Sosial

  • 1 216

Uşaqla birlikdə böyüyən ərköyünlük

image

Söhbət ailələrimizdə böyüdüb tərbiyə verdiyimiz uşaqlarımız barəsində olacaqdır. O uşaqlar ki, onlar zaman-zaman ailəsinin güzgüsünə çevrilir, o güzgüdən isə cəmiyyətin hər bir üzvü həmin ailəni çox gözəl şəkildə görə bilir. O uşaqlar ki, bugünkü tərbiyələri sabahkı bəhrədir. O bəhrənin necə olacağı isə bizlərdən-valideynlərdən, nənə-babalardan, xala-bibilərdən, dayı-əmilərdən xüsusilə asılıdır. Bu gün ailələrimizdə tərbiyə verdiyimiz, sabah cəmiyyətin bir üzvünə çevriləcək övladlarımız həm yaxşı, həm də pis mənada bizim əsərlərimizdir. Yazıb, tamamlayıb, cəmiyyətə oxumaq üçün təqdim etdiyimiz əsər. Cəmiyyət bunu necə qiymətləndirəcək, necə qarşılayacaq, bax, elə bu barədə danışaq ki, təqdim etdiyimiz əsərlərin aqibəti bizləri bu gün düşündürsün ki, sonra gec olmasın...

Ərköyünlük: günahkar uşaqlar deyil, bizik

Bu gün ailələrimizdə uşaqların tərbiyəsində iki şəxs dayanır: uşaqlar və böyüklər. Böyüklər tərbiyəni təqdim edənlər, uşaqlar təqlid edənlərdir. Düşünəndə ki, uşaq gözünü açır, valideynini görür, onun danışdıqlarını, ona yanaşmalarını eşidir, hiss edir, bəli, bir uşağın ilkin təməli də elə həmin ailədə-valideyni və ya nənə-babası, digər yaxın qohumları ilə qoyulur. Başqa cür ola da bilməz, təbii ki. Belə isə uşaqların tərbiyə prosesindən çətin, məsuliyyətli bir iş yoxdur, desəm, yanılmaram. Bu məsələyə, dərindən düşünəndə, o qədər həssaslıqla yanaşılmalıdır ki, sonu gözəl nəticə versin.

Nə üçün yuxarıda uşaqlar təqlid edənlərdir, dedim. Çünki, sözün həqiqi mənasında, uşaqlar valideyni, onlarla birlikdə yaşayan digər böyükləri təqlid edirlər. Başqa cür ola da bilməz, ona görə ki, uşağı bir ağ vərəq olaraq düşünürüksə, o vərəqə yazılanlar ancaq ətrafdakıların dəsti-xətti ilə mümkündür. O mənada ki, həmin vərəqdə böyüklərin tərbiyəsi əsasında mürəkkəb görünür və haqqında danışdığımız əsər də beləliklə yazılmağa başlayır.

Bəzən düşünürük ki, uşaq dünyaya gəldi, vəssalam, istəyi nədirsə, onu da etməliyik. İlk aylarından onun tərbiyəsinin əsasının qoyulması kimi dəyərləri unuduruq. Məsələn, ağladı-ağlamadı, onu saatlarla qucağımızda saxlayır, atır-tutur, necə deyərlər, sanki uşaqlığımıza qayıdır, onunla oyuncağımız kimi oynayırıq. Beləliklə, uşağın ilk ərköyünlüyünün təməlini qoymuş oluruq. Artıq biz onu yerə qoymaq, bir işin ardınca gertmək istəyəndə o, buna imkan vermir, başlayır ağlamağa. Çünki biz onu belə alışdırmışıq. Hələ üstəlik öz qoxumuza da öyrətmişik. Lakin bütün bunlar əksinə olmalıdır. Uşaq müəyyən saatlarda qucaqda saxlanılmalıdır ki, bunu bütün analar daha yaxşı bilirlər.

Bir neçə ay sonra isə uşaq artıq dərk etməyə başlayır, nələrsə istəyir. Biz nə edirik? Onun bütün istəklərini yerinə yetirməyə çalışırıq. Bu da iki səbəbdən baş verir. Ya onu sakitləşdirib səsinin çıxmamasına çalışırıq, ya da əzizləyərək bunları edirik. Hər iki nəticədə isə ərköyün uşağın təməlini qoyuruq.

Uşağın tərbiyə olunmasında çoxüzvlü ailələr daha diqqətli olmalıdırlar. Düşünəndə ki, nənə uşağa bir cür, baba bir cür, əmi, bibi bir cür yanaşır, onda bəli, diqqətli olmaq lazımdır. Çünki belə ailələrdə uşaq müxtəlif yanaşmalar arasında qalır, hamı alır, gətirir, onu əzizləyir, qucağına alır və uşaqsa bütün bunların əhatəsində sadəcə ərköyünləşir. Bu ərköyünlük isə onunla birlikdə böyüyür, amma heç də yaxşı nəticə vermir.

Ailənin kiçik və ya böyük olmasından asılı olmayaraq uşaq normal yanaşma şəraitində böyüyərsə, sonrakı nəticələr də ürəkaçan olar. Hər bir ailənin üzvləri uşağı ifrat dərəcədə əzizləmək əvəzinə, onun gələcəyini düşünərsə, cəmiyyətə daha gözəl-həm sağlam, həm də tərbiyəli övlad bəxş etmiş olarlar.

İfrata varmadan...

Bəli, uşağın ilk ayları ona bəlkə də ağlımıza gəlməyən yanaşmalar-əzizləmlər, bilsək ki, necə nəticələnək, bunu əvvəldən etmərik. Məsələn, ifrat dərəcədə qucaqda saxlamalar, əzizləmələr ərköyünlüyün təməlini qoyursa, bir az sonra alınan ifrat dərəcədə oyuncaqlar bu xüsusiyyətin inkişafına təkan verir. Bir də baxırsan ki, bir uşağın bir oyuncaqdan bəlkə 3-4-ü var. Həm israfçılığa, həm də uşağın ərköyünlüyünə səbəb olan bu oyuncaqların hər birini bir yaxını alıb gətirib. Uşaq da onu o tərəfə atır, bunu bu tərəfə atır. Baxdıqca düşünürsən ki, əgər bunlardan bir ədəd olsaydı, uşaq heç də belə hərəkət etməzdi. Onunla başını qatar, oynayardı. Deməli, biz özümüz düşünmədən uşağımızın ərköyünlüyünə şərait yaradır, sonra isə onun xarakterinə çevrilmiş xüsusiyyətlərə görə əziyyət çəkirik.

İllər ötür, biz isə yenə də fərqində olmadan uşağımızı ərköyün böyütməkdə davam edirik. Bir də baxırıq ki, onunla birlikdə mağazaya gedəndə nələrisə almağı bizdən tələb edir. Biz də sevə-sevə alırıq, yenə də düşünmürük ki, səhv edirik. Beləliklə, ərköyün bir uşaq böyüdürük evimizdə. Bir az sonra artıq həmin uşaq 3-4 yaşda olmasına baxmayaraq geyindirdiyimiz paltarlarla razılaşmır, öz seçdiyi paltarları geyindirməyi tələb edir. Bunu da ailədə deyib-gülməklə qarşılayırıq. Nənə bir tərəfdən, baba bir tərəfdən, əmi-bibi bir tərəfdən sevinir ki, uşağa bax, öz istəyini həyata keçirir. Onlardan biri bunu böyük xəta olaraq qəbul etmək istəmir ki, uşağın bu qədər ərköyünlüyü yolverilməzdir. Və onu düşünmək istəmirlər ki, bu gün güldürən uşaq sabah onları ağladacaq. Bu ərköyünlüklə böyüyərək sabah onlardan daha böyük nələrsə tələb edəcək və ya hansısa bir məsələdə öz qərarını verəcək, o qərarla hərəkət edəcək. Onda isə bu gün gülənlərin hər biri böyük narahatlıq hissi yaşayacaq. Uşağı, necə deyərlər, qarşılarına qoyub danlayacaq, düz yol göstərməyə çalışacaq, doğru hərəkət etmədiyini anladacaqlar. Yeri gələndə isə cəzalandıracaqlar da. Belə olanda ailədəki hər bir üzv tərbiyəçiyə çevriləcək. Lakin tərbiyə üçün nə qədər gec başladıqlarının necə, görəsən fərqində ola biləcəklərmi?

Bəli, biz böyüklərin səhv addımı uşağımızın səhv tərbiyəsinin təməlidir. Onun bu təməllər üzərində böyüməsinin əsasıdır. Uşaq böyüdükcə, həmin tərbiyə də, ərköyünlük də böyüyür, yeniyetmə olur, gəncləşir. Bax, bu zaman övladımıza verdiyimiz tərbiyənin bəhrəsini görürük. Lakin artıq gecdir. Çünki biz bu tərbiyəni onun canına-qanına hopdurmuşuq.

Bizim əsərimiz...

Verdiyimiz tərbiyə əsasında “bəhrəsini” gördüyümüz və çox narahatlıq keçirdiyimiz məsələlərdən biri də övladımızın bağça, məktəb yaşlarında, xüsusilə də yeniyetməlik, gənclik çağlarında sosiallaşma problemidir. Uşağımızın gələcək həyatında rast gəldiyimiz bu xüsusiyyəti bizim bütün həyatımızı alt-üst edir. Hansı ki, belə olacağını bir vaxtlar əsla düşünməmişdik.

Necə olur ki, uşaq sosial həyatda problemlərlə qarşılaşır, yaşıdları ilə bir araya gələ bilmir, təklik axtarır, özünə qapanır? Heç onun nə üçün bu vəziyyətə düşdüyünü düşünmüşükmü? Bunun da səbəbkarı biz valideynlərik.

Uşaq körpə olanda onun başını oyuncaqlarla qatırıq. Bir qədər böyüdükdən sonra televizoru açıb, onu da qoyuruq qarşısına ki, səsi çıxmasın. Gedirik öz işimizin ardınca. Saatlarla telefonlarda-sosial şəbəkələrdə gəzirik, serial izləyir, mətbəxdə işimizi görürük. Uşaqsa saatlarla danışmadan-dinmədən öz aləmində olur. Bu cür davranışımızı isə davam etdiririk. O, bir qədər böyüdükdən sonra telefonumuzu veririk əlinə. Daha sonra kompyuter qarşısında saatlarla əyləşməsinə, oyunlarla başını qatmasına göz yumuruq. Beləliklə, uşaqlarımız ünsiyyətsiz böyüyür. Biz valideynlər vaxt ayırıb onunla oynamırıq, müxtəlif toxunmalarla, söhbətlərlə yanında olmuruq. Uşaq da təkliyə öyrəşir.

Bağça yaşı çatanda baxırıq ki, o, uşaqlarla heç cür bir arada ola bilmir. Özünə qapılır, bir kənara çəkilir. Məktəbdə də belə olur. Düşünürük ki, keçib gedəcək, düzələcək. Lakin baxırıq ki, artıq o, universitetdə təhsil almağa başlayıb, lakin yenə də sosiallaşa bilmir, özünə qapanır, təkliyə çəkilir, sıxılır.

Əksər valideyn övladlarının bu proseslərdən keçməsinin səbəbini də anlamır. Düşünürlər ki, onlar utancaq xarakterlidir. Heç kimə qaynayıb-qovuşa bilmir. Onun bu xüsusiyyətini özləri üçün əsla problem hesab etmirlər və ümid edirlər ki, bu hal zamanla keçib gedəcək. Lakin bu hal heç də asanlıqla keçmir. Və bu cür uşaq, yeniyetmə, gənclər olduqca böyük əziyyət çəkirlər. Yaşıdları tərəfindən qınanırlar. Onlarla birlikdə ola bilmədikləri üçün müxtəlif problemlərlə qarşılaşırlar. Bütün bunlar isə zaman-zaman onların özlərinə qapanması prosesini artırır, cəmiyyətdən kənarlaşdırır. Bu cür insanlar nə qədər savadlı olsalar da, cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Kollektivdə seçilir, heç də xoş olmayan xüsusiyyətləri ilə çoxları tərəfindən sevilmirlər.

Biz valideynlər isə onu bu utancaqlığı üçün danlayırıq. Bir az qaynayıb-qarışmasını tövsiyə edirik. Lakin əsla özümüzü günahkar sanmırıq ki, bax budur, bu, bizim əsərimizdir...

Uşaqlara öyrətdiyimiz söyüşlər çox halda özümüzə qaytarılır

Səhv tərbiyə metodundan biri, həm də ən dəhşətlisi uşaqlara söyüş öyrətməkdir. Öyrədirik, həm də bununla o qədər fəxr edirik ki, kənardan necə gülünc doğurduğunu görə bilmirik. Bu tərbiyə metodunda deyərdim ki, valideynlərdən çox baba, əmi-dayıların rolu olur. Guya ki, uşağı çox istəyirlər, dil-açar-açmaz başlayırlar ona söyüş öyrətməyə. Həm də çox ağır söyüşlər. Evdə qonaq olanda və yaxud uşaqla birlikdə dost-tanışla görüşməyə gedəndə onu vadar edirlər ki, həmin söyüşlərdən söyləsin. Uşaq da utananda və yaxud çəkinəndə müxtəlif hədiyyələr alacaqlarını vəd etməklə onun ağzından həmin söyüşlərin çıxmasına nail olurlar. Hədiyyəsini alan uşaqda isə artıq ikinci bir xüsusiyyət də formalaşmağa başlayır: hədiyyə, rüşvət almaqla öz iradəsi əleyhinə iş görmək.

Düşünəndə ki, bunlar övladlarımızın gələcəyi üçün nə qədər təhlükəlidir, vallah, bu gündən dəsmal götürüb ağlamaq lazımdır. Lakin biz bəzən düşünmədən, bəzən qayın-qardaşımıza hörmətsizlik olar deyə, bəzən qayınana-qayınata qınağından uzaqda qalmaq üçün susuruq. Bilə-bilə ki, bunun gələcəyi heç də yaxşı olmayacaq, susuruq. Lakin ətrafdakı çoxsaylı yaxınlarımızın heç biri bu barədə düşünmür. Düşünmür ki, biz bu uşağı cəmiyyət üçün şəxsiyyət kimi böyütmürük, öz istəyimizin təqlidçisi olaraq böyüdürük. Ona oyuncaq, şirniyyat almaqla, pul verməklə öz iradəmizdən asılı edirik. Ağzını söyüşə öyrədirik.

İllər ötür, övladımız bağçaya, məktəbə gedəndə artıq dünən söydürüb güldüyümüz, uğunduğumuz uşaqlar bizim üçün problemə çevrilirlər. Hər gün onların söyüşlərinə görə müəllimlərdən giley gəlir. Biz də, filankəs, söyüş söymək olmaz ha, səni bağçadan, məktəbdən qovarlar, deyib onu qorxuduruq. Uşaqda yeni bir səhv tərbiyə növünü-qorxu hissini formalaşdırmağa başlayırıq. Beləliklə, uşağımız olur söyüşkən, hədiyyələrə boyun əyən və qorxaq.

Budur, bizim səhvlərimizin qurbanı olan uşaqlar. Sonra da böyüyüb kiminləsə bir sözü olarkən onu söyüb biabır edəndə, hətta bu söyüşləri bacı-qardaşına, ata-anasına qaytaranda onu günahkar sanırıq. Başlayırıq tərbiyəsinə görə ona nifrət etməyə. “Sən niyə belə oldun, niyə bizim başımızı aşağı edirsən, adam da valideynə söyüş söyər?”,- deyir, onu qınayırıq ki, qınayırıq.

Ötən günləri xatırlamırıq ki, axı bu uşağı biz bu günə qoymuşuq. Onun söyüş söyməsində də, hədiyyə, pul qarşılığında düşdüyü çıxılmaz yollarda da, qorxaqlıq edib yalan danışmasında da özümüz günahkarıq. Bir zamanlar söydürüb gülüb-şənləndiyimiz uşaqlar indi bir tikə çörəyimizi zəhərə çevirən olur. Düzgün tərbiyə verə bilmədiyimiz övladlarımız narahat həyatımızın səbəbkarı olur.

Bugünkü tərbiyə, sabahkı bəhrə...

Bəli, bayaqdan bəri sadaladıqlarımın fonunda yekdil bir qənaətə gəlmək olur ki, bugünkü tərbiyə sabah öz bəhrəsini verəcəkdir. Nə əkərsən, onu da biçərsən, nə tökərsən aşına, o da çıxar qaşığına misalları kimi. Odur ki, uşaqları bir toxum, bir ting, bir gül fidanı kimi təsəvvür edək. Düşünək ki, o toxumu münbit torpağa əkməklə, yaxşı məhsul əldə edə bilərik. Uşağımızı bir ting bilək. O tingi əlverişli bir mühitdə böyüdə, bar üstündə olan ağaca çevirə bilərik. Uşağımızı bir gül fidanı zənn edək, düşünək ki, o fidana necə baxsan, eləcə görünüş ilə qarşılaşacaqsan. Ya həmin gül kolu gündən-günə gözəlləşəcək, ətrafa gözəl rayihə saçacaq, ya da ki, quruyub məhv olacaq, varlığından əsər-əlamət qalmayacaq.

Tərbiyə də bir zəhmət növüdür. Sonda nəticəsi olan zəhmət növü. Zəhmətimizin hədər getməməsi üçün illərlə çalışırıq. Yuxarıda da vurğuladığım kimi, bir ağac tingini, gül fidanını torpağa əkməklə, toxumu torpağa səpməklə onun nəticələrini səbirsizliklə gözləyirik. Lakin gəlin görək, o ting, o toxum su içməzsə, müxtəlif aqrar qayğılarla əhatə olunmazsa, bizim gözlədiyimiz nəticəni verə bilərmi? Əsla yox. İnsan da təbiətin bir parçasıdır. Bu canlılar oxşar xüsusiyyətlərə malikdirlər. Sən onunla necə davranırsansa, o da səninlə elə davranır. Əlimizin boş qalmaması, zəhmətimizin hədər getməməsi, illərimizin boş yerə xərclənməməsi naminə, ey insanlar, gəlin doğrunu, düzgünü səhvlərimizə qurban verməyək. Yoxsa çox əziyyət çəkməli olacağıq. Övladlarımıza elə tərbiyə verək ki, bəhrəsini dadanda zəhər tamında olmasın...

Mətanət Məmmədova

Digər xəbərlər