Hər zaman belə bir suala cavab axtarmışam: uşaqların sosial şəbəkələrdə nə işi var? Hər dəfə əlində telefon bir uşağı sosial platformaları gəzərkən gördükdə, kompüter qarşısından saatlarla qalxmadığını müşahidə etdikdə, planşeti az qala kirpiklərinə yapışdırdığını görəndə, yenə də ya ucadan, ya da ürəyimdə, bax, bu uşağın sosial şəbəkələrdə nə işi var, demişəm. Çox təəssüf ki, ucadan dediklərimi dinləyən olmadığı kimi, ürəyimdə öz-özümə deyindiklərin də ancaq ürəyimdə qalıb.
Ötən ayın son günləri “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı daha bir nigahançılığımıza son qoydu. Bu Sərəncamla yenə də dövlətin övladlarımızı bizdən çox düşündüyünün şahidi olduq. Çünki əvvəlki illərdə də belə sərəncamlar olub. Götürək yaxın qohum nikahlarının qadağan edilməsi ilə bağlı ötən ildən qüvvədə olan sərəncamı. Uzun illər bu barədə mətbuat yazdı, aid qurumlar maarifləndirdi, lakin, faydası olmadı. Aşkarda, gizlində yaxın qohumlar bir-biri ilə evləndi, belə nikahlardan çoxsaylı xəstə uşaqlar dünyaya gəldi və sair. Sonda dövlətimiz bu məsələni kökündən həll etdi. Deməli, bizim edə bilmədiyimizi etdi. Lakin nəticə etibarilə bizim üçün, bizim genefondumuz, gələcək nəsillərimiz, ailələrimiz, uşaqlarımız üçün etdi.
Uşaqlarla bağlı sərəncamın onların həyatının xilaskarıdır. Eyni zamanda valideynlərin də qarşısına məsuliyyət qoyur, onları uşaqlarının gələcəyi barədə bir dəfə deyil, iki dəfə düşünməyə, onlara qarşı diqqətli olmağa çağırır.
Gəlin, nəzər salaq, bəzi valideynlər uşaqların yaşına, dünyagörüşünə uyğun olmayan məzmunlarla qarşılaşmasına, onları görməsinə heç narahat olurlarmı? Çoxsaylı valideyn haqqında deyə bilərəm ki, əsla yox. Bu barədə düşünmək heç ağıllarına gəlmir. Əksinə, hələ onların əlinə telefon verməyimiz bir kənara qalsın, bəzən bilə-bilə, bəzənsə fərqində olmadan uşaqların başına olmazın müsibətlərini açırıq. Onları sosial şəbəkələrdə reklam etməklə, nə qazanırıq, deyə bilmərəm, lakin bunun heç də doğru olmadığını əminliklə söyləyirəm.
Gül kim uşaqları milyonların qarşısına çıxarıb onların o gözəl üzünü, gülüşünü, hərəkətlərini göstərəndə nə olur ki, görəsən? Bir də görürük ki, uşaq durduğu yerdə elə bir xəstəlik tapdı ki, gəl, görəsən? Qalırıq xəstəxanalarda, həkimlərdə. İndi gəl, insanları başa sal ki, hər gözdə, hər nəfəsdə bilmədiyimiz mənfi bir qüvvə var...
İndi dəbdir, uşaq doğuldumu, xəstəxanadan çıxarılandan sosial şəbəkələrdədir. Bir ayından bir yaşınadək hər ayın tamamında xüsusi fotosessiyalarla yenə də sosial şəbəkələrdədir. Bir yaşından sonra isə uşaqların başına açdığımız bu oyunların miqyasını daha da genişləndirib onların reklamını aparmağa başlayırıq.
Uşağı danışdırıb video çəkirik, güldürüb video çəkirik, ağladıb yenə video çəkirik, soyundurub çəkirik, geyindirib çəkirik. Yedirdib çəkirik, yeməyi ağzına yaxınlaşdırıb çəkir, onu ağladır, çəkirik.
Daha sonra qarşılarındakı ana, nənə, bibi, xala, ata, dayı, əmidirmi, bilmirəm, uşaqları danışdırmaq üçün suallar yağdırır. Bu sualların qarşısında isə uşaqlar bəzən aqressivləşir, bəzən şirin-şirin cavablar verir, bəzən əzilib-büzülür, gülür... Bütün bunlardan isə həmin o valideyn və qohumlar əməlli-başlı istifadə edir.
Vallah, sözün bitdiyi andır bu mənzərələrin hər biri. Nə deyəsən, bilmirəm. Sadəcə düşünürsən ki, hə, bunun başqa bir tərəfi də var axı. Çoxları belə videolarla sosial şəbəkələrdən pul qazanır. Lakin pul hər dərdin dərmanıdırmı məgər? Pul qazanmaqdan ötrü uşaqları nə üçün reklam etməliyik? Pul qazanmaqdan ötrü nə üçün milyonlarla uşağın mənəvi-psixoloji vəziyyətinə xələl gətirən videolar paylaşmalıyıq?..
Bir də ki, hərəkətlərimizlə uşaqlarımızın gələcəkdə utanmasına şərait yaradırıq, bunu düşünən varmı? Bu gün sosial şəbəkələrdə paylaşdığımız videolar uşaqlarımız böyüyən zaman onlar üçün problem yaradacaq. Bu videoları görən sinif yoldaşları, dostları, rəfiqələrinin lağlağılıq etməyəcəklərinə kim təminat verə bilər. Belə olan halda isə uşaqlarımız bir-biri ilə dalaşacaq, biz də onları qarşımıza qoyub “ay bala, sizin bir-birinizlə dərdiniz nədir axı?”,- deyib ittiham edəcəyik. Və yaxud da məktəbə gedib direktordan tutmuş sinif rəhbərinədək hamısını məsələyə qatacağıq.
Lakin bizə bir sual verən olacaqmı ki, axı bu məsələlərin kökündə nə dayanır? Bəli, məsələnin kökündə bəzi böyüklər dayanır. Hərəkətini, yeri gələndə nə etdiyini, nə danışdığını bilməyən böyüklər.
Uşaqların axı sosial şəbəkələrdə nə işi var? Necə qıyırsınız onlara? Nə üçün gül kimi uşaqlarımızı bütün dünya görməlidir? Onlardan istifadə etmədiklərini haradan bilirik?
Milli-mənəvi dəyərlərimizi məhz etdiyimiz bu sosial şəbəkələrə övladlarımızı da alət etməyək. Onların körpəliyini, uşaqlığını əllərindən almayaq. Real həyatda böyümələri tərəfində olaq. Axı bizim uşaqlar nə üçün sosial şəbəkələrdə böyüməlidir? Sonra onları oradan qopara biləcəyikmi?..
Sərəncamda deyilir ki, beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.
Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır.
Budur, dövlətimiz övladlarımızın bu gününü və gələcəyini valideynləri olan bizdən daha səmərəli qoruyur. Elə bu səbəbdən də minnətdarıq. Ona görə ki, minlərlə başısoyuq, məsuliyyətsiz təhlükənin nə olduğunu anlamayan valideynin övladları bu xalqın balaları olaraq qorunacaq və gələcək cəmiyyətimizə layiqli övlad kimi təhvil veriləcək.
Mətanət Məmmədova
Nə sağaldır, nə də isidir: alkoqol haqqında ən məşhur miflər... Elmi dəlillər alkoqol və onun sağlamlığa təsiri haqqında uzun müddətdir mövcud olan qərəzli fikirləri təkzib edib...
Əsas münasibətlər...