PDF Oxu

Sosial

  • 1 178

Qəbul imtahanlarında yüksək nəticə göstərmiş lerikli gənclərlə görüş - FOTO

image

Lerik Rayon İcra Hakimiyyətində 2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş olub. Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak edib.
Tələbə adını qazanmış gəncləri yüksək nəticələrə görə təbrik edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov deyib:- Rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Bu il rayon üzrə ali təhsil müəssisələrinə qəbul olanların sayı 150 nəfərdir. Bu da ötən ilin göstəricisinə nisbətən 6 nəfər çoxdur. Ali məktəblərə qəbul olanların 50 nəfəri qızlardır. 25 nəfər məzun 500-dən yuxarı, o cümlədən 6 nəfər 600-dən yuxarı bal toplayıb. Ötən tədris ilində rayon üzrə 1 nəfər şagird respublika fənn olimpiadasında bürünc medal qazanaraq qalib olmuşdur. Sevindirici haldır ki, yüksək bal toplayan gənclərin sayı hər il artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar.
Natiq daha sonra bildirib: “ Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmişdir. Prezident cənab İlham Əliyev də onun ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirir, ölkəmizdə təhsil islahatları uğurla davam etdirilir. Hər il ali təhsil müəssisələrinə qəbul planının, xüsusilə də dövlət sifarişli yerlərin nisbətən artırılması gənclərin ali təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitin bariz nümunəsidir. Həmçinin dövlətin xüsusi diqqət və qayğısı nəticəsində son illər rayonumuzda onlarla yeni məktəb binası tikilmiş, bir çox məktəb binaları əsaslı təmir olunub. Hazırda bir sıra məktəblər üçün yeni binaların tikintisi davam etdirilir.”
Çıxışında gənclərin intellektual inkişafına, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ali məktəblərə daxil olan gənclərə uğurlar arzulayıb, ümidvar olduğunu bildirib ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Görüşdə söz tələbə adını qazanan gənclərə də verilib “ADA” Universitetinin tələbəsi Məsumə Siyabova, Azərbaycan Tibb Universitetinin tələbəsi Əsmər Miriyeva, Qarabağ Universitetinin tələbələri Ramilə Miriyeva və Hökumə Musayeva, Bakı Mühəndislik Universitetinin tələbəsi Cavanşir Qurbanzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Yusif İmanov və Gülay Əmirzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Qafar Qurbanov, respublika fənn olimpiadasının bürünc mükafatçısı Ünal Sucalı və digərləri çıxış edərək təhsil almaları üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razı qaldığını deyib, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, tələbələrlə görüşün təşkilinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.
Qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş gənclərə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər