İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakının nəzərdə tutan 2026–2028-ci illər üçün Fəaliyyət Planı hazırlayıb.
Koalisiyanın Fəaliyyət Planı Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planında (MFP) müəyyən edilmiş prioritet istiqamətlər nəzərə alınmaqla hazırlanıb. Sənəd, QHT-lərin malik olduğu praktiki təcrübə, xidmət imkanları, ictimai iştirak, maarifləndirmə, tədqiqat və qurbanlarla birbaşa iş təcrübəsi vasitəsilə dəstəyini nəzərdə tutur.
Təsdiq edilən MFP-da, insan alverinə qarşı mübarizədə dövlət proqramlarının səmərəli icrası yalnız aidiyyəti dövlət qurumlarının deyil, eləcədə prosesdə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının praktiki potensialından da davamlı şəkildə istifadəsi əks edilib. Xüsusilə insan alveri risklərinin erkən aşkarlanması, ehtimal olunan qurbanların müəyyən edilməsi və xidmətlərə istiqamətləndirilməsi, sosial reabilitasiya, uşaqların müdafiəsi, əmək istismarının qarşısının alınması, tədqiqat, maarifləndirmə və yeni risklərin müəyyən edilməsi sahələrində QHT-lərin iştirakı dövlət tədbirlərini tamamlayan mühüm mexanizm kimi qiymətləndirilir.
Fəaliyyət Planı MFP-nin konkret istiqamətlərinə əsaslanır
İkiillik Fəaliyyət Planında Koalisiyanın MFP-nin bir sıra bəndlərinin icrasına verə biləcəyi konkret töhfələr müəyyən edilib. Bunlara insan alveri qurbanlarının müəyyən edilməsi qaydaları və indikatorlarının təkmilləşdirilməsinə töhfə verilməsi, insan alverinin gender aspektlərinin tədqiqi, insan alverinə qarşı ictimai dözümsüzlük mühitinin gücləndirilməsi, potensial qurbanların məşğulluğa istiqamətləndirilməsi, uşaqların müdafiəsi, QHT-in nəzdində fəaliyyət göstərən sığınacaq və yardım xidmətlərinin inkişafı, dövlət–QHT–özəl sektor əməkdaşlığı, təlim və maarifləndirmə fəaliyyətləri daxildir.
Koalisiyanın Fəaliyyət Planında insan alverindən zərər çəkmiş və ya risk altında olan uşaqların müdafiəsinə xüsusi yer ayrılıb. MFP-nin 8.5.3 və 8.5.5-ci bəndləri ilə əlaqəli fəaliyyətlər çərçivəsində risk altında olan uşaqların ehtiyaclarının müəyyən edilməsi, sosial, psixoloji, hüquqi və təhsil xidmətlərinə istiqamətləndirilməsi, təhsildən yayınma və baxımsızlıq hallarının uşaq əməyi, dilənçilik, erkən evlilik və digər istismar riskləri əlaqəli şəkildə nəzərdən keçirilməsi planlaşdırılır.
Fəaliyyət Planının mühüm istiqamətlərindən biri MFP-nin 8.8.5-ci bəndində nəzərdə tutulan uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlar və işəgötürənlərlə aparılan işə QHT töhfəsinin gücləndirilməsidir. Koalisiya bu istiqamətdə həyata keçirilən və nəzərdə tutulan dövlət tədbirlərini dəstəkləməklə yanaşı, sahibkarlar arasında uşaq əməyinin qanuni yeniyetmə əməyindən fərqləndirilməsi, təhlükəli əmək formalarının və risk əlamətlərinin tanınması üzrə məlumatlandırma aparmağı planlaşdırır.
Bununla yanaşı, müəssisələr üçün “Uşaq əməyinin qarşısının alınmasına dair nümunəvi daxili siyasət” layihəsinin hazırlanması və təşviqi nəzərdə tutulur. Bu təşəbbüs sahibkarların yalnız məlumatlandırılması ilə kifayətlənməyərək uşaq əməyinin qarşısının alınması üzrə müəssisədaxili preventiv yanaşmanın formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
MFP-nin 8.4.3 və 8.4.5-ci bəndləri ilə əlaqədar olaraq insan alveri qurbanlarına xidmət göstərən QHT-in nəzdində olan sığınacaq və yardım mərkəzlərinin imkanlarının inkişaf etdirilməsi, hüquqi yardım, sosial müşayiət, psixoloji dəstək və xidmətlərə istiqamətləndirmənin davam etdirilməsi nəzərdə tutulur. Potensial qurbanların məşğulluğu istiqamətində isə onların bacarıq və ehtiyaclarının müəyyən edilməsi, peşə və məşğulluq imkanlarına istiqamətləndirilməsi, təhlükəsiz iş imkanlarına çıxışının dəstəklənməsi və mümkün olduğu hallarda işə yerləşdirildikdən sonra vəziyyətlərinin izlənilməsi planlaşdırılır.
İnsan alverinin formalarının və cəlbetmə üsullarının dəyişməsi Koalisiyanın fəaliyyətində də nəzərə alınacaq. QHT-lərə daxil olan məlumatlar və praktik müşahidələr əsasında yeni cəlbetmə üsullarının, saxta iş təkliflərinin, əmək istismarı risklərinin və rəqəmsal mühitdə yaranan təhlükələrin anonimləşdirilmiş şəkildə ümumiləşdirilməsi, əldə olunan nəticələrin aidiyyəti dövlət qurumları ilə işçi müzakirələrində paylaşılması nəzərdə tutulur. Əməkçi miqrantlar arasında məcburi əmək, sənədlərin saxlanılması, əməkhaqqının verilməməsi, borc asılılığı və təhlükəli iş təklifləri barədə maarifləndirmə də ikiillik fəaliyyət istiqamətlərinə daxil edilib.
Koalisiya MFP-nin 8.8.4-cü bəndinin icrasına töhfə olaraq keçirdiyi əsas təlim və maarifləndirmə tədbirlərinin nəticələrinin qiymətləndirilməsi təcrübəsini genişləndirməyi nəzərdə tutur. Təlimlərdə mümkün olduğu hallarda ilkin və yekun qiymətləndirmədən, iştirakçı rəyindən və praktik halların müzakirəsindən istifadə olunacaq. Məqsəd yalnız keçirilmiş tədbirlərin sayını deyil, onların iştirakçıların bilik və praktik bacarıqlarına təsirini də qiymətləndirməkdir.
Koalisiyanın ikiillik Fəaliyyət Planının əsas prinsiplərindən biri insan alverinə qarşı mübarizədə dövlət qurumları, QHT-lər, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsidir. Bu məqsədlə dövlət qurumları ilə işçi və koordinasiya görüşlərinin keçirilməsi, QHT-lərin praktik müşahidələrinin və təkliflərinin təqdim edilməsi, xidmət və tərəfdaşların əlaqə bazasının formalaşdırılması, yaxşı təcrübələrin paylaşılması və birgə təşəbbüslərin təşviqi nəzərdə tutulur. Koalisiya ikiillik dövr ərzində insan alveri indikatorlarının təkmilləşdirilməsinə dair təklif paketi, gender və digər aktual istiqamətlər üzrə tədqiqat və analitik materiallar, ixtisaslaşmış təlimlər, maarifləndirmə tədbirləri, dövlət qurumları ilə işçi görüşlər, uşaq əməyinin qarşısının alınması üzrə nümunəvi daxili siyasət və xidmətlərə yönləndirməni asanlaşdıran resurs məlumatlarının hazırlanmasını hədəfləyir.
Koalisiyanın mövqeyi
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, Milli Fəaliyyət Planının səmərəli icrasında vətəndaş cəmiyyəti institutlarının iştirakı yalnız ayrı-ayrı tədbirlərə cəlb olunmaqla məhdudlaşmamalı, davamlı və nəticəyönümlü tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməlidir. Koalisiyanın 2026–2028-ci illər üçün hazırladığı Fəaliyyət Planı məhz bu yanaşmaya əsaslanır. Sənəd, Milli Fəaliyyət Planının icrasına QHT sektorunun peşəkar, praktiki və ölçülə bilən töhfəsini sistemləşdirmək məqsədi daşıyır. Hazırlanmış Fəaliyyət Planının aidiyyəti dövlət qurumları ilə müzakirəyə təqdim edilməsi və MFP-nin icrası prosesində dövlət–QHT əməkdaşlığının daha sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Onlar sizə daha uzun müddət toxluq hiss etməyə kömək edir...