SABİR ŞAHTAXTININ NÖVBƏTİ ƏSƏRİ ÜMUMTÜRK ROMANI OLMAQLA BƏRABƏR TƏHSİLİN ƏHƏMİYYƏTİNİN BƏDİİ İNİKASI
Müstəqillik dövrü ədəbiyyatımızın sanballı qələm sahiblərindən biri də Sabir Şahtaxtıdır. Tale elə gətirdi ki, həyatımda ilk dəfə əvvəlcə yazıçı ilə, sonra əsərləri ilə tanış oldum. Sabir müəllim qısa zaman kəsiyində ADPU-nun Quba filialında pedaqoji fəaliyyətlə məşğul oldu. Bu qısa zaman ərzində sayğıdəyər duruşu ilə, vəzifəsindən asılı olmayaraq hər kəsə qarşı son dərəcə diqqətli, nəzakətli tövrü ilə, işinə məsuliyyətli yanaşması və s. kimi nümunəvi davranışları ilə bütün kollektivin sevgisini qazandı. Onun yazıçı olduğunu öyrəndikdə hər hansı bir əsərini oxumaq üçün istədim. Əvvəlcə “Mil” romanını, sonra isə “Yosun ətri” romanlarını, daha sonra isə digər əsərlərini oxudum, yazıçının bioqrafiyası, ədəbiyyat aləmindəki çəkisi ilə internet üzərindən tanış oldum. Bu zamana qədər bu istedad sahibinin əsərlərindən xəbərsiz olduğuma görə özümü qınadım. İlk olaraq yazıçının əsərləri haqqında qısa məlumat verməklə oxucuların ixtiyarına vermək istəyirəm.
Sabir Şahtaxtı məhsuldar siyasi və elmi fəaliyyətlə yanaşı axıcı üslubu, realizm metodu ilə qələmə aldığı bədii əsərləri ilə müasir oxucu auditoriyasının sevgisini, ədəbiyyatşünasların diqqətini qazana bilmişdir. O, “Nisgil”, “Tanrı sevgisi”, “Azadlıq nəğməsi”, “Susqun aşiq”, “Nisgil”, “Mil”, “Mafiya şahid saxlamır” (beş cildliyi), “Anadolu çırağı” və s. kimi kitabların müəllifidir.
Müəllifin ən oxunaqlı əsərlərindən biri də “Yosun ətri” romanıdır. Əsərin əsas mövzusu qərb istismarçıların iqtisadi cəhətdən zəif Şərq və Orta şərq ölkələrində həyata keçirdiyi manipulyativ və təxribat xarakterli siyasətin həyata keçirməsinin səbəbləri və nəticələrinin təsviridir. Bitib tükənməyən məhəbbət dastanı olan romanda hadisələr baş qəhrəman olan əfqan gənci olan Rəsul Biruni adlı şəxsin dilindən söylənilir. Əvvəlcədən qeyd etməliyik ki, əsərin əsas qəhrəmanının türk əsilli əfqansıtanlı ailə olduğunu sətiraltı vurğulayan yazıçı böyük ədəbi məharətlə ümumtürk problemlərini qaldırmağa səy göstərir. Müəllif Rəsul Biruninin uşaqlıq illərindən ortayaşlı çağına qədərki həyatını təsvir etməklə bilavasitə Əfqanıstan tarixinin böyük bir hissəsinin, əfqan insanının taleyinin əsas ştrixlərinin bədii inikasını yarada bilib. Romanda şərq insanının taleyini, faciələrinin səbəblərini bədii problem kimi qoyan yazıçının qələminin sərhədləri təkcə Əfqanıstan adlı məmləkətin sərhədləri ilə məhdudlaşmır. O, əsas obrazının Əfqanıstanla yanaşı Liviya, İraq, Azərbaycan kimi ölkələrdən keçirməklə, bu ölkələrdəki müsibət dolu günlərin təsvirini yaratmaqla istismarçıların yalnız adlarının, metodlarının fərqli olduğunu, təxribatçı, işğalçı siyasətlərinin eyniliyini göstərmişdir. Müəllifin qənaətincə, işğalçılarla, istismarçılarla mübarizənin yalnız bir yolu var - TƏHSİL!!! O, əfqan gəncin timsalında vətən sevgisinin təkbaşına heç bir işə yaramayacağını, bir ölkənin inkişafının bununla yanaşı təhsil və milli birlik kimi cəhətlərlə bütünləşdikdə səmərə verə biləcəyini göstərmişdir.
Əsərdə hadisələrin bir qütbündə dünyadan bixəbər, əbədi qəflət yuxusunda yatmış əfqan xalqı digər qütbdə isə millətin savadsızlığından istifadə edib almaz və qızılı qaçaq yolu ilə ölkədən çıxaran istismarçılar dayanır. Romanın baş qəhrəmanı Əfqanıstanın nisbətən “sakit” dönəmində dünyaya göz açmışdır. Bu dövrdə dövlət vahid mərkəzdən idarə edilməkdə çətinliklər var, millətin içində mübarizələr qruplaşmalar halında aparılır. Lakin hadisələrin inkişafında artıq oxucu qətillərin sayının çoxaldığı, milyonlarla insanın acı taleyinə təslim olmasının bədii mənzərəsi ilə qarşılaşır: İşğalçı qoşunlar torpağımızı tapdalayandan iki il sonra mən böyüyüb on yaşa çatmışdım. O vaxt, yəni ilk yubileyimdə qonşumuzda iki qardaş eyni gündə şəhid olduğu üçün mənə ad günü keçirməmişdilər. Növbəti iki ildə isə bizim küçədə hər gün şəhid çadırı qurulurdu. Bu il nisbətən sakitlik yaranmışdı. Çünki daha məhəlləmizdə sovet gülləsinə tuş gələcək kişi qalmamışdı (2, s.15).
Əsərin maraqlı cəhətlərindən biri budur ki, Sabir Şahtaxtının bu romandakı qəhrəmanları minlərlə insanın ümümiləşdirilməsinin və tipikləşdirilməsinin nəticəsində yaradılan obrazlardır. Sosializmin təntənəsinə, işıqlı vədlərinə, özünü din xadimi, müəllim kimi təqdim edən KQB casusu İmam Həşimə ürəkdən inanan Ağam obrazı (Rəsul obrazının babası-K.B.) əsrlər boyu aldanan əfqan xalqının ümumiləşmiş təcəssümüdür. Əfqanıstanda sosializmin qurulması naminə əvvəlcə bir ayaqla yaşamağa məhkum olmuş, daha sonra vuruşmalarda tikəsi belə tapılmayan Cahid adlı əfqan gənci, SSRİ-dən Əfqanıstanda vuruşmağa göndərilən, ayaqları və qolları əfqan torpağına qarışmış, daha sonra həyat yoldaşı tərəfindən tərk edilən, əlil arabasına məhkum olan, içkiyə qurşanan, bu dərddlərin ağırlığından dünyasını dəyişən rus gənci Geroy, əfqan mücahidləri zəhərləyib yandıran, bunu yerli əfqanların əməli kimi qələmə verib zəhərlənmədən ölən hər on əsgərə görə bir əfqan kəndini yandırmaq əmri verən rus generalı Kolbin və s. kimi obrazların hər biri özündə eyni cəhətləri birləşdirən minlərlə insanın vahid obrazlarda birləşdirilməsi kimi xarakterizə edilə bilər. Baş qəhrəman isə qəlbi vətən sevgisi ilə döyünən, hətta minlərlə əfqan gəncindən fərqli olaraq təhsil ala bilmiş, lakin tək olduğuna görə, özü kimi həmvətənləri ilə vahid sistemlə birləşmədiyinə görə vətəninin faciələrini uzaqdan ürək ağrısı ilə seyr edən əfqan insanıdır. Müəllif orijinal bədii portretlərlə obrazların həm zahiri həm də daxili dünyasını aydın şəkildə təsvir etməyi bacarmışdır.
Yazıçı qələminin gücünü göstərən cəhətlərdən biri də lokal savadsızlığı epizodik hadisələr vasitəsilə təqdim etmə bacarığıdır. Məsələn, o, Pınare Abgərm adlı göldə salın ipinin qırılmasını taleyin gedişatı kimi qiymətləndirən, falçı qarının sözləri ilə hadisələrin gedişatını həyatın axarına buraxan sal sahibinin timsalında əfqan insanının düşüncələri əks etdirmişdir. Pedofiliya, narkotik aludəçilik, çoxarvadlılıq, qısqanclıq zəminində olan cinayətlər, qaçaqlıq və s. kimi məsələlərin adi həyat tərzinin cəhətləri kimi qəbul edilməsini təsvir etməklə maarifçiliyin, təhsilin millətin taleyindəki rolunu göstərə bilmişdir. Sabir Şahtaxtı Əfqanıstan, İraq, Liviya, Suriya və s. kimi ölkələrin həyatında təhsilin rolunu göstərməklə kifayətlənmir, bununla yanaşı, bu ölkələrin maariflənməsini istəməyən, hər vəchlə buna mane olan, xaos yaratmağı bacaran istismarçıların fəaliyyətini, cahilliyin və savadsızlığın nəticəsində yaranan FACİƏnin ümumi obrazını yaradır: “Görünən bu idi ki, Əfqanıstanın hər yerinə qatı milli düşmənçilik toxumu səpmişdilər. Bu ədavət toxumunu nə susuzluq, nə şaxta, nə də Afrika səhralarını alışdıran isti məhv edə bilərdi. Bunu yalnız milli şüur, birlik və elmin gücü aradan götürə bilərdi. O da ki, yalnız beyinləri zəhərləyən xarici təsiri dəf etməklə mümkün olardı. Yazıq əfqanlar, bizi tanıyan bütün xaricilərin ölkəmizə ən bahalı hədiyyəsi silah olmuşdu hər zaman. Bildiyimiz də, bizə öyrətdikləri də döyüşmək idi. Biz özümüz də xalq olaraq yaxşı şeyləri öyrənməyə cəhd eləməmişdik. Bəlkə də ona görə idi ki, bizim millət üçün silaha sarılmaq və döyüşmək, daha dəqiq desək, insanları öldürmək, qardaşa güllə atmaq, tanıdığı, bildiyi adamları yox etmək ən asan iş, rahat məşğulluq idi yer üzündə. (2, s.53).
Baş qəhrəman təhsil sayəsində milyonlarla həmvətənindən fərqli olaraq ölkəsindəki bədbəxtliyin səbəbinin savadsızlıq, dərmanının isə təhsil olduğunun fərqindədir. Onun düşüncələrindəki “Əfqanıstanın nicatı kor-koranə silahlı mübarizdən yox, bizim təbiət elmlərini mükəmməl bilən gənc nəslimizdən ibarət olacaqdı” (2, s.36) düşüncələri də bunun əyani sübutudur. O, təhsil alaraq Əfqanıstana qayıtmaq, çayların suyundan istifadə etməklə ölkəsini yaşıllaşdırmaq, cənnətə çevirmək arzusundadır. Lakin getdikçə pisləşən vəziyyət səbəbindən vətənə qayıtması mümkünsüz bir şeyə çevrilir. İllər ötdükcə faydalı qazıntıları ilə zəngin olan ölkədən qızıl və brilyant qaçaq yollarla xaricə daşınır, millət isə süni yollarla yaradılan xəstəlik, yoxsulluq, aclıq və vətəndaş müharibəsi ilə məşğul edilir. Dünyanın hər üzünü görmüş, başına gələn çoxsaylı faciələrdə dik qalmağı bacaran ağsaqqal babanın dilindən hıçqıraraq deyilən “Əfqanıstanda itlər daha adam əti yeyir” cümləsi vəziyyətin dözülməzliyini, müsibətlərin səviyyəsini göstərir. Bir neçə il Türkiyədə yaşayan əfqan gənc babasının təkidi ilə burada qalmalı olur.
Əsərin digər qəhrəmanlarından biri də Əfsanə obrazıdır. Biruni Moskvada təhsil aldığı vaxt qadınlarla, qızlarla zaman keçirməyi adi əyləncəyə çevirmişdi. Uzun illər milli dəyərlərin aşılandığı, əfqan adətləri ilə tərbiyə edilən gənc üçün qəfil azadlıq mənəvi boşluğa səbəb olur. Babasının göndərdiyi pullarla hər gün bir gözəlin qonağı olan Biruni Moskvada Oksana, əsl adı Əfsanə olan qızla tanış olur. Onun mənəvi zənginliyi və zahirən Saraya bənzərliyi Birunini özünə bağlayır. Əfqanıstanda yolunu gözləyən Sara və Qumrudan sonra burada Əfsanəni özünə bağlamaq istəməyən Biruni çıxış yolunu qaçmaqda görür. Beləliklə, atasının vəsiyyətinin tam əksinə Biruni bir yox, hətta bir neçə qadının ahını alır. Bu yerdə xüsusilə qeyd etməliyəm ki, müəllif böyük yaradıcılıq məharəti ilə gəncliyi düz yola səsləyir, günah etməyəyi, qarşılıqlı münasibətlərdə düzgün davranışın yeganə haqq yolu olduğunu oxucuya təlqin edir.
Savadsızlıq probleminin doğurduğu acı nəticələr əfqan gəncini addımbaşı təqib edir. Vicdan haqqını yüngülləşdirmək üçün əsl sevgisindən keçməsi, bibisi qızı ilə evlənməyi seçməsi onun ən böyük faciələrindən birinin başlanğıcı olur. Bu onun həyatında ilk faciə deyildi. Süni şəkildə xəstəliklərlə üz-üzə qalan əfqan xalqına kömək etməyə çalışan, itburnu plantasiyası salmaq, dərman istehsal etmək ideyası səbəbindən ata-anası elə evlərindəcə güllələnmiş, kiçik yaşlarından Ağam adlandırdığı atasının əmisi tərəfindən himayə edilmişdir. Ağamın təkidi iə Türkiyədə təntənəli toy ilə evləndirilən zaman növbəti faciəsini yaşayır. Bibisi qızı Qumru ilə gəmidə baş tutan toy zamanı əsl sevgisi olan Sara intihar edir. Bu hadisə qeyri-ixtiyari ilk maarifçilərimizdən olan Abbasqulu ağa Bakıxanovun “Kitabi Əsgəriyyə”, İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” kimi əsərlərində insanlara həyat yoldaşını seçmək kimi sadə hüquqlarının anlatılması məsələsi yada düşür.
Bir müddət Türkiyədə yaşayan gənc təkidlə Liviyaya dəvət edilir. Burada da o, su mühəndisi kimi layihələr həyata keçirməyə çalışır. Lakin xarici casuslar tərəfindən layihəsi oğurlanır və Liviyada hakimiyyət çevrilişi baş verir. Min bir əziyyətlə gəmiyə minərək ailəsi ilə birlikdə Türkiyəyə qaçmağa çalışan Biruninin ən böyük faciəsi elə burada yaşanır. Əsərin kulminasiya nöqtəsində o, ailəsini dənizdə itirir. Gözünü xəstəxanada açan Biruni bundan sonrakı həyatını anlamsız şəkildə yaşayır. Dəfələrlə intihara cəhd etsə də, qızını tapmaq ümidi ilə yaşayır. Əslində, bu yaşamaq daha çox “həyatda var olmaq” anlamına bərabərdir. Parklarda gecələyən, insanların atdıqları sədəqələrlə gündüz və gecələri bir-birinə calayan Biruni morqda yoldaşının nəşini gördüyündən onun ölümünü dəqiqləşdirir, lakin qızı Saranın nə ölüsündən, nə də dirisindən xəbər tutmadığı üçün qəlbinin dərinliklərində onun yaşadığına inanır, bütün uşaqlarda Saranın cəhətlərini axtarmağa çalışır. Günlərin birində terroristlərin əlindən bir uşağı xilas etməsi onun həyatını tam dəyişir. Ailə tərəfindən evə dəvət edilən Biruni gördüyü mənzərədən heyrətə düşür. Bu ev vaxtilə bir neçə dükan ilə birlikdə onun babası tərəfindən satın alınmışdı. Lakin satınalma rəsmi qaydada deyil, əfqan qanunlarına uyğun olaraq “kişi sözü” ilə aparılmışdı. Hər ayda vaxtlı-vaxtında ödəniş edilsə belə, vəziyyətin pisləşdiyi, Biruninin babası dünyasını dəyişdiyi, tək qaldığı vaxtda ev sahibi tərəfindən o, küçəyə atılmış, hətta 4 il müddətinə ödənişlərin edilmədiyi iddiası ilə məhkəməyə verilmişdi. Savadsızlıq, məlumatsızlıq bu məsələdə də öz sözünü demişdi. Liviya, dəniz faciəsi və s. kimi hadisələri yaşadıqdan uzun illər sonra bu evə ayaq basan Biruni burada hər şeyin köklü surətdə dəyişdiyinin şahidi olur. Terroristlərdən xilas etdiyi uşaqla yanaşı körpənin anasının da ona isinişməsi Birunini nisbətən həyata bağlayır. Heç bir səbəb olmadan Biruni Dəniz adlı bu gəlinə ata məhəbbəti bəsləyir.
Yaşadığı ağır faciələrdən sonra həyatı nisbətən axarına düşmüş kimi görünən Biruni Türkiyədə gözlənilməz şəkildə Əfsanə və onun timsalında bütün gənclik səhvləri ilə qarşılaşır.
Realist üslubda qələmə alınan əsərdə kifayət qədər sentimentallığa, bəzi məqamlarda fantastik ünsürlərə də yer verilmişdir. Axıcı üslubu, xəlqiliyi, maraqlı süjeti ilə roman oxucunu tilsimləyir. Gözlənilməz münaverlər edən yazıçı süjet boyunca, bir növ oxucu ilə şahmat oynayır. Jrnalist Cavid Qədirlinin qeyd etdiyi kimi dənizə çıxışı olmayan Əfqanıstanla bağlı əsərin “Yosun ətri” adlandırılması da bu şahmat oyununun kiçik bir göstəricisidir. Əsərin sonunda açılan müəmmalar, faş olan sirlər oxucunu həyəcanlandırır. Əsərin uğurlu olmasının bir səbəbi də ortaya qoyulan problemin hələ də aktual olmasıdır. Bir əfqan gəncinin dilemmalarla dolu həyatı böyük bədii tablonun kiçik epizodu kimi təsir yaradır. Tablonun özü isə aktual olan zalim və məzlum, işğalçı və işğal edilən qütbləşmənin tamamını əks etdirir.
Romanda müəllif tərəfindən ustalıqla Azərbaycanın dərdlərinin də əks olunması onun bir vətəndaş kimi təəssübkeşliyinin göstəricisidir. Hadisələrin gedişində babası (əslində atasını oğulluğa götürmüş əmisi-K.B) tərəfindən Moskvaya göndərilən Biruninin yolu daha sonra Azərbaycana düşür. Müəllif doğma yurdun yaralarının əfqan gəncin gözündən təsvir edir. Yazıçı Rusiyanın işğalçı siyasəti, 20 Yanvar, Xocalı soyqırımı kimi hadisələri obrazın dilindən verməklə ölkəmizin həmin illərdəki faciəli günlərini əks etdirmişdir.
Müəllif üçün millət, dil, irq fərqi yoxdur. Bütün xalqların, millətlərin dərdi onu insan kimi düşündürür. Bunun bir nümunəsi də Biruni dəniz faciəsini yaşadıqdan sonra qızı Saranın gəmidə dostlaşdığı zənci qızının meyiti ilə morqda qarşılaşdığı epizodda təsvir olunub. Ağır olan bu səhnədə morq xidmətçisi zənci qızın əlini öpərək ağladığını görən Birunidən uşağın onun qızı olub-olmadığını soruşur. Biruninin dilindən deyilən “Baladır, bala, ana balası! Fərq etməz ki, kimindir!” kimi misralar əslində müəllifin yanğısının bədii əksi, ümumbəşəri humanizminin sədası kimi səslənir. Yazıçı bu qaçış səhnəsi vasitəsilə Aralıq dənizi də daxil olmaqla Avropa sahillərində minlərlə insan faciələri ilə nəticələnən miqrantların taleyinə işıq salmışdır. Rəsul Biruni ailəsinin Liviyadan qanunsuz qaçqınlar daşıyan gəmi qəzasındakı səhnələr müasir dövrün “Titanik” faciəsinin inikasıdır. Burdan belə nəticə çıxarmaq olar ki, sabir Şahtaxtının qəhrəmanları dünyəvi problemlərin daşıyıcılarıdır.
“Yosun ətri“ romanının əsas qəhrəmanı olan Rəsul Biruninin Əfqanıstan sevgisi və düşüncəsindəki “Yaşıl vətən” anlayışı yazıçının qlobal problemlərə yanaşmasındakı uzaqgörənliyinin nişanəsidir. Əsər maarifçilik istiqamətində dəyərli olmaqla yanaşı, həm də müəllifin “Yaşıl vətən” anlayışı Azərbaycanın böyük məharətlə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çağırışlarına ədəbi töhfədir.
Əsərin mövzusu əfqan həyatından götürülsə də, romanda türklüklə bağlı kifayət qədər nüanslar yer alıb. Əsərin əsas qəhrəmanları milli kökündən aralı salımış türk əsilli əfqanlardır. Ağam obrazı, Biruni, Əfsanə və s. kimi obrazların etnik mənşəyində, “Sarı gəlin” mahnısının mistik təsirində türklük ab-havası duyulur. Bu məsələyə xüsusilə toxunan professor Salidə Səfərova "Yosun ətri": ümumtürk məfkurəsi aşılayan yeni ədəbi nümunə” sərlövhəli məqaləsində göstərilən nüansları yetərincə kamil şəkildə incələmişdir. Əsəri dərindən təhlil etdikdə romanın ideyasının ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” şüarı ilə səsləşdiyinin şahidi oluruq.
Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor Əli Əhmədov, türkiyəli professorlar - Akkan Suver, Aygün Əttar, Zakir Əfşar və digər görkəmli simalar tərəfindən əsərlərinə ön söz yazılan Sabir Şahtaxtının “Yosun ətri” romanı təəssüf ki, hələ də oxucu tərəfindən layiq olduğu qiyməti almayıb. Bunun əsas səbəblərindən biri də romanın Azərbaycan dilində hələ də nəşr olunmamasıdır. Əsər dünya ədəbiyyatında kiçik bir hadisənin təsvirini əks etdirən, lakin məşhur olan xeyli sayda bədii əsərdən daha çox diqqətəlayiqdir. Əsər əks etdirdiyi problem, estetiklik və oxunaqlılığı ilə P.Səninin “Mənim payım”, X.Hüseynin “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi” və s. kimi əsərlərlə eyni səviyyədədir.
Müstəqillik dövrü ədəbiyyatımızda belə keyfiyyətli və oxunaqlı əsərlərin yaradılması sevindirici haldır və Sabir Şahtaxtının bu əsəri ilə yanaşı digər əsərlərinin də tanıdılması, elmi tədqiqata cəlb edilməsi müasir ədəbiyyatşünaslığın ortaya qoymalı məsələlərdən biridir.
Kəmalə Bayramova
ADPU-nun Quba filialının Filologiya kafedrasının baş müəllimi
Sevilən insana xərçəng diaqnozu qoyulduqda, ətrafdakı dünya dayanmış kimi görünür. Onu dəstəkləmək istəyirsən, amma düzgün sözləri tapmaq çox vaxt çətindir...