PDF Oxu

Sosial

  • 2 949

Avropa Dilləri Günündə düşüncələr...

image

26 sentyabr - Avropa Dilləri Günüdür. Günün məqsədi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır.

Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox yayılmış dillər - rus, alman, türk, ingilis, fransız, italyan dilləridir.

Kim istəməz ki, öz ana dilindən başqa bir neçə xarici dil də bilsin. Hər kəs istəyər. Elə ölkəmizdə də bütün orta və ali məktəblərdə şagird və tələbələrə xarici dillər öyrədilir. Bu da çox əla.

Lakin düşünürəm ki, hər kəs ən birinci öz ana dilini mükəmməl bilməli, onun qanunauyğunluqlarına riayət etməli, bundan sonra yeni bir dil öyrənməlidir. Çox təəssüf ki, bu gün gənclər arasında elələri var ki, Avropa dillərini ana dilindən gözəl bilir və onun qayda-qanununa ana dilindən çox riayət edir.

Ana dilimizin bugünkü vəziyyəti heç də ürəkaçan deyil. Dilimiz təhlükə qarşısındadır. Kim nə istəyirsə, onu bu dilin üzərində sınaqdan keçirir. Lüğətlər tez-tez dəyişilir, qrammatikanın başına gündə bir oyun açılır, başbilənlər var ki, sanki yarışa giriblər, bu söz belə deyil, belə yazılır, sən düz bilmirsən, mən bilirəm. Təəssüf doğuran hal isə odur ki, hər kəs öz bildiyini dərsliklərə də tətbiq edir və nəticədə dilimizə zərbə-zərbə arxasınca dəyir.

Bu gün sosial şəbəkələrdə ana dilimizə sitəm edən gənclərlə tez-tez rastlaşırıq. Yazışmalarında sözləri ixtisar edən, “salam”ı “slm”, “təşəkkür”ü “twk”, “universitet”i “uni”, edən, hələ bu bir yana, Azərbaycan dilində sözləri ingilis əlifbası ilə yazan, məsələn, “Şəhla”nı “Shahla”, “sou”nu “show”, “şəhər”i “sher”, “baş”ı “baw”, qarışıb”ı qarwb”, “axşam”ı “axwam” kimi ifadə edirlər.

Dərd tək bu olsa, deyərsən, yarıdır. Bəzi müasir gənclərimiz insan, şəhər, kənd, yazıçı, müəllimlərinin adlarını kiçik hərflə yazırlar. Demirəm ki, bunların böyük hərflə yazıldığını bilmirlər, bilənlər var, lakin yazı qabiliyyəti itib onlarda.

“Ə” hərfimiz gedib, yerinə “e” gəlib. Görəsən səbəb nədir? Səbəblərdən əsas birini məktəblərdə inşa, imla, ifadə yazılarının azalmasında görmək olar. Bu, uşaqların yazı qabiliyyətini itirməsidir. Digər səbəblər isə məsuliyyətsizlik, tələskənlik, hörmətsizlikdir. Həm özünə, həm də qarşıdakına...

Bəzən düşünürəm ki, bir günlük bu telefonlar yığışdırılsa və yaxud internet dayansa, bu yeniyetmə-gənclərimiz görəsən əllərinə qələm alıb bir normal məktub yaza bilərlər? Heç inana bilmirəm. Yazarlar, lakin onu bizlər oxuya bilmərik. Hərfləyə-hərfləyə qalarıq, deyərik, Allah, görəsən bunlar nə demək istəyib. Necə ki, hazırda həmin o gənclərin yazdıqları məktubları anlamaqda çətinlik çəkirik.

Hələ bunları da qoyaq bir kənara. Bu dilin günahı nədir? Zamanla rus dilini, sonra türk dilini qatmışıq dilimizə, indi də yarı rus, yarı türk, ingilisin də əlifbasından hərflər qatıb qarışıq bir dil düzəltmişik.

Küçədə, ictimai nəqliyyatda elə hey həm gənclərin, həm də orta yaşlı insanların türk sözlərindən istifadəsini görürsən. Adama bəzən elə gəlir ki, Azərbaycanda deyil, Türkiyədə yaşayır. Hətta buna televiziya və radio kanallarımızda aparıcıların, qonaqların danışığında da rast gəlirsən və düşünə-düşünə qalırsan ki, təbliğat-təşviqat mərkəzi olan televiziya və radioda da ana dilinə yamaq vurarlar?..

Yaxşı, bəs bu qayda, dilə bu cür yanaşma ilə hara gedirik? Nə vaxta qədər olacaq bu yolçuluq? Bizə bu yolda bir “dayan, düşün, nə edirsən”,- deyən olacaqmı? Olur, bəzən çox olur, lakin qulaqlar karlaşıb ta. Kim nə bilir, onu da edir.

Di gəl, rus və ingilis dilinə verdiyimiz üstünlüyə bax. Bu dilləri öyrənmək üçün hazırlıqlara, kurslara getməyimizdən danışaq. Haqsız da deyilik. Çünki bu dillərdən birini bilməyənə indiki dövrdə lazımi yer yoxdur. Hətta bu dillərdən biri ali məktəblərə, hətta magistraturaya qəbul imtahanlarına da salınıb. Bilmirsənsə, ali təhsil müəssisəsinə daxil ola bilmir, kənarda qalırsan, ha ana dilini gözəl bil.

Bilək, öyrənək, dil bilməyin nəyi pisdir ki, lakin o halda öyrənək ki, ana dilini mükəmməl bildikdən, ona sayğı, ilə yanaşdıqdan sonra.

Avropa Dilləri Günündə ana dilimizlə bağlı düşüncələrə dalmaya bilmədim. Çünki bu, bizim yaralı yerimizdir. Bu yaraların artıq üstü açılıb, qan süzür. Ona məlhəm qoyub bağlamağa, sağaltmağa çalışaq.

Mətanət Məmmədova

Digər xəbərlər