PDF Oxu

Sosial

  • 786

Dünya niyə sevilməsin? - FOTO

image

Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidovanın ilk şeirlər kitabı çapdan çıxıb. “Dünya niyə sevilməsin?” adlanan bu kitabda sözə könül verdiyi gündən yazıb-yaratdığı, insanın qəlb dünyasına xoş ovqat gətirən, müəllifin daxili aləmini, həyat müşahidələrini və dərin duyğularını əks etdirən poetik nümunələri toplanıb. Kitabda olan şerləri oxuduqca Leyla xanımın misra-misra yaratdığı, ilahi sehrə tapınan sözün qüdrətinə, gözəlliyinə heyran kəsilirsən. Həmçinin sözlər sevgidən, sədaqətdən, əzəmətdən maya tutduğu üçün oxucunu mənəvi saflığa, gözəl əməllərə, ülvi hisslərlə Vətənini , xalqını sevməyə çağırır.

Təpədən- dırnağa ilhamlı söz adamı olan Leyla xanım deyir ki, ilk şeirlər kitabım təkcə yaradıcılıq uğurum deyil, həm də uzun illər çəkdiyim zəhmətimin, mənəvi bağlılığın və unudulmaz xatirələrin təcəssümüdür. Ən əsası qəlbimdən süzülən duyğularımın və insana, vətənə sevgidən yaranan poetik düşüncələrimin oxucularla görüşüdür.

Müəllif onu da bildirir ki, kitabın nəşrini ən çox arzulayan insanlardan biri ustadım, mərhum professor Məsud Məmmədov idi. Professor şeirlərimin kitab halında çapını daim dəstəkləyib, mənə dəyərli məsləhətlər verib və mənəvi dayaq durub. Təəssüf ki, o, kitabın çapını gərməsə də, ən böyük təsəllim şeirlərimi vaxtında ustadıma təqdim etməyim və kitabın ön sözünün məhz onun yazmasıdır. Ustadımın əziz xatirəsi və mənəvi dəstəyi bu gün də yoluma işıq tutur.

Bəli, Leyla Məcidovanın poetik toplusunda söz dünyası zəngin, gözəl və sevdalıdır. Elə buna görə kitabı oxumaqla müqəddəs, ülvi hisslərdən pöhrələnən sözün sehri ilə insan daxilən büllurlaşar, mənən saflaşar...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər