PDF Oxu

Sosial

  • 797

Yaxşı əməllər sahibi - FOTO

image

Həkim Tomar Turab oğlu Şahmarov Lerik rayonunun hörmətli və nüfuzlu ağsaqqal ziyalısı olaraq camaat tərəfindən sevilir. Yaxşılıq, xeyirxahlıq, səxavət onun mayasındadır. Tomar həkimin bütün arzularının zirvəsində Vətənin, xalqın xoşbəxtliyi dayanır. Canında, qanında el məhəbbəti gəzdirən bu dəyərli şəxsiyyət gəncləri də halal yaşamağa, gözəl əməllərə, qurub-yaratmağa çağırır.
T. Şahmarov özünü bilən gündən həyatını xoş arzular üzrə qurub. Həkimlik peşəsi onu yaxşılıq gözündə ucalda-ucalda şərəfli ömrünün 75 ilinə çatdırıb. Köksündə yanar ürək, əynində ağ xələt yorulmada insanlara sağlamlıq bəxş edib. Onun üçün ən böyük var-dövlət xəstələrin üzündəki təbəssüm olub.
O, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının ən fəal üzvdür. Partiya veteranı kimi gördükləri gərəkli olur, rayonun inkişafına, cəmiyyətə fayda verir. Həmçinin alicənablığı, düz amalı, yüksək əxlaqı, insanpərvərliyi gənclərə böyük həyat məktəbidir.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında Tomar Şahmarovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Təşkilatın sədri Malik Mirzəyev yubilyarı səmimi-qəlbdən təbrik edib, onun həm partiya fəaliyyətində, həm də həkim kimi vətəndaşların sağlamlığının qorunması üçün göstərdiyi uzunillik vicdanlı xidmətinə yüksək qiymət verib və deyib:- Tomar həkim peşəkarlığı, humanistliyi və insanlara qayğıkeş münasibəti sayəsində hər zaman böyük hörmət qazanıb. O, insanların sağlamlığı keşiyində təmənnasız duran həkim, yaxşılıq etməkdən zövq alan el ağsaqqalıdır.
Tədbirdə çıxış edən Lerik Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Lerik rayon filialının sədri Veysəl Məlikov və YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov yubilyarı anadan olmasının 75 illiyi münasibətilə təbrik edib, onun cəmiyyət qarşısındakı əvəzsiz xidmətindən, zəngin həyat yolundan və örnək şəxsiyyət olmasından böyük məhəbbətlə söz açıblar.
Tədbirin sonunda yubilyara Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub. O, göstərilən yüksək diqqətə və səmimi təbriklərə görə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının rəhbərliyinə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər