PDF Oxu

Sosial

  • 1 034

Uşaqları sosial şəbəkə xəstəliyindən qorumaq milli məsələdir...

image

Mətləb Salahov: "Çünki biz gələcək azərbaycanlı nəsli itirmək təhlükəsi ilə üz-üzə qalmışıq"

"Son illərdə 5-15 yaş arası uşaqların sosial şəbəkə aludəçiliyi artıq faciəvi hal alıb. Tam nəzarətsiz poliqona çevrilən və ən zərərli informasiya zibilliyinə çevrilmiş sosial şəbəkə seqmentləri açıq şəkildə uşaq və yeniyetmələrin mənəvi baxımdan zərərli fikir və vərdişlərə sürüklənməsi üçün açıq meydana çevrilib. Günümüzün reallığı odur ki, əksər valideynlər bu məsələdə tam məsuliyyətsiz yanaşma sərgiləyir, uşaqlarını düzgün istiqamətə yönəltmək üçün çalışmaq əvəzinə onları sakitləşdirmək üçün mobil telefonları açıq şəkildə onların ixtiyarına buraxıb guya öz dincliklərini təmin edirlər. Lakin unudurlar ki, bununla öz övladlarının gələcək taleyini sosial şəbəkələr kimi nəzarətsiz yırtıcının ağuşuna atırlar". Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncamı ölkəmizdə bu sahədəki boşluğun aradan qaldırılması və yeni mexanizmin tətbiqi baxımından çox əhəmiyyətlidir.

"Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır. Dünyanın ən inkişaf etmiş ölkələrində uşaqların sosial şəbəkə zərərlərindən qorunması üçün mühüm işlər görülüb.

Məsələn, Avstraliya, Yeni Zelandiya, Malayziya kimi ölkələr uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti tətbiq edir. Bu ölkələrdə yaşı 16-dan az olan uşaqların sosial platformalara girişi ya tamamilə, ya da ki, qismən məhdudlaşdırılır. Bir sıra Avropa ölkələrində, məsələn, Belçikada 13 yaşın altındakılar üçün sosial media hesabı açmağa valideyn icazəsi tələb olunur. Fransada 2023-cü ildə qəbul edilmiş qanunla 15 yaşdan kiçik uşaqların sosial şəbəkəyə girişində valideyn razılığı tələb olunur.
Prezidentin son sərəncamı isə nəhayət, ölkəmizdə də bu sahədə əsaslı iş görüləcəyinə, uşaq və yeniyetmələrin sosial şəbəkə seqmentindəki zərərli informasiya və mənfi təsirlərdən qorunması üçün əməli iş görüləcəyinə ümid yaradır. Hətta deyərdim ki, biz bu məsələdə xeyli gecikmiş vəziyyətdəyik. Çünki bu gün tik-tok kimi təhlükəli sosial şəbəkə seqmentində milli dəyərlərimizə yad olan cinsi azlıq və digər zərərli qrupların reklam olunması birbaşa gələcəyimiz üçün ən təhlükəli haldır. Belə ki, biz gələcək azərbaycanlı nəsli itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Məhv edilən mənəviyyatı və dəyərləri geri qaytarmaq isə heç vaxt mümkün olmur".

Afət Tahirqızı

Digər xəbərlər