Əgər tütün qara, narkotik ağ ölümdürsə, elektron siqaret isə ətirli ölümdür. Hazırda məktəblilərdən tutmuş tələbələrədək, əksər gənclərin meyl etdiyi bu bəla heç də elektron siqaret istehsalçılarının özlərinə haqq qazandırıcı sayıqlamalarındakı kimi təhlükəsiz deyil, ənənəvi siqaret və narkotik qədər ziyanlı, sağlamlığa zərər vuran, ətri ilə insanı aldadan, zaman-zaman məhvinə aparan bir vasitədir.
Bunu anlamaq və dərk etmək o qədər çətin deyil ki, ənənəvi siqaret çəkənlər kimi, elektron siqaret çəkənlər də ya hansısa orqanlarının sıradan çıxmasına, ya da birbaşa ölümə doğru irəliləyirlər.
Bütün dünya elektron siqaretlərin zərərindən danışsa da, mətbuat bar-bar bağırsa da, lakin bu vasitədən istifadə edənlərin sayı azalmır ki, gündən-günə artır. Sanki insanlar üçün həyatlarının heç bir dəyəri qalmayıb. Harada bitər, bitər...
Məhz elə bununla bağlı məsələ parlamentdə müzakirə edildi, layihə müvafiq Qanunla elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və ya pərakəndə satışı və ya istifadəsinin qadağan edilməsindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlandı. Sənədə əsasən, qeyd olunan əməllər inzibati xəta hesab edilərək İnzibati Xətalar Məcəlləsinə “Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması” adlı yeni 212-1-ci maddə əlavə edildi.
Üçüncü oxunuşda təsdiqlənən və aprelin 1-dən qüvvədə olan Qanuna əsasən qanunvericilikdə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərdən istifadə ilə bağlı cərimələrin tətbiqi, habelə elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması halında inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirə edilməsi və cərimələrin tətbiq olunması nəzərdə tutulur.
İstehsalçıların iddialarının əksinə
Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonunda kütləvi istehsala buraxıldı. Əvvəllər mağaza piştaxtalarında az-az görünən, hazırda isə qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinən bərbəzəkli, rəngbərəng elektron siqaretləri istehsalçılar tütün məhsulları ilə mübarizə yollarından biri hesab edirlər: elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində tənbəki yoxdur.
Lakin Türkiyənin Memorial Tibb Heyətinin araşdırmalarına əsasən elektron siqaret tərkibində nikotin olan mayenin qızdırılması və aerozol əmələ gəlməsi ilə əldə edilən kiçik, əl elektron cihazıdır. Bu cihazın tərkibində maye nikotin var və elektron siqaretdən istifadə edən insanlar cihazdakı maye nikotini və buxarını ağciyərlərinin dərinliklərinə qədər çəkirlər. Bu, ağciyərin çökməsi kimi ciddi xəstəliklərə və tənəffüs problemlərinə səbəb ola bilər. Bundan əlavə, elektron siqaretlərin tərkibində diasetil, nikel, qalay və qurğuşun kimi bədənə zərər verə biləcək zərərli maddələr var.
Deməli, siqaret asılılığını yaradan nikotindir. İddiaların əksinə olaraq tərkibində nikotin olan elektron siqaret qətiyyən siqaret asılılığını həll etmir. Elektron siqaretdə istifadə olunan aromatik maddələrə gəldikdə isə həmin maddələrin özlərinin də kanserogen təsiri var. Yəni elektron siqaretlər faktiki olaraq adi siqaretlərdən öz zərərinə görə elə də geri qalmır. Elektrikli siqaretin zərərləri:
Elektron siqaret xəstəliyi- EVALI
Kəskin ağciyər zədələnməsinə, ağciyərlərdə iltihaba səbəb olan iltihabi xəstəlik olan EVALI xəstəliyinin əsas səbəbi elektron siqaretdən istifadədir. Bu xəstəlik ağciyər kollapslarına, həmçinin ağciyərlərdə çapıqlara, asılılığa, tənəffüs yollarına təsir edərək öskürəyə, ağızda qıcıqlanmaya səbəb ola bilər. Bununla birlikdə, elektron siqaret istifadəçilərində dadbilmə duyğusunun azalması ilə dil xəstəliyi də yarana bilər.
Elektron siqaretlər də siqaret kimi tənəffüs yollarına mənfi təsir göstərir. Tənəffüs yollarına mənfi təsirlər də öskürəyə səbəb ola bilər
Həmçinin astma və digər ağciyər xəstəlikləri riskini artıra və mövcud astmanı pisləşdirə bilər.
Elektron siqaretlər ürək xəstəliyi riskini artırır;
Elektron siqaretlərin tərkibində olan nikotin və digər zərərli maddələr ürəyə zərər verə bilər və ürək xəstəlikləri riskini artırır. Eyni zamanda baş ağrısı və ürək bulanmasına səbəb olur.
Elektron siqaretlər beynin inkişafına təsir edir;
Elektron siqaretlərin yaratdığı nikotin asılılığı emosional pozğunluqlara səbəb ola bilər və beynin öyrənməyə nəzarət edən hissələrinə zərər verə bilər. Xüsusilə yeniyetməlik dövründə gənclərin beynində qərar qəbul etmə və impulslara nəzarət hələ inkişaf etmədiyi üçün nikotindən daha çox istifadə ehtimalları yüksək olur. Gənclərin nikotinə məruz qalması uzunmüddətli perspektivdə ciddi risklər yaradır.
Elektron siqaretlər “popkorn xəstəliyi”nə səbəb ola bilər;
Elektron siqaretlərin zərərli təsirlərindən biri də “popkorn xəstəliyi” kimi tanınan “bronxiolitis obliterans”dır. Elektron siqaretlərin tüstüsü ağciyərlərdə hava kisələrini qoruyan makrofaqların fəaliyyətini poza və onların zədələnməsinə səbəb ola bilər. Bu, nəfəs darlığına və öskürəyə səbəb ola bilər ki, bu da popkorn adlı ağciyər xəstəliyinə səbəb olur. Popkorn ağciyər xəstəliyi qızdırma, öskürək, gecə tərləmələri, kilo itkisi və nəfəs darlığı kimi əlamətlərlə ortaya çıxır.
Elektron siqaretlər sonsuzluq yaradır;
Elmi araşdırmalara görə, elektron siqaretlər kişilərdə sperma sayının azalmasına səbəb ola bilər. Bu, uşaq düşünən cütlərə mənfi təsir göstərə bilər. Həmçinin elektron siqaretlər yumurtanın keyfiyyətinə də təsir edə bilər və sonsuzluğa siqaret çəkməyənlərlə müqayisədə 10 dəfə artıq səbəb olur. Bundan əlavə, qadınlarda erkən menopoz və vaxtından əvvəl düşük riskini artıra bilər.
Elektron siqaretlər hamiləlik dövründə körpənin inkişafına mane olur;
Hamiləlik dövründə elektron siqaret istifadəsi ana üçün təhlükəsiz olmamaqla yanaşı, həm də körpənin beyin inkişafına mənfi təsir göstərə və orqanlara qalıcı ziyan vura bilər. Eyni zamanda, hamiləlik dövründə çəkilən elektron siqaretlər körpənin ağciyərlərinin inkişafına mane ola və doğuşdan sonra xəstəliklərə səbəb ola bilər.
Elektron siqaret asılılıq yaradır;
Elektron siqaretlərin tərkibində adi siqaretlər kimi nikotin olduğu üçün onların asılılıq təsiri kifayət qədər yüksəkdir. Nikotin beyində dopamin ifrazına səbəb olaraq mükafat sistemini aktivləşdirir və həzz verir. Elektron siqaretdən istifadə edən insanlar onun zərərlərini və yaratdığı yüksək riskləri bilsələr də, istifadə etməyə davam edirlər. Bu, asılılığa səbəb ola bilər.
Elektron siqaret xərçəng xəstəliyi yaradır;
Elektron siqaretlər, kimyəvi maddələr və hissəciklər səbəbindən astma və xroniki ağciyər xəstəliklərinə görə ağciyər iltihabına səbəb olur. Bu da DNT-nin zədələnməsinə səbəb ola bilər və uzun müddətdə xərçəng riskini artırır. Elektron siqaret buxarı da ağciyər mühitində immun hüceyrələrinə mənfi təsir göstərərək ağciyərin iltihabına səbəb ola bilər.
Mütəxəssis həkimlər vurğulayır ki, 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb.
Elektron siqaret ürəyə zərər verir;
Elektron siqaretdən istifadə edən insanlarda koronar arteriya xəstəliyi, depressiya və infarkt riski yüksək ola bilər. İstifadə etməyənlərlə müqayisədə, insult keçirmə və ya infarkt keçirmə kimi problemlər elektron siqaretdən istifadə etdikdən sonra arta bilər.
Elektron siqaret dişlərə zərər verir;
Elektron siqaretlər dişlərdə bakteriya artımına, ağızda quruluğa, diş ətlərinin iltihabına, ümumi qıcıqlanmaya və hüceyrə ölümünə səbəb ola bilər. Bundan əlavə, elektron siqaretlərin tərkibindəki mayelər ağız quruluğu və ağız yaraları yaradır. Elektron siqaretlər həmçinin ağız və boğazın qıcıqlanmasına, diş ətlərində şişlik, həssaslıq və qızartıya yol açır.
Elektron siqaretlər körpələri zəhərləyir;
Elektron siqaret istifadəsinin 1219 fərqli gendə fərqliliklərə səbəb olduğu göstərilib. Araşdırmaya görə, elektron siqaret çəkilən yerlərdə tüstünün 2-3 yaşlı körpələrdə zəhərlənmələr yaratdığı görülüb.
Elə bütün bu zərərli tərəflərinə görə, bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Hətta baxmayaraq ki, elektron siqaretlər əsasən Çində istehsal olunur, burada onun istifadə edilməsi qadağan olunub. Azərbaycanda da deputatlar milli məclisdə bu məsələni müzakirə edib, elektron siqaretlərin ölkədə istifadəsinin qadağan edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Onları ətirli ölümdən qoruyaq!
Yeniyetmə və gənclik çağında övladlarımızı həm valideynlər, həm də cəmiyyət qorumalıdır. Çünki siqaretlə insan arasında qısa bir yol var. O yolda siqaret səni üstələdisə, səninlə bir ömür yoldaşdır. Yox, əgər sən ona üstün gəldinsə, deməli, bir ömür sağlam həyat səni gözləyir. Beləliklə evlərimizdə böyütdüyümüz xüsusilə oğlan övladlarına vaxt ayırıb onlarla söhbətlər aparmaq bizim ümdə vəzifəmizdir.
Eləcə də məktəbdə yeniyetmə oğlan və qızlarla məktəb psixoloqları iş aparmalıdırlar. Bu kimi təkliflərin mənasız olduğunu, yaxşı dost və yoldaşın belə təklif etməsinin mümkünsüzlüyünü onların beyninə yeritməliyik. Çünki onlar həyatın astanasındadır. Nəyi neçə edəcəklərini anlamırlar. Bu yaş dövründə qorunan uşaq gələcəyə tütünsüz bir həyatla gedir. Tüstüsüz həyat isə sağlam ailə, sağlam övladlar, gözəl gələcək deməkdir.
Yeni qanun aprelin 1-dən qüvvədədir. Elektron siqaret və bu tərkibə xidmət edən digər məhsulların istehsalı ilə məşğul olanlar qanuna riayət, özlərinə hörmət etməlidirlər. Çünki əks təqdirdə qanun qarşısında cavab verməli olacaqlar.
Mətanət Məmmədova
Ağ çörəkdən çəkinmək ən yaxşısıdır...
Bəyənmələrin ardınca getmək şəxsiyyətinizi incə şəkildə dəyişə bilər...
Onun forması kartofa bənzəyir...