PDF Oxu

Sosial

  • 759

AMNİSTİYA təşəbbüsü: “Konstitusiya və Suverenlik İli”nin ali yekunu

image

Müstəqilliyimizin bərpasından ötən 34 ildə məhz bu ilin dövlətimizin başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi konstitusiya və suverenlik kimi yüksək ali ifadələri bir araya gətirə bilməmiz səbəbi idi. Çünki 2023-cü ilədək konstitusiya quruluşunda natamamlıq vardı, torpaqlarımızın işğal altında olması səbəbindən suveren deyildik. 2020-ci ilin Böyük Zəfəri və 2023-cü ilin birgünlük lokal xarakterli antiterror əməliyyatından sonra konstitusiya quruluşumuz da bərpa olundu, suverenliyimiz də. Və budur, biz 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi başa vururuq. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük amnistiya təşəbbüsü isə məhz bu dövlətə, bu xalqa layiq humanist addımların növbətisi, eyni zamanda “Konstitusiya və Suverenlik İli”nin ali yekunudur.

Təməli Ulu Öndərin iradəsi olan amillər

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə Qаyıdışı ilə həm 1918-ci ildəki kimi itirilməkdə olan müstəqilliyimiz, həm də həyatı hər an təhlükə ilə üz-üzə qalan xalq xilas oldu. Müstəqil Azərbaycanda yeni hakimiyyətlə ölkə sosial-iqtisadi inkişafa qədəm qoydu, eləcə də qanunun aliliyi təmin edildi, vətəndaşlаrın hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması mühüm prinsipə çevrildi.

Qanunvericilik bazası olmadan sosial, iqtisadi və siyasi islahatların həyata keçirilməsinin mümkün olmadığını nəzərə alan Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğuna bu bazanın yaradılmasından başladı. Bu isə öz əksini Onun rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında tapdı.

Əsas Qanunumuzda insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi təsbit olunub. Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq-hüquq normalarına əsaslanan müddəalar təşkil edir. Ən əsası isə Əsas Qanunumuzda insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq bütün hakimiyyət orqanlarının vəzifəsi kimi müəyyən edilib, onun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunub.

Böyük Qayıdışdan sonra ölkəmizdə eyni zamanda humanizm ənənələrinin təməli qoyuldu, 1995-ci ildə əfvetmə və amnistiya institutları yaranmağa başlandı. 22 yanvar 1998-ci il tarixdə Ümummilli Lider Heydər Əliyev “Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında” bəyanat verərək ölüm hökmünün ləğv olunduğunu bildirdi, bununla bağlı 3 fevral 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında müraciət etdi və 10 fevral 1998-ci il tarixdə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olundu. Şərqdə ilk dəfə məhz ölkəmizdə ölüm cəzasının ləğv edilməsi dünyada böyük əks-səda doğurdu.

Bu siyasətin nəticəsi olaraq Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan olunub, nəticədə minlərlə insan azadlığa qovuşub.

Humanizm və mərhəmət ənənələrinə sadiqlik

Heydər Əliyev siyasi kursunun davamı olaraq son 22 ildə ölkədə dövlətçiliyin inkişafı, tərəqqisi ilə insan amilinə verilən dəyərin eyni xətt üzrə irəlilədiyinin şahidi olduq. Vətəndaşa verilən dəyər idi ki, dövlət başçısının fəaliyyətinin əsas istiqamətini işğal altında olan torpaqların azad edilməsi, 30 il məcburi köçkün həyatı yaşayan soydaşlarımızın öz ata-baba yurduna qayıtması uğrunda mübarizə təşkil edirdi. 20 il ərzində dünyanın ən mötəbər kürsülərindən eşitdik Qarabağın haqları haqqında dövlət başçısının fikrilərini. Müharibə etmədən, qan tökmədən torpaqlarımızın sülh yolu ilə qaytarılması təşəbbüslərini dəfələrlə dinlədik. Lakin bu təşəbbüsü eşidən qulaqlar karlaşır, gözlər məsələnin həlli üçün labüd yolları görə bilmirdi. Belə olan təqdirdə isə Liderimiz torpaqların hərb yolu ilə azad ediləcəyini bütün dünyaya bəyan etdi və bunu zamanla reallaşdırdı. Qarabağ həqiqətlərini görə bilməyənlər, Qarabağın haqqı olanları eşitməyə kar olanlar 2020-ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycanın nəyə qadir olduğunu, öz haqqını necə tələb etdiyini gördü və elə həmin gündən ölkəmizə qarşı münasibətlər də dəyişməyə başladı.

Nəticə etibarilə gərgin mübarizədən, çoxsaylı itkilərdən sonra torpaqlarımız düşməndən geri alındı. Bununla konstitusiya quruluşumuz və suverenliyimiz bərpa olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin humanizm və mərhəmət ənənələrinə sadiqliyin nəticəsidir ki, ölkənin taleyüklü illərində insan amili də diqqətdən kənarda qalmamış, Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Cəzadan azad olunaraq qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcək şəxslərə ümid edərək Prezident İlham Əliyevin 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü də Heydər Əliyev siyasətinin, humanizminin uğurlu davamıdır.

Eyni zamanda humanizmin incə məqamları

Prezident İlham Əliyevin ölkəyə 22 illik fəaliyyəti dövründə dəfələrlə əfv sərəncamları imzalanıb, amnistiya aktı qəbul edilib.

Yeni amnistiya təşəbbüsündə isə daha incə məqamlar diqqəti cəlb edir. Budəfəki amnistiyanın kimlərə şamil olunması elə bu məqamların incəliyindən özü söhbət açır: Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər.

Bu, ölkənin bütövlüyünə, suverenliyinə və bunun əldə olunmasında həyatını itirən insanların yaxınlarına verilən dəyər, qiymətdir. Eyni zamanda çox incə düşünülmüş məqamı ilə dünyada baş verən ilk hadisədir.

Habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsinin nəzərdə tutulması daha incə bir məqamdır: qadın, yaşlı və yetkinlik yaşına çatmayan vətəndaşlara ayrıca bir yumşaq yanaşma tərzidir.

Layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır ki, bax, bütün bunlar ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında humanizmin əsas prinsip kimi qəbul edilməsinin təsdiqidir.

20 mindən çox şəxsə şamil ediləcək amnistiya

1995-ci ildən etibarən ümumilikdə qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.

Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.

Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.

Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcək şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

“Konstitusiya və Suverenlik İli”nin ali yekunu

Müstəqil, torpaqları azad, namus və şərəfi xilas edilən Azərbaycan vətəndaşı 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi yaşamaqla qürur duyur. Qürur ilinin sonuna yaxın 20 mindən artıq şəxsin azadlığı, cəzasının azaldılması ilə bağlı amnistiya isə bu qürurun üzərinə daha bir qürur gətirir-dövlətin vətəndaşına sevgisi, onu düşünməsi, ümid etməsi, inanması qürurunu. Odur ki, bu amnistiya layihəsini hər bir azərbaycanlı “Konstitusiya və Suverenlik İli”nin ali yekunu kimi dəyərləndirir və qürur duyur ki, 22 ilin əvvəlində dövlət başçısının “Mən hər bir azərbaycanlının prezidenti olacağam” vədi bu qədər yüksək səviyyədə öz əksini tapıb.

Mətanət Məmmədova

Digər xəbərlər