PDF Oxu

Sosial

  • 595

Qəlbi sözlə döyünən canlı ensiklopediya: professor Seyfulla Əsədullayev - FOTO

image

Zaman keçir, fəsillər dəyişir, ömürlər bir-birini əvəz edir. Lakin elə şəxsiyyətlər var ki, onların bu dünyaya gəlişi zamanı da, məkanı da rəngləndirir, bəşəriyyətin mənəvi xəritəsinə silinməz naxışlar vurur. Belə dahilərdən bir də professor Seyfulla Əsədullayevdir. O, təkcə bir alim deyil, bütöv bir dövrün elmi və mədəni intibahını öz çiyinlərində daşıyan mənəviyyat fatehi idi. Dünyamiqyaslı təfəkkür və ədəbi körpülər onun xarakterində, görünüşundən qaynaqlanırdı.

Seyfulla Əsədullayev adı çəkiləndə gözümüzün önündə ilk növbədə sərhədləri aşan, dünyamiqyaslı bir zəka canlanır. O, ədəbiyyat nəzəriyyəsinin sirlərinə vaqif olan, rus-Azərbaycan ədəbi əlaqələrinin müəzzəm körpülərini quran dahi bir tədqiqatçı idi. Dünyanın ən mötəbər simpozium və konfranslarında, beynəlxalq kürsülərdə Azərbaycan elmini, onun bədii və fəlsəfi təfəkkürünü ləyaqətlə, qürurla təmsil edən bir elçi idi.
Onun xidmətləri dövlətimiz tərəfindən də ən yüksək səviyyədə dəyərləndirilmiş, ustad alim milli elmin inkişafındakı müstəsna xidmətlərinə görə “Şöhrət”ordeninin ləyaqətli daşıyıcısı olmuşdur. Lakin onun üçün ən böyük mükafat xalqının qəlbində qazandığı sonsuz ehtiram və sevgidə gizlənmişdi.Alimin ölməzliyi onun yetişdirdiyi böyük elmi ordusudur.
Bir alimin ömrü yazdıqları ilə bərabər, həm də yetişdirdiyi şagirdlərin, davamçılarının ömründə uzanır. Seyfulla müəllim arxasında elə bir elmi kadr ordusu qoyub getdi ki, bu ordu bu gün də onun işığını gələcəyə daşıyır.
26 elmlər namizədi və 11 elmlər doktoru yetişdirdi Seyfulla müəllim. Bu, sadəcə rəqəmlər deyil. Seyfulla müəllimin gecəli-gündüzlü əməyinin, gəncliyə verdiyi qanadların, Azərbaycan elminin gələcəyinə yatırdığı tükənməz sərmayənin parlaq sübutudur. O, hər bir tələbəsinə bir övlad, bir dost kimi yanaşar, onların elmdə ilk addımlarını böyük bir fədakarlıqla dəstəkləyərdi.
Seyfulla Əsədullayevi yaxından tanıyanlar, onunla 20 il, bəlkə də daha çox yol yoldaşı, sənət yoldaşı olanlar yaxşı bilirlər, o, sadəcə uca bir zəka deyil, həm də heyranedici bir kübarlığın, nəcabətin simvolu idi. Canlı ensiklopediya adlandırılan bu insan, hər kəlməsində bir hikmət, hər rəftarında bir mədəniyyət dərsi keçirdi.
Bu, elə gözəl, elə canlı bir xatirədir ki, İllər keçsə də, bəzi insanların ətri, addım səsləri yaddaşlardan heç vaxt silinmir.
Seyfulla müəllimin Lənkəran Dövlət Universitetinin dəhlizlərində buraxdığı o, xüsusi tənbəki ətri sadəcə bir qoxu deyil, həm də tələbələr üçün bir doğmalıq, bir güvən rəmzi olub. Tələbələrin o, ətri duyan kimi "Müəllim gəlir!" deyə sevinclə, hörmətlə canlanması onun universitet mühitində necə böyük bir iz qoyduğunun, sadəcə auditoriyada mühazirə oxuyan deyil, ruhən tələbələrinə yaxın olan həqiqi bir "Sevimli Müəllim" olduğunun bariz nümunəsidir.
Universitet illərinin o,səmimi, saf aurasını və Seyfulla müəllimin universitet dəhlizlərinə bəxş etdiyi o, akademik ab-havanı xatırladıqca o,illərə kovrəlirəm. Şəxsiyyəti ilə ətrafına işıq saçan, hər xatirədə sevgi ilə anılan belə müəllimlər universitetlərin əsl mənəvi sütunlarıdır.
Nə yaşın hökmü çatdı onun gənc ruhuna,
Nə zaman toxuna bildi o, zərif duyğulara
O, qəlbiylə sevdirdi elmin hər cığırını,
Heykəlləşdi sevgiylə insanların ruhunda.

Yaşına baxmayaraq, qəlbən və ruhən hər zaman gənc qalan Seyfulla müəllim, ətrafına hər zaman zəriflik, gözəllik və səmimiyyət saçırdı. Onun ətrafında zərif məxluqların, sənətə və elmə aşiq ruhların əskik olmaması məhz onun daxili dünyasının estetik zənginliyindən, qəlbinin təmizliyindən irəli gəlirdi. O, davranışı, danışığı, insanlara münasibəti ilə qəlblərdə heykəlləşmiş bir şəxsiyyət idi.Böyük bir alimin, qəlbi hər zaman gənclik enerjisiylə, ədəbiyyat eşqiylə döyünən nurani bir şəxsiyyətin professor Seyfulla Əsədullayevin xatirəsini belə bir gündə ehtiramla yad etmək bəşəri bir vəfadır.
Seyfulla müəllim kimi dəyərli alimin, fədakar bir insanın, dissertantı olmaq hər kəsə nəsib olmayan xoşbəxtlik idi. Bu gün cəmiyyətimizin tanınmiş şəxsiyyətlərindən olan professor Kamran Kazımovun da onun dissertantı olması, illər keçsə də bu gün Seyfulla müəllimlə qürur duyması həm elmi ardıcıllığın, həm də insani vəfakarılığın ən gözəl nümunəsidir. Kamran müəllim həm bir alim olaraq elmimizə xidmət edir, həm də Vüsal Kazımov kimi qəhrəman, vətənpərvər bir oğul böyüdərək bu xalqa ən böyük töhfəsini verib.
Seyfulla müəllimin ətrafındakı bu işıqlı insanlar ordusu onun necə böyük bir məktəb yaratdığının bariz sübutudur.
Bu gün fiziki olaraq Seyfulla müəllim aramızda olmasa da, onun böyük və zəngin elmi, ədəbi-tənqidi, bədii irsi hələ çox yaşayacaq, neçə-neçə nəsillərə yol göstərəcəkdir. Həqiqi aydınlar, dahi alimlər əslində heç vaxt ölmürlər; onlar sadəcə cismən gedir, əsərləri və buraxdıqları xoş xatirələrlə əbədiyyət qazanırlar.

Leyla Məcidova,

Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru dosent,
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru

Digər xəbərlər