PDF Oxu

Sosial

  • 1 975

Dinləyin bu uşağı, sizə sözü var...!

image

Mən kimin günahkar olduğunu anlayanda artıq çox gec olacaq. Elə sizin üçün də gec olacaq. Çünki o zaman illərlə xəstəxanalara aparıb-gətirdiyiniz və səhətində heç bir müsbət nəticəni görmədiyiniz övladınız olan mən yetkinlik yaşımda olacağam. İllərlə mənim sağalmağım yolunda çəkdiyiniz əziyyətin, xərcin hədər olduğunu anlayacaqsınız. Mən uşaqkən sağalacağıma hər gün ümid etdiyiniz halda, yeniyetmə yaşıma çatanda qüsurlu halımdan utanıb, xəcalət çəkəcəksiniz.

Onda mənim işləməyən ayaqlarım, zəif görən gözlərim, yaxud normal olmayan beynim, qanımdakı müxtəlif problemlər sanki “dil” açıb sizə deyəcək: niyə evləndiniz? Sizi evlənməyə kim təhrik etdi? Dünyanın müasirliyindən, səhiyyənin inkişafından, mətbuatın bu qədər maarifləndirməsindən bixəbər olan ata-analarınızmı? Onlar “biz kənara qız verməmişik, bu adət-ənənələrimizi də davam etdirməliyik”,- dedilərmi? Əmi-bibi qızının əmi, bibi oğluyla, dayı-xala qızının dayı, xala oğluyla evlənməsi heç məntiqlə düzgün deyil axı? Onlar bir-birinə bacı-qardaş sayılmırlarmı? Yaxşı, bunları bilməyənlər sizi evləndirərkən siz necə, heç bu izdivaca qarşı çıxdınızmı?

Ana, ata, axı siz ikiniz də ali təhsillisiniz. Dünyagörüşü, ali təhsili olmayanlar bu izdivac üçün bir günah daşıyırlarsa, siz iki günah daşıyırsınız. Axı siz qan qohumluğunun mənfi nəticələri barədə bilməmiş olmazdınız. Nə üçün onlara qarşı çıxmadınız? Buna gücünüzmü çatmadı? Nənə-babanıza, valideynlərinizə qarşı çıxa bilmədinizmi? Düzdür, böyüklərə hörmət hər kəsin borcudur. Amma o böyüklər ki, sənə düzgün yol göstərmirlər, onların sözündən çıxmağınızı Allah sizə günah saymazdı.

İndi heç mənim halımdan utanırsınızmı? Məni evdə qoyub qohumlarınızın, qonşularınızın toy ziyafətinə, ad gününə gedərkən nələr çəkdiyimi hiss edirsinizmi? Məni özünüzə yaraşdırmırsınız, hə? Axı məni dünyaya siz gətirmisiniz. Özü də bilərək ki, mən belə doğulacağam: qüsurlu. Sizi evlənməyə təhrik edən babam-nənəm haradadırlar? Onlar sizin üzünüzə baxa bilirlərmi? Mənim bu halımı hər dəfə görərkən hansı hissləri keçirirlər? Nə üçün məni gəzintiyə çıxaranda elə utanırlar. Nə üçün mənim gələcəyimdən söz düşəndə gizli-gizli ağlayırlar? Bunu əvvəldən düşünmək olmazdımı?

Nə üçün mən düzgün olmayan addımlarımla yaşıdlarım arasında xəcalət çəkməliydim? Nə üçün mənim qüsurlu gözlərim kiminsə mənə acımasına səbəb olmalıydı? Qanımdakı problemlərin ömrümə hansısa bir andaca son qoyacağını bilirsinizmi? Ölməsəm, qalsam, kimə lazımam? Məgər mən başqaları kimi məktəbdə müəllim dediklərini normal şəkildə anlayırammı? Məgər mənim əlaçı olmaq üçün yetərincə sağlam orqanizmim varmı?

Axı mən həkim olmaq istərdim. Sizin kimilərlə mübarizə aparıb gələcək nəslin sağlamlığının qeydinə qalmaq üçün. Mən müəllim olmaq istərdim. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün. Mən də sevib, sevilmək istərdim, ailə qurub, sağlam övladlar sahibi olmaq üçün. Amma bunların hamısı bir arada mümkünmü? Mən həkim, müəllim ola bilsəm belə, sağlam ola bilməyəcəyəm. Ailə qura bilsəm belə, ya övladım olmayacaq, ya da özüm kimi qüsurlu olacaq.

Siz heç övladınızın müvəffəqiyyəti barədə düşünmüsünüzmü? Onu məktəbə-birinci sinfə göndərərkən fərəh hissi keçirmisinizmi? Arxadan baxıb, “boyuna qurban”, demisinizmi? Yoxsa illərlə başınız xəstə övladınızın müalicəsinə qarışıb? Onun ali məktəbə daxil olmasını necə, təsəvvürlərinizdə canlandırıb, bu sevinci xəyallarda da olsa, yaşamısınızmı? Övlad toyu-qız köçürmə, oğul evləndirmə, gəlin gətirmə barədə neçə, xəyal qurmusunuzmu? Bəs qucağınıza nəvə almaq barədə necə, heç fikirləşmisinizmi? Siz də mənim kimi başqalarından, görün, neçə seçilirsiniz. Bunların hər biri haqqında fikirləşdiyinizi bilirəm. Bütün bunlar sizin ən ümdə arzularınızdır. Lakin artıq gecdir. Baxın, siz səhv addımınızla nə qədər günahlara səbəbsiniz? Həm özünüzə, həm də mənə günah etmisiniz.

Kimdir günahkar? Qan qohumlarının izdivacına razılıq verib, gəncləri buna təhrik edib, sonradan əzab, xəcalət çəkənlər. Kimdir günahkar? Gəlin onu ittiham edək. İttiham edək ki, başqalarına da dərs olsun. Qan qohumluğuna razılıq verənlər mənim kimiləri görüb utansınlar. Mənim kimilərin arzularını ürəklərində qoyduqları üçün xəcalət çəksinlər. Övladlarının qüsurlu övladlarını görəndə günahkar olduqlarını dərk etsinlər. Gözlərini açıb müasir dünyaya yaxşı-yaxşı baxıb, radio-televiziyanın, qəzet və jurnalların qan qohumluğu ilə bağlı “bar-bar bağıran” verilişlərini dinləsinlər, yazılarını oxusunlar. Qan qohumluğuna, yox, desinlər. Bunun gələcək nəsillərin inkişafına, sağlamlığına mənfi təsiri olduğunu dərk etsinlər.

Unutmayın, insanlar! Bu gün övldınız mənim kimi xəstə doğulmayıbsa, sabah onu övladı doğulacaq.

Mətanət Məmmədova

Digər xəbərlər