İnsan həyatı üçün yaranan və yarana biləcək bütün təhlükəli anlarda FHN əməkdaşları vətəndaşların yanındadır. Biz onları dəhşətli yanğınlar zamanı da görmüşük, balkondan asılı qalan uşağı, qocanı, deformasiyaya uğramış nəqliyyat vasitələrindən insanları xilas edərkən də, sel-daşqınların vurduğu zərərləri aradan qaldırarkən də, suda batmaq üzrə olan insanı xilas edərkən də. Yəni hər bir təhlükəli anda ilk olaraq onlar gözə dəyir.
Vəzifə başında həyatını itirən, xəsarət alan FHN əməkdaşları da az deyil. Odur ki, Azərbaycan vətəndaşı da bu qurumun əməkdaşlarına sayğı ilə yanaşır. Çünki onlar vəzifə borcunu həyata keçirməklə yanaşı, həm də insanların düşdüyü ağır vəziyyətlərin şahidi olaraq ürəkağrısı keçirir, yeri gələndə onlarla birlikdə duyğulu anlar yaşayırlar.
Təhlükəsizlik dedikdə ilk göz önünə gələn qurumlardan olduğu üçün FHN-i böyüklü-kiçikli hər tədbirdə görmək olur. Buna yaxın zaman kəsiyində baş verən tədbir və hadisələrin fonunda nəzər alaq.
Ötən il ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı nazirliyin bütün qüvvələri səfərbər olunaraq obyektlərin, o cümlədən tədbir keçirilən məkanların, otellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı yerlərin, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri keçirildi, müvafiq tədbirlərin görülməsi təmin edildi. Həmin obyektlərdə çoxsaylı təlimlər keçirilərək fövqəladə hallarla bağlı davranış qaydalarına dair geniş maarifləndirmə işləri aparıldı. Həmçinin, tədbir ərəfəsində və tədbir günlərində mümkün fövqəladə hallara çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə nazirliyin qüvvə və vasitələri tam hazır vəziyyətə gətirilərək gücləndirilmiş iş rejimində çalışdı. Nəticədə isə dünyanın çoxsaylı ölkəsindən gələn qonaqlar burada heç bir təhlükəli məqamla qarşılaşmadı.
2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə peşəkar psixoloqlar, həkimlər xilasedicilər, həmçinin Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Fövqəladə Hallar Nazirliyinə aid zəruri vasitələrlə təchiz olunmuş təyyarə ilə Aktau şəhərinə göndərildi. Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə psixoloji yardım göstərildi, həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirildi. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görüldü. Hətta aparılan qəza-xilasetmə əməliyyatında iştirakına görə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən “Əməkdaşlığa görə” döş nişanı ilə təltif olundu.
FHN əməkdaşlarının nəinki ölkəmizdə böyük məsuliyyətinin, yeri gələndə qonşu yardımına da əzmlə getdiyinin şahidi olmuşuq. 2017-ci ilin avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə dövlətimizin başçısının tapşırığına əsasən FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi cəlb edilmiş və qonşu ölkəyə ezam olunmuş FHN əməkdaşları orada böyük əzmlə fəaliyyət göstərmişlər.
2023-cü il fevral ayının 6-da Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığ bölgələrində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələ miqyasına, dağıntılara və insan itkisinə görə əsrin fəlakəti kimi xarakterizə edilir. Həmin vaxt dövlət başçısının göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın FHN xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak etdi. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına verdi.
FHN əməkdaşları Türkiyədə eyni zamanda zəlzələnin dağıntılarının aradan qaldırılmasında və zərər görənlər üçün çadırların qurulmasında və digər işlərin görülməsində də yaxından iştirak edirdilər.
2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində torpaqlarımızınn işğaldan azad edilməsində də FHN əməkdaşlarının həm bir vətəndaş, həm də vəzifəsini həyata keçirən şəxs kimi əzm və hünərini gördük.
Mənfur düşmən Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı və digər əraziləri atəşə tutduğu müddətdə FHN-nin yanğınsöndürənləri atəş altında öz vəzifələrini layiqincə yerinə yetirirdilər.
FHN əməkdaşları ermənilərin mülki əhalinin yaşadığı şəhərlərə atdığı raketlər nəticəsində yaralanan vətəndaşlarımızın axtarış və xilasetmə işlərində iştirak edir, nazirliyin hərbi qulluqçu və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirirdi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində də onlar iştirak edirlər.
Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyindən 19 nəfər iştirak edərək şərəfli döyüş yolu keçib və Mülki Müdafiə Qoşunlarından 1 nəfər şəhid olub.
Heç şübhəsiz ki, ölkəmizdə və onun hüdudlarından kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əsl fədakarlıq göstərən nazirliyin qüvvələri bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanacaqlar.
2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Ötən 20 ildə fəaliyyəti ilə sözünü deyə bilən, milli təhlükəsizlik sistemində özünü təsdiqləyən bu qurumu həm yubileyi, həm də peşə bayramı günü münasibətilə təbrik edir, xilasedicilərə bütün təhlükələrdən xilas olmalarını arzu edirik.
Bu gün ölkədə bir rəy sorğusu keçirilsə və “insanlar fövqəladə hallarda ilk kimin gələcəyinə inamla baxa bilirlər” sualı verilsə, əminliklə deyə bilərik ki, cavab belə olacaq: FHN əməkdaşları.
Mətanət Məmmədova