklər, mağaralar, qalalar vardır. Təqribən 1700 metr hündürlükdən təbiətin qoynuna açılan mənzərə bambaşqadır. Sipiyəpart, Sım, Pəlikəş istiqamətində səyahət edən qonaq və turistlər bu yoldan keçərək əlavə vaxt itirmədən Hamoşam zonasında olan mənzərə və tarixi yerlərlə tanış ola bilərlər. Ən nəhayət, bu yol Azərbaycan-İran dövlət sərhədinə qədər uzandığına görə sərhədçilərin işini də xeyli asanlaşdırır.

Dağ kəndlərinə çəkilən avtomobil yolları rayonun aranlı-dağlı bütün yaşayış məntəqələrini birləşdirir. İllərlə böyük əziyyətlə piyada gedilən dağ yollarını indi ən müasir maşınlarla rahat və təhlükəsiz getmək insana zövq verir.

Yol olmadığı üçün yığılıb qalan sosial problemləri həll etmək mümkün deyildi. İndi bu problemlər sürətlə həllini tapır. Yollar istifadəyə veriləndən sonra Pəlikəş, Hamoşam və Asxanakəran nümayəndəliklərində 14 ümumtəhsil məktəbi, 2 xəstəxana binası, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş Şümrüd kəndinin sakinləri üçün 18 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir. Mövcud olduğu tarixi ərzində elektrik xətti olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərinə elektrik xəttinin çəkilişi də yollar istifadəyə verildikdən sonra mümkün olmuşdur. Sakinlər tərəfindən tikilən yeni müasir tipli evlər, ticarət obyektləri, istirahət guşələri bu kəndlərə yaraşıq verir. Şəraitsizliyə görə bu ucqar kəndləri tərk edib gedən gənclər doğma kəndlərinə qayıdır, səfalı dağlar qoynuna gələn turistlərin sayı günbəgün artır. Müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin aparılan abadlıq və tikinti-quruculuq işlərinə şəxsən nəzarət etməsi, icraçılara tez-tez baş çəkərək işlərin gedişi ilə yerində tanış olması, problemlərlə maraqlanıb tövsiyə və tapşırıqlarını verməsi işlərin daha keyfiyyətlə və vaxtında icrasına səbəb olur.

Yolların istifadəsindən sonra nadir gözəlliyə malik sıx dağ meşələrinin dərinliyində gizlənən, heç yerli sakinlərin belə indiyə qədər tanımadığı, görmədiyi neçə-neçə təbiət gözəlliklərinin üstü açılıb. Dağ çayları üzərində hündürlüyü 25-45 metr arasında dəyişən, ayrı-ayrı istiqamətlərdə yerləşən Sım, Diqo, Bolsu və digər şəlalələr və sərin bulaqlar isə turistlərin ən çox üz tutduğu yerlərdir. İndi buralarda ilin bütün fəsillərində ölkəmizdən və xarici ölkələrdən təbiət muzeyi adlandıra biləcəyimiz bu ecazkar gözəllikləri seyr etməyə gələn turistlərə və qonaqlara rast gəlinir.

İllərdir həsrətində olduqları ən böyük arzularına çatan sakinlər isə bu rahatlığa, firavanlığa görə Vətəni bütövləşdirən, doğma torpaqlarımızı düşmən tapdağından azad edən, xalqımıza qələbə sevincini yaşadan, vəhşi düşmən tərəfindən dağıdılan, talan edilən şəhər və kəndlərimizi sürətlə və böyük zövqlə yenidən quran Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, cənab Prezident İlham Əliyevə sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirirlər.

İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezidentin ölkə vətəndaşlarına olan hədsiz diqqət və qayğısının davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.

İnanırıq ki, siyasi uzaqgörənliyi, dərin düşüncəsi, böyük dövlətçilik təcrübəsi, yüksək idarəçilik qabiliyyəti və iqtisadi reformaları ilə dünyanın nəhəng siyasi güclərinin diqqətini çəkən, müdrik rəhbər və qüdrətli Sərkərdə kimi xalqın sonsuz sevgisini qazanan, sevimli Liderə çevrilən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımız daha da inkişaf edəcək, parlayacaq və ən böyük hədəflərə çatacaqdır.

Mərasim Hacızadə
Astara

Digər xəbərlər