Şəhid Valeh Müslümovun 58 yaşı tamam oldu
Birinci Qarabağ müharibəsində Vətənin bütövlüyünü hər şeydən əziz bilən və bu yolda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Valeh Əlizaid oğlu Müslümovdur . O, 1968-ci ildə Lerik şəhərində dünyaya göz açıb. Tez bu işıqlı dünyanı tərk etsə də, şərəfli bir yol keçməklə əbədi olaraq milyonların ürəyində özünə yer etməyi bacardı. Lerik camaatı Valehin adı ilə fəxr edir, örnək olaraq əziz xatirəsini həmişə uca tuturlar.
Valeh Müslümov Vətən uğrunda canından keçərək 23 yaşında olub. O, düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya apararaq əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Onun igidliyinə dövlət tərəfindən yüksək qiymət verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri Valeh Müslümov olmuşdur. Eləcə leriklilərin igid oğlu Valeh ilə bağlı dövlət tərəfindən digər işlər də görülüb. Təhsil aldığı orta məktəb onun adını daşıyır, qarşısında büstü ucaldılıb. Həmçinin şəhərin ən böyük küçəsi də ölməz qəhrəmanın adınadır.
Bəli, Vətənə sevgisi Valehi ən ali mərtəbəyə yüksəldib. İndi bütün Azərbaycan xalqı onun qəhrəmanlığı ilə qürur duyur. O, xalqımızın qəlbində daim yaşayacaq, şərəfli həyatı gələcək nəsillərə həmişə örnək olacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Onlar sizə daha uzun müddət toxluq hiss etməyə kömək edir...