PDF Oxu

Sosial

  • 1 542

Bir payız tablosu qarşısında

image

Bu, cansız bir tablo deyil, evlərimizin divarından da asılmayıb. Onunla hər gün yüzlərlə insanın keçdiyi şəhərimizin küçə, meydanlarında, park və xiyabanlarında qarşılaşırıq. Bu tablonun “müəllifi” iki aydan artıqdır, yayın geri çəkilib, yerini öz “əlləri” ilə təhvil verdiyi payızdır. Budur, ağacların ağ saçlara dən düşmüş kimi yaşıldan sarıya çönən yarpaqları hələ də özünü payızın solğun günəşinə təslim etməyib yaşıllığını saxlayan otların üstündə qəribə bir harmoniya yaradıb. Bir azdan xəfif bir külək əsir – payız küləyi. Xəzəl ömrü yaşayan yarparların havada bir rəqsinə bax? Bu külək payızın hələ tam hakim kəsilmədiyi ağaclardan yalnız özünə məxsus olan sarı yarpaqları qoparıb alır qarşısına.

Küçələrdə, səkilərdə bir-biri ilə sanki “qovala-qaç” oynayır yarpaqlar, biri qaçır, o birilər düşür onun ardınca. Nəhayət, toplaşırlar özlərinə sığınacaq sandıqları bir divarın dibinə, bir ağacın altına. Bu dəfə artıq külək yarpaqları yerindən qopara bilmir, lakin onun təsirindən adamın qulağında bir-birinə toxunan xəzəllərin “xışıltı” adlı nəğməsi səslənir. Gözlərin önündə, həqiqətən də, baxmaqla doyulmayan bir tablo var – payız tablosu. Səhərdən bəri şəhərimizdəki parklardan birində qarşısında dayandığım bu canlı tablonu daha bir qədər də seyr etmək üçün skamyalardan birində əyləşirəm.

Bir-birini əvəz edən mənzərələr məni xəyalən iki il əvvələ aparır- 44 günlük o payıza- Qarabağda Zəfər qazandığımız o payıza… 30 il Qarabağa kabus kimi çökən, baharın gəlməsini əngəlləyən o payıza… İşğal altında olan baharsız torpaqlarımızın payızına… Axı bu torpaqlar qovmuşdular baharı da, yayı da. Onlar bir qışla, bir də ki, payızla qəm ortağı, kədər yoldaşı olmuşdular. Azad olunanadək günəşsiz qalacaqlarına, baharın allı-güllü yaylığını başlarına salmayacaqlarına söz vermişdilər. Beləliklə də bu torpaqlara bir payız, bir də qış hakim olmuşdu. Günəşsiz payız, soyuq, sazaq, saralmış yarpaqlar, bir də ağappaq qar…

Qarabağ doğmasının ayaqlarını sinəsində duyanda baharı çağıracaqdı, çəməninə-düzünə al-əlvan güllərini səpələyəcəkdi. Başından qara örpəyini çıxarıb, al rənglisini taxacaqdı.

2020-nin 44 günü- 44 günlük payızı, 30 illik bu yurdlara hakim payız özü öz əllərilə gətirdi baharı bu ellərə. Bir qərinəyə yaxın hökmranlığım ta bəsdi, dedi. Çəkildi bir kənara, yerini verdi o soyuqda, o sazaqda allı-güllü bahara. Minlərlə oğlumuzun-igid, qəhrəman övladlarımızın gəlişi ilə Qarabağa günəş doğdu. Torpaq, yurd-yuva, el-oba üçün axan qanlar çəmənlərin-düzlərin al-əlvan güllərinə, çiçəyinə döndü. Üçrəngli bayrağımız azad edilən yurdların başı üstündə dalğalandıqca, bu ellərə nəfəs gəldi, yaşamaq həvəsi gəldi.

Payız payızlığını göstərdi. Xəzəli ilə bircə anlıq yuxusunda əsgərimin başının altına yastıq, üstünə yorğan oldu. Özünü tutdu saxladı, yağışların çox yağdırmadı. Palçıq olar, əsgərimə əsgəl olar deyə… Əksinə bir kənara çəkilərək baharı səslədi. Lakin bahar vaxtı olmadığından əsgərim üşüdü də, dondu da, lakin bir addım da çəkilmədi. Ruhundakı baharla-günəşlə payızı-onun sazağını dəf etdi. İrəliyə-irəliyə gedərək torpaqları yağıdan bir-bir azad etdi.

Payız ana oldu 44 gündə- Payız ana. Torpaq üçün canlarından keçərək şəhid olan övladları anasından əvvəl payız aldı qucağına. Oxşadı, öpdü üz-gözündən, göz yaşını leysan edib axıtdı üzlərinə. Minlərlə şəhidimə bayatı qoşdu, minlərlə qazimi qoynuna aldı, gizlətdi, ölməyə qoymadı.

Payız fəsillər fəsli oldu 44 gündə. 30 ilin işğalının sonu oldu Qarabağda. Elə o ildən də payız fəsillərin tacı oldu. Şəhidimizin şahidi kimi, Zəfərimizin də şahidi oldu.

Küçələrlə heç bir maneə rəqslərinə, qaçışmalarına xələl gətirməyən yarpaqların xışıltısı, bir də toran vaxtı olduğu üçün küçə işıqlarının bərq vurması ilə xəyallardan ayrılır, ətrafa nəzər salıram. Daha valehedici mənzərələrlə qarşılaşıram: işıq şüaları üzərinə düşən yarpaqların parıltısı, qızılı-sarı yarpaqların skamyaların üzərindəki gözəl xalı görüntüsü, yanımdan dəstə-dəstə ötən insanların payızın xoş mənzərələrini bir-birilərinə göstərərək onu körpə bir uşaq kimi oxşamaları... Bir qədər aralıda qoca, cavan, uşaq-bir xeyli adamın bu təmiz havanı ciyərlərinə çəkmək üçün gəzişdikləri və addımların xəzəlin yeni bir “nəğməsini” yaratdığını..

Qalxıram… Sıx ağacların cərgəsi önündə addımlayıram. Payızın bir yeni nəğməsini dinləyə-dinləyə addımlayıram. Bu nəğmə payızın qürur nəğməsidir. Payız fəxr edir Qarabağ qələbəsi ilə, o qələbəyə şahidlik etməsi ilə. O qələbənin onun qoynunda qazanılması ilə… Dinlədiyim nəğmədə bütün bunlar həzin-həzin misralanıb, bəndləşib, gözəl, könülləri oxşayan, qəlblərə qürur, sevinc dolduran bir nəğməyə çevrilib. Bu nəğmə payızın tablosu qarşısında onun füsnunu bir qədər də gözəlləşdirir. Baxdıqca doyulmaz, gözləri, könülləri oxşayan edir: Zəfər fəslini, qürur fəslini, rənglərin harmoniyası ilə özü öz rəsmini çəkən payız fəslini…

Mətanət Məmmədova