PDF Oxu

Sosial

  • 334

Çətirin kölgəsində qalan dəyər FOTO

image

Bu yaxınlarda Şəhidlər Xiyabanında baş verən bir hadisə, daha dəqiq desək, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin xiyabanı ziyarət zamanı AMEA əməkdaşlarından Coşqun Məmmədovun İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirə, daha doğrusu, qınaq mövzusuna çevrildi.

Fikir verin, ağsaqqal alimin, ziyalının, akademikin başı üzərində başqa bir şəxs çətir tutmuşdu. Təəssüf ki, bəziləri bu mənzərəni anlayışla qarşılamadı, əksinə, onu təhqir etdilər, alçatdılar, "niyə çətir tutur", "niyə belə alçaldıcı hərəkət edir" deyə ittihamlar səsləndirildi.

Əfəndilər!

Sizcə, doğrudanmı bu hərəkət alçaldıcı idi, yoxsa biz, əsrlərdir dədə-babalarımızdan bizə miras qalmış dəyərlərimizi unutmağa başlamışıq?

Elə bu yerdə görkəmli orta əsr Azərbaycan şairi və mütəffəkkiri Məhəmməd Füzulinin bu kəlamını xatırladım; " Hörmət əyilmək deyil, ucalmaqdır!"

Əfəndilər!

Daima görmüşük ki, bir ağsaqqal yoldan keçərkən hər kəs ayağa qalxar, ona böyük ehtiram göstərər, siqaret çəkən siqaretini gizlədər, övladı qucağında olan, sakitcə onu qucağından yerə endirər, əlində yükü olsa tanıdı tanımadı, ona kömək edərdi. Çox şükürlər osun ki, bu dəyərlərə sadiq qalanlar bu gün də cəmiyyətimizdə var.

Ümumiyyətlə desək, hər birimizə aydındır ki, bizim milli-mənəvi yaddaşımızda ağsaqqala hörmət, ehtiram xüsusi yer tutur. Dədə-babadan bizlərə miras qalan bir anlayış var: yaşlıya, ağsaqqala hörmət etmək, ehtiram göstərmək zəiflik deyil, əxlaqdır. Mənim baxış bucağımdan baxanda isə bir ziyalı-vətən oğlunun bu hərəkəti xidmətçilik yox, tərbiyə məsələsidir. Və bu hərəkəti onu alçaltmır, əksinə onu ucaldır.

Təəssüf doğuran odur ki, bəzilərimiz bəzən zahiri görüntüyə ilişib mənanı itiririk. Çətir tutanın dəyərlərə sadiqlik niyyətinə yox, kənardan necə göründüyünə baxılır. Halbuki milli-mənəvi dəyərlər məhz niyyətlə ölçülür. Hörmət göstərmək kimisə kiçiltməz, əksinə, bütün cəmiyyətimizi böyüdər. Yeri gəlmişəkən bir dədə deyimini də xatırladım, "Niyyət gözəldirsə, görünüşdən qorxma."Əfəndilər, sizə elə gəlmir ki, mövcud problem çətirdə deyil. Problem, çətirin altında qalmalı olan dəyərlərin yağış altında unudulmasındadır?

Sizə elə gəlmir ki, ağsaqqala hörmət etdiyinə görə kimisə qınayan yox, bu hörməti nümunə götürən cəmiyyət olmağa ehtiyacımız var.Çünki dəyərlər itəndə qaragürüh, nadanlıq, cahillik çox olur, vicdan isə susur. Yenə də Məhəmməd Füzülinin bir kəlamını xatırladım; "Vicdan susanda səs-küy çox olar"

Mən isə bir ziyalı olaraq o çətiri tutan şəxsə təşəkkür edirəm. Çünki o yalnız bir ağsaqqala hörmət-sayqı göstərməklə milli-mənəvi dəyərlərə sadiqliyini göstərdi. Milli mənəvi dəyərlərə sadiq olan insanların varlığı isə, bu torpaqda ümid işığıdır.

Övladları isə belə bir ata ilə qürur duymalıdırlar, çünki ata yalnız çətir tutmayıb, həm də hörmət və əxlaq nümunəsi göstərib.Biz unutmamalıyıq: ağsaqqalı olmayan cəmiyyətin gələcəyi də ağsaqqalsız olur. Çətirlər yox, dəyərlər qalmalıdır. Və biz, hələ də bu dəyərlərə sadiq insanların varlığını gördükcə, ümidimizi itirmirik.

Cavid İsmayıl

Digər xəbərlər