PDF Oxu

Sosial

  • 747

Doğuş stolundan rəqəmsal dünyaya...

image

Son dövrlərin “utanmasan oynamağa nə var ki?” kateqoriyasına daxil olan məsələlərdən biri də doğuş otaqlarında doğuş prosesinin başlanması, gedişi və nəticəsini videoya alıb paylaşmaqdır. Təəssüf ki, bəzi insanlar utanmaq adlı ülvi hissi itirib. Və yenə də təəssüf olsun ki, bəzi doğuş həkimləri də belə görüntülərin yayılmasına dördəlli razıdırlar, çünki arada onların reklamı gedir.

Bütün bunların fonunda ötən illərə qayıtmamaq olmur. Qadınlarımız vardı ki, hamilə olanda qarnı böyüdükcə geyimlərini genişləndirir, ata-qayınatasının, qardaş-qaynının gözünə görünmək istəmirdilər. Çünki abır, həya, ismət vardı.

Hamilə qadınların ictimai yerdə necə sıxıldığını görməmək, hiss etməmək mümkün deyildi. Bətnləri böyüdükcə, bu hal daha da artırdı. Yaxşı xatırlayıram ki, müəllimlərimiz hamilə vaxtı nə qədər ədəbli geyinir və hər vəchlə qarın nahiyəsini gizlətməyə çalışırdılar. Biz də bu tərbiyəni almışdıq. Hamilə vaxtı utanmaq hissi keçirir, bəzi hallarda nəfəsimizi içimizə çəkməklə sanki qarnımızın ortaya çıxmasının qarşısını almağa çalışırdıq. Müasir dövrümüzdə bunu geridə qalmaq kimi dəyərləndirənlər, “burada nə var ki, hamiləsən və dünyaya uşaq gələcək də”, deyənlər az deyil.

Uşaq dünyaya gələndən sonra isə düz 40 gün ana və uşağı çox adam görə bilməzdi. Bu ənənəni də müasir cəmiyyət bəzən düzgün qavramır. Və bunu yenə də keçmiş qayda-qanun, geridə qalmaq, köhnə təfəkkür forması kimi anlayır. Lakin həm tibbi, həm mənəvi baxımdan həmin 40 günün nə qədər böyük əhəmiyyətə malik olmasını bilənlər də az deyil.

Bu gün hamilə qadınları dar geyimdə küçədə, ictimai yerlərdə, hətta sosial platformalarda görəndə adam ikrah hissi keçirir. Birinci, hamilə qadının haqqı yoxdur ki, dar paltarla bətnindəki körpəni incitsin. Hələ abır, həyanı qoyaq bir kənara. İkincisi, qadının da, həkimin də haqqı yoxdur ki, doğuş prosesini videoya almaqla məhrəmiyyət anlayışına ləkə yaxsın. Digər bir tərəfdən də yenicə doğulan uşağı kameranın şüasına məruz qoysun.

Məhrəm olanları nə üçün utanmadan ortaya qoyuruq? Sən uşaq dünyaya gətirirsən, əcəb edirsən. Bunu nə üçün publikaya çevirirsən? Bu, kimə lazımdır. Kim sənin doğuş prosesini görməkdə maraqlıdır?

Bəlkə bizim gənc qadınları doğuş həkimləri başdan çıxarır, araşdıran, bilən varmı? Bir həkim necə razı olur ki, onun iştirakçısı olduğu doğuş prosesi publikaya çevrilir? Axı bu həm tibbə, həm də mənəvi dəyərlərimizə ziddir. Həkim də bir qadın, anadır. Görəsən özünə və öz qızına da bunu rəva bilərmi ki, doğuş prosesi çəkilib rəqəmsal platformaları gəzsin?

Həqiqətən belə həkimlərdən heç soruşan varmı ki, sənə doğuş otağında bu həngaməni yaratmağa ixtiyarı kim verir? Əslində doğuş otağına giriş qadağandır. Belə olan halda bu videolar kim tərəfindən çəkilir? Tibb bacılarımı? Bunun özü də vəzifədən sui istifadə deyilmi?

Bu məsələdə nə doğuşu həkimini, nə də doğan qadını normal hesab edirəm. Düşünürəm ki, mənim fikrimdə olan yüzlərlə insan var. Və biz nə qədər müasirləşsək də, texnologiya nə qədər inkişaf etsə də, o vaxt mədəniliyi, aliliyi itirməmiş olarıq ki, mənəvi dəyərlərimizi qoyuya bilək. Məhrəmiyyətimizi gizli saxlaya bilək. Texnoloji imkanlar hər bir məsələnin qısa və sürətli həllidir. Lakin biz o zaman biz olaraq qalarıq ki, bu kimi bəzi həllərə boyun əyməyək, bəzi məsələlərdə bir qədər düşünək, sonra qərar verək.

Mətanət Məmmədova

Digər xəbərlər