Bir müddət idi ki, lənkəranlılar şəhərin kanalizasiya sistemindən narazılıq edirdilər. 50–60-cı illərdə cəmi 20 min nəfərin tələbatını ödəmək məqsədilə tikilən sistem son vaxtlar tam yararsız hala düşmüşdü. Belə ki, əhalinin sayı artdığına görə, heç cür mövcud tələbata cavab vermirdi.
Artıq bu problemin həlli istiqamətində mühüm addımlar atılır. Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində yenilənməyə start verilib. Hazırda Səttərxan, Tofiq Aslanov, H. Z. Tağıyev və Koroğlu küçələrində geniş tikinti-quraşdırma işləri aparılır. Keyfiyyətə xüsusi fikir verməklə, günbəgün işlərin miqyası daha da genişlənəcək. Layihə çərçivəsində asfalt örtüyü kəsilərək tullantı poliqonuna daşınması, müxtəlif növ qruntların qazılması və yararsız torpağın kənarlaşdırılması, kommunikasiya xətlərinin köçürülməsi və bərpası işləri görülür.
Kanalizasiya sisteminin yenidən qurulması şəhər və ətraf ərazilərin inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşmasına, ətraf mühitin qorunmasına, sosial-iqtisadi tərəqqiyə və bu sahədə mövcud olan çatışmazlıqların birdəfəlik həllinə mühüm töhfə verəcək. Doğrudur, aparılan tikinti-quraşdırma işləri müəyyən müddət ərzində müvəqqəti narahatlıqlar yarada bilər. Hamı dərk etməlidir ki, bu narahatlıqlar gələcəkdə cənub mirvarisi Lənkəran şəhərinin müasir, dayanıqlı kanalizasiya infrastrukturuna qovuşması, sakinlərin daha rahat və sağlam yaşayış şəraiti ilə təmin olunması naminə həyata keçirilir.
Onu da bildirək ki, kanalizasiya sisteminin yenilənməsi lənkəranlılar tərəfindən böyük razılıqla qarşılanır. Şəhər İcra Hakimiyyətinə ünvanlanan çoxsaylı müraciətlərdə vətəndaşlar bu mühüm layihəyə görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bir mütəxəssis onun gündəlik işini açıqlayıb...