LALƏ MEHRALI
Alaqaranlıq otaqdakı çarpayıda bihuşdarı içmiş kimi uzanmışdım. Yatmırdım, amma oyaq da deyildim. Qonşu otaqdan gələn televizor səsi, həyətdə top qovalayan uşaqların hay-küyü də təsdiq edirdi ki, yatmamışam. Qucağımdakı qızıma tikdiyim can köynəyini sinəmdən aramsız damcılayan süd islatmışdı, gözlərim nəmli o dünya ilə bu dünya arasında gedib-gəlirdim. 14-cü günü idi qızımı itirdiyimin, 14 gün idi cəhənnəmi dirigözlü gördüyüm. Düz 14 gün idi üsyan edirdim yeri-göyü yaradana, düz 14 gün idi daşa dönmüş sinəmdən sapsarı südümü sağıb ağacların dibinə tökürdüm.
İçimdəki üsyanım yenə baş qaldırmışdı, bir ucdan lənət yağdırırdım haqqa. Nə verdiyini, nə aldığını dərk etmədiyim yaşda idim yeri-göyü yaradanın, havalı idim. Kim ömrünün ikinci onilliyində bala dağı görüb havalanmaz ki? 9 ay içində böyütdüyünü 9 saat görə bilməmək kimi dəli etməzdi ki? Mən də dəli olmağa hazırlaşırdım. Bəlkə də olmuşdum, bilmirəm.
Qəfil alaqaranlıq otaq daha da tutqunlaşdı, qulaqlarımı küy, gözlərimi uzaqlıq çəkib apardı. Yaxında yenə televizor səsi vardı, uzaqdan top qovalayan uşaqların harayı eşidilirdi yenə, haradasa bir xoruz da vaxtsız banladı bir ara. Yatmamışdım, dəqiq bilirəm. Amma o otaqda, o çarpayıda, bu dünyada da deyildim.
Qarşı divarda işıq gördüm bir an. Gözümü qıydım. İlahi, insan gördüyü gözəllikdən dəli ola bilərmiş! O mənzərə sadəcə gözəllik deyildi, gözəllik o cür olursa biz gözəllik görməmişik bu dünyada deməli. İnsan ağlının almayacağı, təxmin edə bilməyəcəyi görüntü idi, o nə idisə, başqa bir şey idi. Ucsuz-bucaqsız bir ümman, yamyaşıl döşənmiş yer, insanı dəli edəcək qədər füsunkar bir mavilik, heç vaxt görmədiyim, təsəvvürümün belə olmadığı rənglərdə çiçəklər, güllər, kəpənəklər, quşlar... Mən ilk dəfə o gün gördüm milyonlarla rəngin olduğunu. O gördüyüm mənzərədə yerin göyə qovuşduğunu, torpaqla buludların öpüşdüyünü desəm, inanarsınızmı?
Əgər nə vaxtsa cənnət haqqında nəsə oxumusunuzsa, eşitmisinizsə, onları unudun. Çox xəsisliklə danışır o kitablar. Mən gördüyüm mənzərənin cənnət olduğunu iddia edə bilmərəm, bəlkə ora cənnət idi, bəlkə də daha yuxarı mərtəbələr idi, Tanrı qatı idi, Allahın evi idi, bilmirəm. Əgər cənnət mən gördüyüm yer idisə, onu ifadə etməyə yer üzündəki heç bir dildəki kəlmə yetməz, o mənzərəni ifadə etmək insan işi deyil.
Gözlərimi iri-iri açdım, inanmadım gördüklərimə. Burnuma heç vaxt rastlaşmadığım bir qoxu doldu, eynən nağıllarda deyildiyi kimi, adamı bihuş edən qoxu. Bəlkə də müşk-ənbər deyilən qoxu o idi, bilmirəm. Bu astral səyahət idi, yaradanın 14 günlük üsyanıma görkü idi, Allahsızlığıma dərs idi, başqa nə idi, bilmirəm, amma mən o an o mənzərəni gördüm. Sizə inandığım bütün müqəddəs şeylər, kəslər üstünə and içə bilərəm ki, o mənzərə insanı dəli edə bilərdi, mən necə dəli olmadım, bilmirəm.
Gördüyüm o ümmanda mənə tərəf bir qız gəlirdi, 20 yaşlarında, ağ donlu, uzun xurmayı saçlı. Yeridikcə saçını küləklər oxşayırdı, otlar ayağının altında rəqs edirdi, güllər donunu öpürdü sanki. Ətrafında qanad çırpan quşlar, kəpənəklər onun yerişinə mahnı söyləyirdi elə bil. O yeriyirdi, amma yerimirmiş kimi görünürdü, mənə yaxınlaşırdı, amma həm də uzaqda idi. Qəribə vəziyyət idi, bəzən yuxuda görürük, hərəkət edirik, amma əslində etmirik, onun kimi bir şey.
Mənə həm yaxınlaşdı, amma həm də hələ uzaqda idi. Üzünü, qəhvəyi gözünü, yanağındakı qəmzəni, kirpiyinin titrəməsini - hamısını sanki bir qarış məsafəmdə dayanmış kimi aydın görürəm. Saçlarını iki yandan sancaq yerinə canlı kəpənəklər geriyə toplamışdı. Məzəmmətlə baxdı və dedi: "Ağlama". 2 həftədir anabaan ağlayırdım, amma onu gördüyüm an ağlamırdım, donmuş və heyrətdən gözlərim böyümüş vəziyyətdə idim. Təkrar etdi: "Ağlama, mən evimdəyəm və yaxşıyam, sən də yaxşı ol".
Gülümsədi, gülümsədi... Və necə süzülərək gəlmişdisə o cür də süzülərək çiçəklərin arasında yox oldu qız, sanki yer uddu, göy qeybə çəkdi. O yox olan kimi işıq da silindi divardan. Mən yenə xoruz banlamasını, uşaqların hay-küyünü, televizorun səsini eşidirdim. Yatmamışdım, amma yuxudan oyanmış kimi bir hiss də vardı içimdə. Ya da harasa gedib, gəlmiş kimi idim, bilmirəm.
20 il keçib üstündən, mən artıq ömrümün 4-cü onilliyi ilə savaşdayam, o qızı bu günkü kimi xatırlayıram. Üzünün hər nöqtəsini, ifadəsini, o əsrarəngiz gülləri, o ümmanı, o yerlə göyün qovuşduyu yeri, burnuma dolan o bihuşedici ətri - hamısını xatırlayıram. O qızın donunun üstündəki çiyələk şəkillərini də xatırladığımı desəm, dəli olduğumu sanmazsınız ki?
Doğulandan 10 dəqiqə sonra şəklini çəkmişdik. Əlimdə olan o yeganə şəklini Sİ-ə yükləyib "onu 20 il böyüyərkən təsvir et" dedim. Axı bu il yubileyi idi ilkimin. 20-ci şəkli görəndə boğazım qurudu. Mən də onu belə görmüşdüm, ağ donunda çiyələklərlə. Əlindəki gülü Sİ hədiyyə etdi, onu da bu 20 ilin mükafatı kimi qəbul etdim.
Avqust ayını heç sevmirəm mən. Yandırıcı istisindən, kədər qoxuyan gecələrindən zəhləm gedir. Amma hər il avqustun ayağına ip bağlayıb özümə tərəf çəkirəm, tez gəlsin deyə. Avqust ayı başlayanda sinəmə qor dolur, ayağım buz kəsir. Bir ayda 4 fəsil yaşayıram sanki. O çiyələk donlu qızı gördüyüm gün də avqust ayı idi. O gündən 2 həftə əvvəl, qızımın getdiyi gün də avqust ayı idi. Bu gün bu yazını da avqustda yazıram, maddi dünyaya 7 saatlıq qonaq gələn qızımın ruhi dünyaya getdiyi günün 20-ci il dönümündə.
O avqustdan sonra mən ömrümün bütün avqustlarını köz üstə yalınayaq yeridim, yerlə-göy arasında sıxışdım, qara torpaq ayağımı yandırdı, mavi səma başımı uyuşdurdu. Küləklə, günəşlə, yağışla, avqustla - hər şeylə qovğa etdim, hər şeydən küsdüm. 20 ildir avqust gecələrini dirigözlü açıram, 20 ildir zəhləm gedir avqustdan, 20 ildir həsrətini çəkirəm avqustun.
İnsan ölümlərə necə alışır? İtirə-itirə. İtirməyə övladından başlayırsa necə? Qızımdan çox sonralar, iki balam olandan sonra atam öldü, mən, mənə 33 il atalıq etmiş atamın ölümünə, 7 saat analıq etdiyim qızıma yandığım qədər yanmadım. Bala dərdim atamın balasının dərdindən ağır gəldi. Mən atamın ölümünə alışdım, amma balamın ölümünə yox.
Bilsəydim ki doğulandan sonra bir də görməyəcəyəm səni, adını Turan yox, Həsrət qoyardım, İntizar çağırardım. 20 illik həsrətim, əbədi intizarım, qor dolan köksüm, süd qoxuyan can köynəyim, qurumayan göz yaşım, necəsən, evin necədir?