PDF Oxu

Sosial

  • 538

Kiçik pay torpaqlarının konsolidasiyası-kooperativ təsərrüfatların yaradılmasına yeni imkan - FOTO

image

Muğan Düzü Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Muğan bölgəsində kiçik pay torpaq sahiblərinin kooperativ təsərrüfatının yaradılmasına dəstək” layihəsinin icrasını uğurla davam etdirir. Layihənin icrası zamanı keçirilən tədbirlərdə iştirakçılara 2026–2030-cu illər üçün Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramının təsdiq edilməsi və Proqramın əsas hədəf və istiqamətləri barədə məlumat verilmişdir. İştirakçılar dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Eyni zamanda, İctimai Birlik qeyd edir ki, 2024-cü ildə pambıqçılıq, 2025-ci ildə isə taxılçılıqla bağlı Muğan bölgəsində aparılan sorğular, monitorinqlər və keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, kiçik pay torpaq sahiblərinin torpaq sahələrinin kiçik ölçülü olması və müxtəlif ərazilərdə pərakəndə yerləşməsi torpaqlardan səmərəli istifadəyə və məhsuldarlığın artırılmasına mane olur.

Bu nəticələr əsasında 2026-cı ilin iyul ayında Saatlı rayonunun Kamallı, Nərmankənd və Varxankənd kəndlərində keçirilən seminarlar, aparılan sorğular və müzakirələr nəticəsində məlum olmuşdur ki, kiçik pay torpaq sahibləri könüllülük prinsipi əsasında kooperativ və ailə kəndli-fermer təsərrüfatlarının yaradılmasını dəstəkləyirlər.

Əsas problem torpaq paylarının müxtəlif ərazilərdə yerləşməsidir. Bu problemin həlli ilə bağlı tədbirlər zamanı torpaq sahibləri tərəfindən irəli sürülən təkliflər əsasında, torpaq sahiblərinin könüllü razılığı ilə pay torpaqlarının bir ərazidə cəmləşdirilməsinə imkan verən konsolidasiya mexanizminin yaradılması təklif olunur.

Belə mexanizmin yaradılması minimum 5 ha sahədə kooperativ və ya ailə kəndli-fermer təsərrüfatlarının yaradılmasına, istehsal xərclərinin azalmasına və məhsuldarlığın artırılmasına imkan verə bilər.

“Muğan Düzü” SİİB olaraq, bu təklifin aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirik.

Digər xəbərlər