Hə, indi qızını ərə verərkən cehizinin üstündə diplom da olmadısa, ta bunun nə faydası. Heç elə bil nə əziyyət çəkib banklara kreditə girib o dəbdəbəli toyu eləmisən, nə də yenə banklara kreditə girib o boyda cer-cehizi yığmısan. Asan iş deyil ey, Allah verərsə, iki-üç nəvən olacaq, hələ sən biçarə o kreditləri ödəyib qurtara bilməyəcəksən.
Axı, bax, bu misal haradan ortaya çıxıb ki, bizim də qanımıza işləyib? Misala bax: qonşu qonşuya baxar, canın odlara yaxar. Ay qardaşlar, ay bacılar, niyə baxırsınız? Axı ata-babalarımız bizə başı aşağı olmağı tövsiyə edib gediblər. Sal başını aşağı, qohum-qonşunun yanından keç. Sənə kim deyir ki, başını qaldırıb görəsən ki, qonşu ikimərtəbəli ev tikdirib. Sən də düşəsən sevdaya ki, yox ey, necə, nə təhər edim ki, onun tikdiyi evdən mən də tikim. Məgər mən ondan kəsir oğlanam ki, hasarın o tərəfindən onun evi boylana, mənim evim də hasarın içində itə.
Hə, nə edirik? Axı qonşudan fərqli olaraq nə əlimizdə, nə də ovcumuzda var. Düşürük bank-bank, deyirik görək hansı aşağı faizlə pul verir, götürək başlayaq. Banklar da ki, Allah onlara insaf versin, nə dinləri var, nə də imanları. Faizi eşidəndə neçə ildən bəri alıb, hələ də yeniləyə bilmədiyin papaq da özünü atır yerə. Amma çarə nədir? Nəyin bahasına olursa-olsun, bu pul götürülməli, o ev tikilməlidir. Sonrası həmişəki klassik düşüncəmiz: Allah kərimdir.
Hə, pulu götürdük, başlayırıq evimizi bir mərtəbə də artırmağa. Qonşununku qədər olmasa da, ona yaxın bir şeyə oxşadırıq. Səhəri qonşunun yanından keçəndə isə elə bir havada oluruq ki, gələsən, görəsən.
Bu qonşu da ki, Allah saxlamış, haradan alır, haradan tapır bu pulu, nə bilim axı. Bir təhər ki, dişini-dırnağını sıxıb evi qurtarmışdın ki, bir də görürsən qonşunun qapısının ağzında bir maşın. Ə, bu nədir, ə? “Buna bax, maşınına bax”,- deyirsən və için-içini yeyir. Yenə o köhnə papağını qabağına qoyub başlayırsan fikirləşməyə ki, necə edim, bir babatını da mən alım. Amma ala bilmirsən axı. Kreditin var. Çox düşünüb, çox daşınandan sonra deyirsən ki, ə, var, var da. Qoy gedib bu səfər də arvadın adına kredit götürüm. Üz tutursan yenə banklara. Yaxşı, bunu da bir təhər həll edib, alırsan bir maşın, qoyursan qapının ağzına, olursan qonşu ilə bərabər. Amma necə bərabər? Bax bunu deyə bilmirəm.
Günlər keçir, arvad deyir ki, ay kişi axşam gələndə konfetdən-zaddan bir kilo al, gedək qonşuya, deyir qızı məktəbə girib. Ay Allah, bax, müsibət bu dəfə başlayır, özü də necə başlayır. Ta kişi kiriyərmi, susarmı məgər?
-Hə, xalxın da uşaqları var, mənim də. Bax ey, gör camaatın balasının səsi haralardan gəlir. Bizimkilərə də oxu deyəndə, canları çıxır. İndi bu gündən baxassız gününüzə, yaxşı.
Nə isə, axşam da gedirlər qonşuya gözaydınlığı verirlər. Qayıdırlar evə. Bu dəfə də düşürlər diplom sevdasına. İlişirlər uşaqların canına. Başlayırlar onları hazırlığa qoymağa. Nədi, nədi ki, bunlar bal toplayıb bir məktəbə girsinlər. Uşaq deyir, ay dədə, vallah mən riyaziyyatdan heç nə anlamıram. Ata deyir ki, qələt edirsın, öyrənməlisən. Qız deyir ki, ay ana, vallah, nə qədər edirəm kimyadan, fizikadan bir şey başa düşmürəm. Ana deyir ki, heç nə olmaz, bəs müəllim nədən yanadır, qoyuruq hazırlığa ki, öyrənəsən də.
Hə, bax, belə-belə bir də baxdıq ki, dəbdəbəli toy, cehiz kimi, diplom da dəbə düşdü. Camaat başladı bir-birinin bəhsinə uşağını oxutmağa. Uşaq oxudu-oxumadı, gedir hazırlığa, valideyn də başlayır yeməyindən, əynindən-başından kəsib hazırlıq pulunu ödəməyə. Vaxt gəlir, baxırlar ki, vay, bu uşaq üç-dörd ildir hazırlığa gedib, topladığı bala bax. Bu dəfə də valideyn deyir, əşi, ta nə edim ey, düşür düşsün də ödənişliyə, çarə nədir, bir təhər oxutduraram. Yenə də başlayır bank-bank gəzməyə. Hara gedir, banklar od tutub yanır. “Çarə yoxdur ey, qonşunun oğlu keçən il girib məktəbə, qızı da bu il. Sinifdə universitetə girməyən qalmayıb. Mənimki niyə geridə qalmalıdır?”,- deyib, götürür pulu aparıb ödəyir məktəbə. Uşaq da olur tələbə.
Elə ki, məktəblərin açılmasına az bir zaman qalır, yenə valideynin kürkünə birə düşür. Axı dərd bir deyil, iki deyil? Bunun əyni-başı var, qalmağa yeri var, yeməyi-içməyi var, dəftər-qələmi var, başqa məsələləri var...
Gün o gün olur ki, uşaq universiteti sürünə-sürünə, bir təhər bitirir. Elə bu ərəfə də ata krediti bitirir. Zalım bu qonşu da dayanmaq bilmir də. Bir də eşidirlər ki, uşağı düzəltdi filan yerə işə. Vəssalam, dərd başladı. Arvad başlayır danışmağa, ta kirimək bilmir: bu uşağa bir iş tapa bilmədik. Balam gül kimi məktəb bitirib oturub evdə. Xalxların da uşağı odur ey, gör, haralarda işləyir.
Yaxşı, bunu eşidən ata nə eləsin? Uşaq da ki, nə işə qəbul imtahanı verəndi, nə də oturub təzədən qabağına kitab-dəftər tökəndi. Olan-qalan hövsələsini də 4 il universitet əlindən alıb.
Ata düşünür ki, yox ey, yenə bir banka baş çəkim, görüm faizlər indi necədir, pul götürüm bu uşağa bir iş tapım. Düşür bank-bank yenə də gəzir, axır biri ilə razılaşıb, pul götürür. Sonra da fikirləşir ki, İlahi-pərvərdigara, mən bu pulu indi kimə etibar edib verim ki, işimi görsün, birdən bir nadürüstə rast gələrəm, pulum batar, it də gedər, ip də. Artıq bu, qalır Allaha, qarşına ya dürüst biri çıxa, pulunu alıb işini görə, ya da nadürüstü çıxa, pulunu alıb aradan itə.
***
Hə, kişi başlayır dərd çəkməyə, fikir eləməyə. Arvad da o tərəfdən qayıdır ki, ay kişi, axı eviydi də oturmuşduq, nəyimizə lazımdı bu ikimərtəbəli ev? Heç yuxarı qalxan da yoxdur.
Kişi də başlayır çığırmağa: az, dünənədək sən deyildin, gündə qonşunun evinə, bax, deyən? İdi nə artistlik edirsən?
Sonra arvad görür ki, fikir bu kişini yıxacaq, kişi də kreditləri arvadın üstünə yıxıb gedəcək, düşür qorxuya, başlayır danışmağa. Axı bu maşın nəyimizə lazım idi? Birtəhər ötüşürdük də.
Bu dəfə də kişini cin vurur:- Ay Allah, amansan, heç xəbərin yoxdu ki? Gündə-gündə başımı xarab edən sən deyildin ki, xalxın arvadı maşınlarda gəzir, mən də bazardan qollarımda sizə yemək daşıyıram?
Bir gün də arvad görür ki, yox ey, ta bu kreditlərin əlindən evdə bişirməyə də bir şey tapmır. Başlayır yenə deyinməyə:- Axı uşaqdı da, dedi ki, ata məni qoy dərzilik öyrənim, oğlan da dedi ki, ay ata, elm mənlik deyil, qonşuluqdakı Həsən kişi yaxşı maşın ustasıdır. Qoy məni onun yanına, gedim öyrənim. Dedin ki, yox ey, gərək diplomunuz olsun. İndi nə zəmanədir ki, qonum-qonşunun uşağı təhsil ala, siz də sənət öyrənəsiniz.
Bu dəfə kişi dəli olmasın, bəs nə etsin. O tərəfdən qayıdır ki, arvad, səsini kəs. Məni qızışdırıb ortaya salan sən deyildin? İndi başlamısan ayrı söz danışmağa. Sənə baş qoşan yerdə başım batardı, deyib, iki əli ilə başına bir qapaz endirir.
***
Amma nə faydası? Banklara kredit kredit üstündədir, ay da ki, elə başlamağı bilir, bir də görürsən ki, kreditin vaxtı çatıb. Zənglər dalbadala düzülüb. İndi gəl, başını itirmə görüm, necə itirmirsən. Əlində-ovcunda nə var, ver banka, otur, əlini aç Allaha, ruzi istə. Vallah, həqiqətən də bizimki Allaha qalıb. Allah köməyimiz olsun.
Mətanət Məmmədova