PDF Oxu

Sosial

  • 467

"Şəhidlik Zirvəsi" - FOTO

image

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş" istiqaməti üzrə icra olunan "Şəhidlik zirvəsi" layihəsi çərçivəsində "Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış növbəti televiziya verilişi Vətən müharibəsi şəhidi, tibb xidməti polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayevin həyat və xidmət yoluna həsr edilib. Verilişdə onun timsalında Vətən uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla anılıb.

Layihənin rəhbəri, ideya müəllifi və ssenari müəllifi Cəmilə Çiçək olan proqramda Rasim Abdullayevin uşaqlıq illərindən başlayaraq hərbi həkim kimi formalaşması, peşə fəaliyyətində qazandığı nüfuz, döyüş meydanında göstərdiyi fədakarlıq və Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsi geniş şəkildə işıqlandırılıb. Veriliş boyu onun həm zabit, həm də həkim kimi daşıdığı böyük məsuliyyət xüsusi vurğulanıb.

Proqramın qonaqları – ehtiyatda olan tibb xidməti polkovnik-leytenant Ədalət Yusifov, ehtiyatda olan tibb xidməti mayoru Hafiz Babayev və şəhidin bacısı Yeganə Abdullayeva çıxışlarında Rasim Abdullayevin peşəkarlığından, yüksək mənəvi keyfiyyətlərindən və insanlara sonsuz qayğı ilə yanaşmasından bəhs ediblər. Onlar qeyd ediblər ki, Rasim Abdullayev xidmət etdiyi bütün kollektivlərdə nümunəvi zabit, etibarlı silahdaş və xeyirxah insan kimi böyük hörmət qazanmışdı.

Verilişdə bildirilib ki, Kəlbəcər rayonunun Milli kəndində anadan olan Rasim Abdullayev doğma yurdunun işğalı nəticəsində məcburi köçkünlük taleyi yaşasa da, Vətən sevgisini heç vaxt itirməyib. Azərbaycan Tibb Universitetini başa vurduqdan sonra ömrünü hərbi tibb xidmətinə həsr edən qəhrəman zabit müxtəlif hərbi hissələrdə məsul vəzifələrdə çalışıb, xüsusilə Aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi peşəkarlıqla seçilib.

Verilişdə diqqətə çatdırılıb ki, Hadrut istiqamətində gedən şiddətli döyüşlər zamanı yaralı hərbçilərin həyatının xilas olunması üçün böyük fədakarlıq göstərən Rasim Abdullayev son döyüş tapşırığını yerinə yetirərkən Hadrut–Şuşa istiqamətində düşmən pusqusuna düşərək şəhid olub. Onun həyat yolu hərbi həkim peşəsinin yalnız bilik və bacarıq deyil, həm də yüksək cəsarət və Vətən sevgisi tələb etdiyini bir daha nümayiş etdirib.

Proqramda səsləndirilən ailə xatirələri və döyüş dostlarının söylədikləri fikirlər Rasim Abdullayevin zəngin mənəviyyata malik insan olduğunu tamaşaçılara daha yaxından təqdim edib. Şəhidin bacısı Yeganə Abdullayevanın kövrək xatirələri, eləcə də Rasim Abdullayevin gənclik illərində qələmə aldığı şeirlərdən nümunələrin səsləndirilməsi onun həssas qəlbə, güclü vətənpərvərlik ruhuna və yüksək insani keyfiyyətlərə sahib şəxsiyyət olduğunu göstərib.

Verilişdə qeyd olunub ki, Rasim Abdullayev göstərdiyi misilsiz xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Bu təltiflər onun Vətən qarşısındakı xidmətlərinə verilən yüksək dövlət qiymətinin ifadəsidir.

"Şəhidlik zirvəsi" layihəsi şəhidlərimizin həyat yolunun öyrənilməsi, onların qəhrəmanlıq irsinin təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması məqsədinə xidmət edir. Layihə çərçivəsində təqdim olunan hər bir veriliş qəhrəmanlarımızın şərəfli ömür yolunun cəmiyyətə daha geniş tanıdılmasına töhfə verir.

Rasim Abdullayev kimi qəhrəmanların Vətən naminə göstərdikləri şücaət Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların müqəddəs xatirəsi gələcək nəsillər üçün sədaqətin, mərdliyin və vətənpərvərliyin parlaq nümunəsi olaraq yaşayacaq.

Yazıda əks olunan fikir və mülahizələr müəllifə məxsusdur və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Səfər Şakiroğlu

Tədqiqatçı-jurnalist

Digər xəbərlər