PDF Oxu

Sosial

  • 633

Bakı və Formula 1: 10-cu yubiley tədbirinə sayılı günlər qalır

image

Formula 1 dünyanın ən nüfuzlu və ən sevilən avtomobil yarışlarından biridir. Yüksək sürət, müasir texnologiyalar və peşəkar pilotların mübarizəsi ilə seçilən yarışlar hər il müxtəlif ölkələrdə keçirilir. Azərbaycan artıq 10 ildir ki, bu böyük idman tədbirinə ev sahibliyi edir. Belə ki, Formula 1 ilk dəfə 2016-cı ildə Bakıda keçirilib. Həmin yarış “Avropa Qran-Prisi” adı ilə təşkil olunub. 2017-ci ildən isə Bakı Formula 1 təqvimində “Azərbaycan Qran-Prisi” adı ilə yer alıb.

Yarışlar Bakı Şəhər Halqasında keçirilir. 6,003 kilometr uzunluğunda olan trek şəhərin mərkəzindən keçir, İçərişəhərin tarixi divarları ilə yanaşı uzanır və Bakı bulvarı boyunca davam edir. Bu xüsusiyyət Bakı yarışını digər Formula 1 mərhələlərindən fərqləndirən əsas cəhətlərdən biridir. Qədimliklə müasirliyin formasi, mavi gözlü Xəzər bu oyunu digər ölkələrdəki mənzərələrdən fərləndirən başlıca cəhətdir.

Beləliklə, Formula 1 tək oyun deyil, eyni zamanda gözəlliklər içərisində əyləncə, istirahət və ən yüksək səviyyəli turizmdir. Formula 1-in Bakı mərhələsi həm idman yarışı, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə hesab olunur. Bu gün yarışlar dünyanın müxtəlif ölkələrində keçirilir və hər Qran-Pri həmin ölkənin beynəlxalq idman və turizm imkanlarının nümayiş etdirilməsi üçün böyük platformaya çevrilir.

Formula 1 Azərbaycanın iqtisadiyyatına və turizminə nə verir?

Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin turizm imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. Yarış günlərində dünyanın müxtəlif ölkələrindən çoxsaylı azarkeşlər Bakıya gəlir. Xarici qonaqların otellərdə qalması, restoranlardan, nəqliyyatdan və digər xidmətlərdən istifadə etməsi şəhərin iqtisadi fəallığına müsbət təsir göstərir.

Bununla yanaşı, yarışın təşkili zamanı yerli şirkətlər, texniki mütəxəssislər, mühəndislər, könüllülər və müxtəlif xidmət sahələrində çalışan insanlar prosesə cəlb olunur. Beləliklə, Formula 1 təkcə idman tədbiri deyil, həm də müxtəlif sahələrdə yeni təcrübə və imkanlar yaradan böyük beynəlxalq layihəyə çevrilib.

Bakı Formula 1-lə dünyaya…

Formula 1-in ən böyük üstünlüklərindən biri onun qlobal auditoriyaya malik olmasıdır. Yarış zamanı televiziya yayımları və rəqəmsal platformalar vasitəsilə Bakı dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya nümayiş etdirilir. Bu zaman tamaşaçılar yalnız avtomobil yarışını izləmir, eyni zamanda Bakının küçələrini, İçərişəhəri, Xəzər sahilini, şəhərin müasir memarlığını və Azərbaycanın qonaqpərvərliyini də görürlər. Beləliklə, Formula 1 Azərbaycanın turizm potensialının və ölkənin müasir simasının beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm vasitələrdən birinə çevrilib. Üstəlik hər il minlərlə qonağln Bakıya Formula 1-I izləməyə gəlməsi və yuxarlda sadalananları gözləri ilə görməsi və əlavə olaraq Azərbaycanın digər bölgələrinə səfərləri isə turizmin xarici qonaqlar üçün coğrafiyasını daha da genişləndirir.

Formula 1 yubileyinə necə hazırlaşır?

2026-cı il Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək. Formula 1-in rəsmi təqviminə əsasən, əsas yarış sentyabrın 26-da baş tutacaq. Yubiley yarışı olduğu üçün təbii ki, qonaqlar da çox olacaq. Və əlavə coxsaylı tədbirlər gözlənilir.

Bütün bunlara görə Bakı Şəhər Halqasında 2026-cı il yarışına hazırlıq çərçivəsində tamaşaçı imkanları da genişləndirilib. Yeni “City” tribunası 678 tamaşaçı üçün nəzərdə tutulub və tribunaların ümumi tutumu 21 min nəfəri ötüb. 2025-ci il Azərbaycan Qran-Prisi zamanı 90 mindən çox tamaşaçı iştirak etdiyini nəzərə alsaq, builki yarışda daha çox tamaşaçının olması ehtimalı böyükdür. Çünki 2026-cı il Azərbaycan Qran-Prisi Formula 1-in Bakıda keçirilməsinin 10-cu ildönümünə təsadüf edir. Bu münasibətlə şəhərdə yarışla yanaşı müxtəlif əyləncə proqramlarının da təşkili nəzərdə tutulur.

Hazırlıq işləri çərçivəsində yeni tribunalar quraşdırılması işləri sürətləndirilib. Eyni zamanda yarış həftəsində beynəlxalq səviyyəli musiqi proqramlarının təşkili də planlaşdırılıb. Məlumata görə, 24-26 sentyabr tarixlərində keçiriləcək tədbirlər çərçivəsində Katy Perry və Calvin Harris də Bakıda çıxış edəcəklər.

Formula 1-in Azərbaycanın beynəlxalq imicində rolu

Formula 1 Azərbaycanın dünyada tanıdılması üçün mühüm imkan yaradır. Bakı yarışının beynəlxalq televiziya yayımı şəhərin görüntülərinin müxtəlif ölkələrdə nümayiş etdirilməsinə şərait yaradır. Azərbaycanın paytaxtının həm qədim, həm də müasir simasının eyni yarış trekində birləşməsi Bakıya xüsusi üstünlük verir. İçərişəhərin tarixi küçələri, Xəzər sahili və müasir şəhər infrastrukturu yarış görüntülərində bir araya gəlir.

Bu baxımdan Formula 1 Azərbaycan üçün sadəcə idman yarışı deyil. O, ölkənin turizm imkanlarını, şəhər infrastrukturunu, təşkilati potensialını və beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığını nümayiş etdirən böyük platformadır.

Beləliklə, 2026-cı il Azərbaycan Qran-Prisi Bakıda Formula 1 yarışlarının 10 illik tarixinin növbəti səhifəsi olacaq. Həmin səhifədən dünyaya bir yol açılacaq. Bu yol Azəbaycanın inkişafından, müstəqilliyindən, müasirliyindən, qonaqpərvərliyindən daha geniş auditoriyaya söhbət açacaq.

Mətanət Məmmədova

Digər xəbərlər