PDF Oxu

Sosial

  • 1 076

Hisslərimizə hakim olaq, ədəblə davranaq!

image

Nə üçün bir əməli törədəndə fikirləşmədən qərar veririk? Şuşada və işğaldan azad olunmuş bütün ərazilərimizdə torpağa ayaq basanda belə ehtiyatlı olmalıyıq. Çünki bu torpaqların hər qarışında şəhidlərimizin, o yerlərə azadlıq bəxş edən əsgər və zabitlərimizin, sağlamlığını itirib bu gün ağrı-acı ilə yaşayan qazilərimizin ayaq izləri var.

O torpaqlar tək işğaldan azad edilməyib, həm də müqəddəsləşib. Bu müqəddəslikdə isə Şuşa şəhərinin böyük payı var. Çünki uşaqdan böyüyə hamı gözəl bilir ki, Şuşa şəhidlərimizin, əsgər və zabitlərimizin canı-qanı, daşlara sürtülərək sinələrindən, əl-ayaqlarından süzülən qanın hesabına azad edilib.

Bu gün o yerləri ziyrət edə biliriksə, bu, şəhidlərimizin canı bahasına, əsgər və zabitlərimizin hünəri, rəşadətinə görədir. O torpaqlarda onların adı var, o daşlara şəhidlərin adları yazılıb. Onların adının üzərinə yenidən onların adını və yaxud da öz adımızı yazmaqla nə etmək istəyirik? Kim bilmir ki, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa şəhidləri kimlərdir? Bu, bizim daş yaddaşımızdır. Uşaqdan soruşsan, deyəcək, hansı şəhidimiz Şuşada, hansı Suqovuşanda, hansı igidimiz Hadrutda, hası qəhrəmanımız başqa ərazilərdə düyüşlərdə iştirak edib, şəhid olub. Bu yerlərdə daşları yazmaq düşüncəsizlikdən başqa bir məsələ deyil.

Ona görə demək istəyirəm ki, belə həssas məsələlərdə bir dəfə deyil, iki dəfə düşünməliyik. Bizim haqqımız yoxdur ki, onların adı yazılan, qanı dəyən, hopan yerlərə qarşı hörmətsizlik edək. Bu, tək onlara deyil, onların ailələrinə, övladlarına edilmiş hörmətsizlik, sayğısızlıqdır.

Ölkəmizdə şəhidlərin xatirəsinə ucaldılmış kifayət qədər abidə, park, xiyaban var. Onların adı da, müqəddəs ruhu da həmin abidə, park və xiyabanlarda, bir də hər bir azərbaycanlının qəlbində müqəddəsləşib, ölməzləşib, əbədiləşib.

Unutmayaq ki, Azərbaycan bu gün çoxsaylı beynəlxalq tədbirlərə ev sahibi edən ölkədir. Dünyanın hər yerindən ölkəmizə qonaqlar, turstlər, akkreditasiya olunan jurnalistlər gəlir. Belə olan halda azad torpaqlarımızın real görünüşünə xələl gətirəcək bir hərəkət belə etməməliyik. Çünki gələnlərin hər biri foto, video çəkir. Bu hərəkətlə, görün, nələrə səbəbkar olursunuz?...

Bundan əvvəl Nizami konoteatrının binasına da qrafiti çəkilmişdi. Necə eybəcər görüntü yaranmışdı. Həmin görüntünü indi də Şuşada görürük. Gəlin Azəbaycanla bir çox Avropa ölkələrini, heç uzağa getməyək, qonşu Türkiyəni müqayisə edək. Səfərlərimiz zamanı həmin görüntülərlə qarşılaşanda hər birimiz eyni düşüncədə olur və qrafiti çəkənləri, binaların üzərinə müxtəlif yazı, məzmun yazanları qınayırıq. Həmin eybəcər görüntülərin ölkəmizdə olmamasını təqdir edirik.

Belə isə bunu nə üçün edirsiniz? Axı dünən bu mənzərələri qınayanlardan idiniz. Nə olursa-olsun hisslərimizə, ədəbimizə hakim olmalıyıq. Harada, necə davranmaq barədə xeyli fikirləşib, edəcəyimiz hərəkətin nə ilə nəticələnəcəyini göz önünə gətirib sonra əməlimizə qərar verməliyik.

Bizim borcumuz Vətənimizə, onun mədəni-tarixi abidələrinə, mənəvi dəyərlərinə hörmət və sayğı ilə yanaşmaqdır. Bu, bir azərbaycançılıq, bir vətəndaşlıq borcudur.

Mətanət Məmmədova

Digər xəbərlər