PDF Oxu

Sosial

  • 972

"Məişət tullantılarının düzgün idarə olunmaması çoxşaxəli problemdir" - EKOLOQ

image

"Məişət tullantılarının düzgün idarə olunmaması təkcə ətraf mühitin çirklənməsi deyil, həm də insan sağlamlığına, iqtisadiyyata və sosial həyata ciddi təsir göstərən çoxşaxəli problemdir". Bu fikirləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.Onun sözlərinə görə, ilk növbədə, tullantılar torpağın çirklənməsinə səbəb olur. Xüsusilə plastik tullantılar, istifadə olunmuş batareyalar və müxtəlif kimyəvi maddələr torpağa düşdükdə onun tərkibinə zərərli maddələr buraxır: "Tullantıların parçalanması zamanı yaranan müxtəlif kimyəvi birləşmələr torpağın keyfiyyətini və məhsuldarlığını azaldaraq kənd təsərrüfatına da mənfi təsir göstərir. Digər ciddi problem su hövzələrinin çirklənməsidir. Zibil poliqonlarından süzülən çirkli mayelər yeraltı sulara, çaylara və göllərə qarışa bilər. Nəticədə içməli su mənbələri və su ekosistemləri təhlükə ilə üzləşir.Məişət tullantıları havanın çirklənməsinə də səbəb olur. Tullantıların açıq havada yandırılması xüsusilə təhlükəlidir. Plastiklərin yandırılması zamanı havaya zəhərli və sağlamlıq üçün təhlükəli maddələr, eləcə də xırda hissəciklər yayıla bilər. Bu isə təkcə insanlar üçün deyil, heyvanlar və bütövlükdə ətraf mühit üçün ciddi risk yaradır. Tullantıların açıq havada yandırılması utilizasiya üsulu deyil, əksinə, ekoloji problemləri daha da dərinləşdirən yanlış yanaşmadır.Toplanıb qalan tullantılar bakteriya, virus və parazitlərin, həmçinin xəstəlikləri yayan siçan, siçovul və digər zərərvericilərin çoxalması üçün əlverişli şərait yaradır. Havanın və suyun çirklənməsi isə müxtəlif xəstəliklərin yayılma riskini artırır.Plastik tullantılar isə ayrıca ciddi problemdir. Plastik təbiətdə uzun müddət qalır və zaman keçdikcə xırda hissəciklərə – mikroplastiklərə parçalanaraq torpağa, suya və canlı orqanizmlərə mənfi təsir göstərə bilir. Bu təsirlər yalnız insanlarla məhdudlaşmır. Heyvanlar, o cümlədən ev heyvanları da tullantılarla təmas zamanı müxtəlif təhlükələrlə üzləşirlər.Məişət tullantılarının düzgün idarə olunmamasının digər mühüm fəsadı iqlim dəyişiklikləri ilə bağlıdır. Tullantıların əlverişsiz şəraitdə parçalanması zamanı metan qazı əmələ gələ bilər. Metan güclü istixana qazlarından biridir və atmosferdə onun miqdarının artması iqlim dəyişikliklərinə mənfi təsir göstərir.Bütün bunlar göstərir ki, məişət tullantılarının idarə olunması yalnız təmizlik məsələsi deyil. Bu, ətraf mühitin qorunması, insan sağlamlığının təmin edilməsi, kənd təsərrüfatının və su ehtiyatlarının mühafizəsi, eləcə də iqlim dəyişikliklərinin qarşısının alınması baxımından mühüm məsələdir. Buna görə də tullantıların çeşidlənməsi, təkrar emalı və təhlükəsiz şəkildə utilizasiyası istiqamətində daha effektiv tədbirlərin görülməsi vacibdir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər