Dünən Milli Məclisdə cərimələrin artırılmasının təsdiq olunması bir vətəndaş kimi ürəyimcə oldu. Xüsusilə də siqaret kötükləri və məişət tullantıları ilə bağlı cərimələr.
Bu, bir faktdır ki, bəzən cəmiyyətdə elə hallarla qarşılaşmaq olur ki, yüksək məbləğdə cərimə tətbiqi ilə onu qısa zaman kəsiyində aradan qaldırmaq olur. Ya mədəni olub çəkdiyin siqaretin kötüyünü yerə atmayacaqsan, ya da mədəniyyətsizlik nümayiş etdirib yüksək məbləğdə cərimə ödəyəcəksən. Və yaxud da ya mədəni olub küçənin ortasında yediyin yeməyin kağızını, içdiyin suyun qabını hara gəldi atmayacaq, məişət tullantısı qutusu axtaracaq, ya da onları yerə atıb cərimə ödəməli olacaqsan.
İllərdir, mətbuat nümayəndəsi olaraq daim bu məsələlərin hər ikisini gündəmdə saxlayıb, ciddi iradlarla çıxış etmişəm. Harada gəldi siqaret çəkib tüstüsünü insanlara verənlər, üstəgəl onun kötüyünü də yerə atıb natəmizlik yaradanda, bu mənzərə onu seyr edənlərin hər biri üçün ürəkbulandırıcı olur. Hələ maşınlardan yollara səpələnən siqaret kötüklərini demirəm. Dayanacaqlarda ağacların dibinə, parklarda oturacaqların yan-yörəsinə atılanları, küçədə getdiyin yerdə siqareti bitirib kötüyünü qarşına atanları demirəm. Yəni, tək-tük adam tapılar ki, siqaret kötüyünü atmaq üçün tullantı yeri axtarsın. Bəzi insanlarda uzun illərdən bəri belə bir təəssürat formalaşıb ki, siqaret kötüyü məhz yerə atılmalıdır. Bunun cəriməsi isə 50 manat olub. Görünür, bu cəriməyə cəlb olunanların sayı az olduğundan kötükləri yerə atmaq da adiləşib.
Dəfələrlə su butulkasının guppultu ilə yerə çırpanlarla, peçenye, dondurma kağızlarını, hələ üstəlik bunların yığıldığı sellofan torbaları gözümüz qarşısında küçənin ortasına atanlarla rastlaşmışıq. Gəl, onlara bir kəlmə söz de, gör sənə necə mədəniyyət dərsi verəcək. Veriblər də. “Yaxşı edirəm, sənə nə” deyənlər də dəfələrlə olub, sadəcə göz süzdürənlər də.
Belələrinə üz tutub deyirəm, buyurun, cərimələr sizi gözləyir. Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq. Yaxşı olar ki, siqaret çəkib kötüyünü küçəyə atmağa alışanlar cibinə yaxşı pul qoyub evdən çıxsın. Bunu edə bilməsə, yəni, çəkdiyi siqareti zorla alırsa, onda gərəkdir ki, özünü bir qədər mədəniyyətə kökləsin. Siqareti almaqda çətinliyi olmayanlar, sürdükləri bahalı maşınlardan kötükləri xüsusi bir əda ilə bayıra tullayanlar üçün də yeni məbləği vermək asan olmayacaq. Çünki 300 manat heç də az pul deyil. Təbii ki, dəqiqəbaşı siqaret çəkənlərin qarşısında. Yox, əgər pul ciblərini yandırırsa, onlara ağırlıq edirsə, atsınlar kötükləri yerə, versinlər 300 manat cərimə.
Hələ cərimələrin bu qədər artırılmasından utanmazcasına giley edənlər də var. Fikiləşmirlər ki, tullantını atmayaq, qaydaları pozmayaq, cərimə də verməyək. Etiraz edirlər ki, nə üçün cərimələr bu məbləğə qaldırılıb. Çünki özlərinin düzələcəyinə əmin deyillər.
Düşünürəm ki, iyrənc tüpürcəklə qarşılaşmayan insan yoxdur. Səhər-axşam adamın yediyini burnundan gətirən, mədəniyyətsizliyin ən böyük göstəricisi olan tüpürcək də cərimələr siyahısına daxil olunmalıdır. Hələ bunu görmək bir yana, yanından ötərkən içini var gücü ilə arıtlayıb qadın, kişi bilmədən tüpürən mərifətsizlər də var.
Vallah, bilmirsən sənə “başıaşağı ol” tövsiyəsini edən valideynlərə nə deyəsən. Deyəsən ki, kişilərin iyrənc tüpürcəyini görmək üçünmü belə tövsiyə edirdiniz?
Təklif edirəm ki, tüpürməyə görə də cərimə tətbiq olunsun. Bu, bütün cərimələrdən vacibdir. Və bu cərimənin məbləği bütün cərimələrdən yüksək olsun. Bəlkə belə olarsa, tüpürməyə meylli insanlarda mədəniyyətə də meyl yaranar.
Mətanət Məmmədova