“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yeni bir qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Biz illər, əsrlər sonra da bu şanlı Zəfərin qürurunu yaşayacağıq. Bu qüruru ərazilərimizin işğaldan azad olunduğu tarixlərlə qeyd etməyimiz isə haqqımızdır. Çünki 30 ildə həmin o torpaqların, o şəhərlərin işğalından yetərincə bəhs etmişik, kədərlənib-hiddətlənmişik, ağlayıb-sızlamışıq, köks ötürmüşük. İndi isə o şəhərlərin sevincini yaşamalı, bu şanlı tarixi günləri tariximizin ön səhifələrinə yazmalıyıq.
Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
2020-ci ilin həmin gününü- dekabr ayının 1-ni qürurla xatırlayırıq. Dövlətimizin başçısı yenə xalqa müraciət edirdi: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Laçın rayonu 2020-ci ilin 1 dekabr tarixində ölkəmizə təhvil verilsə də, şəhərin özü və bəzi kəndlər 2022-ci ilin 26 avqust tarixində Azərbaycanın nəzarətinə keçib. Prezident İlham Əliyev bu tarixi hadisəni Laçın şəhəri günü elan etməklə əbədiləşdirib. Bununla da Laçının tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi prosesi başa çatıb.
Budur, 2023-cü ildən hər il 26 avqustu Laçın şəhəri günü kimi qeyd edirik: Laçından-onun dünənindən, bu günündən qürurla danışır, yazırıq.
Mətanət Məmmədova