PDF Oxu

Sosial

  • 1 293

“Bakıda tələbələrin kirayə mənzil problemi hələ də aktual olaraq qalır“ -SOSİOLOQ DANIŞDI

image

“Tələbələrin kirayə mənzil axtarması bu gün də olur, sabah da olacaq. Yəni bu, qarşısıalınmaz bir prosesdir. Çünki yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələr Bakıya gəlir, qalmaq və yaşamaq üçün mənzil axtarırlar. Təbii ki, bəzi işbazlar da bundan istifadə edərək süni şəkildə qiymətləri artırırlar”.Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib. Onun sözlərinə görə, bu prosesin qarşısını almaq üçün universitetlərdə yataqxanaların fəaliyyətinin genişləndirilməsi, yeni yataqxanaların tikilməsi və tələbələrin orada yaşaması üçün lazımi şəraitin yaradılması vacibdir:” Universitetlərin bir çoxunda yataqxanalar mövcuddur, olmayan ali təhsil müəssisələri üçün isə gələcəkdə bunun nəzərə alınacağı gözlənilir.Bu gün biz müharibədən yenicə çıxmış bir dövlətik. Dövlət vəsaitləri əsasən Qarabağın qurulmasına yönəldilir. Çünki soydaşlarımız 30 ildən artıqdır ki, məcburi köçkün statusunda, öz doğma torpaqlarından kənarda yaşayıblar. İlk növbədə dövlət siyasəti Qarabağın yenidən qurulmasına və insanların öz ata-baba yurdlarına qayıtmasına istiqamətləndirilib.Belə olduğu halda, bütün universitetlərdə yataqxanaların yaradılması da gələcək planlara daxildir. Ona görə də tələbələrin kirayə mənzil problemi hazırda gözlənilən prosesdir və müəyyən müddət belə davam edəcək.Bu gün Bakıda kirayə mənzillərə tələbat onsuz da çox yüksəkdir. Hələ tələbələr şəhərə gəlməmiş belə, kirayə mənzil tapmaq kifayət qədər çətin məsələdir. Bildiyiniz kimi, regionlardan işləmək məqsədilə Bakıya gələn insanların sayı da kifayət qədər çoxdur. Tələbələrin əlavə olaraq şəhərə gəlməsi bu prosesi daha da sürətləndirir və problemi genişləndirir.Odur ki, hələlik bir sosioloq kimi mən bunun tam həllini görmürəm. Gələcəkdə müəyyən problemlər həll edildikdən sonra universitetlərin şəhər ətrafına və rayonlara köçürülməsi, yeni universitet şəhərciklərinin salınması kimi geniş planlar həyata keçirilə bilər.Bütün bunlar reallaşdırıldıqdan sonra, düşünürəm ki, növbəti tədris illəri ərəfəsində bu cür problemlərlə əvvəlki səviyyədə üzləşməyəcəyik. Amma hələlik vəziyyət belədir və hesab edirəm ki, bu proses müəyyən müddət davam edəcək”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər