Sosial

  • 1 199

Meymunçiçəyi təhlükəsi TƏHLİL

image

Azərbaycanda infeksiyaya qarşı qabaqlayıcı tədbirlər görülür

Dünya, eləcə də ölkəmiz COVİD-19 pandemiyası ilə birgə yaşadı və bu virusun nə qədər təhlükəli olduğunun şahidi olduq. Qısa müddətdə dünyamızı bürüyən, milyonlarla insanın ağır virusa yoluxmasına, insanın acı ölümünə səbəb olan COVİD-19 pandemiyasının nəticələri ölkələrin ağır iqtisadi, sosial böhranlarla üzləşməsinə səbəb oldu. Bu bəladan dünyanın bütün dövlətləri həm maddi, həm də, mənəvi böyük xəsarətlər aldılar. Dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətlərin belə bu virusun qarşısında gücsüz olduqları məlum oldu. Çindən başlanan virus infeksiyası sanki işıq sürəti ilə tez bir zamanda dünya ölkələrinə yayıldı və insanların gizli düşməninə çevrildi. Virusun təhlükəli olduğunu nəzərə alan dövlətimiz tərəfindən tez bir zamanda COVİD 19-la mübarizə məqsədi ilə tədbirlər görüldü. Yoluxma halının qarşısının alınması məqsədi ilə görülən işlər, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi, qapanmalar və bu kimi qərarların qəbul edilməsi virusun yayılmasının qarşısının alınmasına qarşı istiqamətləndi. Qısa zamanda modul xəstəxanaların istifadəyə verilməsi, "Yeni klinika"nın açılışı və s. dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər görülən işlər sırasındadır. Bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında Azərbaycanın adının yer alması həyata keçirilən tədbirlərin məntiqi nəticəsi idi.

Ölkəmizdə əhalinin sağlamlığının qorunması Azərbaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altındadır. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunurdu. Ölkəmizdə COVID -19 xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərirdi. Xəstəxanaların 41-i son illər ərzində inşa edilmişdir. "Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik", - deyə Azərbaycan Prezidenti İlham Əliyev pandemiyanın ölkəmizə ayaq açdığı bir zamanda çıxışında bildirmişdir. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərdi və sübut etdi ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər davamlı şəkildə həyata keçirilir. Dövlət başçısı çıxışında bildirdiyi kimi, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır: "Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır."

"AĞRI VƏ İZTİRABLAR SƏRHƏD TANIMIR"

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan öz daxilində pandemiyaya qarşı öz iradəsini qoymaqla yanaşı, ilk dövrdən öz humanitar təşəbbüsləri ilə seçilən dövlətlərdən birinə çevrildi. Bu istiqamətdə Azərbaycanın beynəlxalq əməkdaşlığın pozitiv nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar dəyərində könüllü ianələr ayırdı. Azərbaycanın belə böhranlı şəraitdə yardım alan dövlət deyil, məhz yardım edən dövlət rolunu oynaması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və məntiqi ardıcıllıqla verilən qərarların önəmini əsaslı şəkildə sübut etmiş oldu.

Pandemiyanın ilk günlərindən ölkə rəhbəri Cənab İlham Əliyevin çevik qərarları və tapşırıqları ilə bu bəlanın ilkin mərhələsindən müsbət nəticələr əldə etdik. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın "İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır", - fikirləri bir daha xalqı həmrəyliyə səslədi.

Azərbaycan COVİD-19-la mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan dövlətlərdən biri kimi müxtəlif platformalar vasitəsilə dövlətləri bu birliyə səslədi. Dövlət başçısı beynəlxalq miqyasda pandemiya ilə mübarizədə çoxsaylı ikili videokonfrans formatında görüşlər keçirdi, dünya dövlətlərini ortaq düşmənlə mübarizədə vahidlik, birlik nümayiş etdirməyə çağırdı. Türk Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü və görüşdə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan hər zaman dünyanı sülhə, ədalətə çağırdığı kimi, bu məsələdə də mövqeyini ortaya qoymuşdur. Bildiyimiz kimi, peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək, BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürdü. "Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir", - deyən dövlət başçısı İlham Əliyev bildirmişdi ki, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğururdu. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilmişdi. Qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulmuşdu. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVİD-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanırdı. Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisidir.

AZƏRBAYCAN DÜNYA ÖLKƏLƏRİ İLƏ MÜQAYİSƏDƏ AZ İTKİ VERDİ

Ümumdünya Səhiyyə Təşkilatı "COVİD-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də təbii ki, ölkəmizdə reallaşan tədbirlərin təzahürü idi. Əlbəttə ki, ölkəmizdə vəziyyət daim nəzarətdə saxlanııldı. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda "COVİD-19"-la mübarizə istiqamətində görülən tədbirlər sırasında əhalinin vaksinasiyası da uğurla reallaşdı. Azalma sayı müşahidə olunduğu zamanda belə insanlar yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunurdu. Vətən müharibəsində Azərbaycan Zəfər qazandı və 3000 (üç min) şəhid verdi. Amma pandemiya dövründə Azərbaycanda 10000 (on minə) yaxın insan vəfat etdi. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olundu. Vaksinasiya başlanılan ilk günlərdə tərəddüd edənlər sonralar artıq bunun nə qədər vacib olduğunu anlamış oldular. Bir daha əvvəlki günlərimizə qayıtmaq üçün məsuliyyətli oldular və gizli düşmənə qalib gəldik. Bildiyimiz kimi, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanıldı. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdən birində qərarlaşdı.

EPİDEMİOLOJİ DURUM SABİTDİR

Bu gün isə dünya meymunçiçəyi virusundan narahatlıq keçirir. Meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoonozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir.

Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.

Mütəxəssislərin qənaətinə görə, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə keçir. Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla keçir. Xəstəliyin insandan insana, ilk növbədə, iri respirator damcılarla keçdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Xəstəliyin gizli dövrü adətən 5-21 gün olduğu hesablanıb. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Risk qrupları arasında azyaşlı uşaqlar, hamilə qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. Meymunçiçəyi ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədləri üçün istifadə edilən meymunlarda aşkar edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq bir uşaqda görülən virus "insanlardakı ilk meymunçiçəyi diaqnozu" olaraq qeydə alınıb. Həmin dövrdə virusun yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdudlaşırdı. Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, Afrikanın 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkar edilib. Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d'İvuar, Qana və Liberiyadır. Afrika CDC 13 Afrika ölkəsində yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğunu açıqlayıb. Virus səbəbindən qeydə alınan ölümlərin 97 faizi Konqo Demokratik Respublikasında baş verib. Meymunçiçəyi Afrika qitəsindən kənarda üç ölkədə görülüb. İlk dəfə 2024-cü ildə İsveç, Avstraliya və Pakistanda aşkarlanan meymunçiçəyi virusuna bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halının olduğu bildirilib.

Ölkəmizin COVİD-19 pandemiyası ilə mübarizədə nəticələri bizə deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti birlik nümayiş etdirərək, fədakarlıqla anlayış, hörmət, güvən, sevgi çərçivəsində çox mükəmməl və peşəkarlıqla vəziyyəti idarə edə bildi. Əminliklə deyə bilərik ki, bu gün də istənilən virusa qarşı "Biz birlikdə güclüyük!" şüarı ilə qalib gələcəyik.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər