PDF Oxu

Sosial

  • 9

Yeni Azərbaycan Partiyası cəmiyyətdə ən böyük siyasi gücə malikdir

Yeni Azərbaycan Partiyası cəmiyyətdə ən böyük siyasi gücə malikdir
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi. Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli hadisəyə malik olduğunu söylədi.
YAP Sabunçu rayon təşkilatı tərəfindən 10 bələdiyyə üzrə 132 namizədin irəli sürüldüyünü və irəli sürülən namizədlərin hər birinin vətəndaşların sosial və digər problemlərinin həllində daha yaxından iştirak edəcəyinə əminliyini ifadə edən M.Abasquliyeva bələdiyyələrin 10 il müddətində müəyyən yol keçdiyini və bu müddət ərzində, bir çox təcrübələr əldə etdiyini də bildirdi. Qeyd etdi ki, qarşıdakı müddətdə seçici dəstəyi qazanacaq bələdiyyə üzvüləri yerli özünüidarəetmədə layiqli formada təmsil olunacaq. M.Abasquliyeva cəmiyyətin istənilən prosesə adekvat reaksiyasının yüksək olduğunu da qeyd etdi: "Azərbaycan cəmiyyəti qlobal dünyanın tərkib hissəsi olduğu üçün buradakı istənilən dəyişiklik, məhz insanların ictimai-siyasi və sosial münasibətlərə olan mövqeyində özünü göstərir. Ona görə də, mövcud ictimai münasibətlər müstəvisində cəmiyyətimiz durmadan inkişaf edir. Ulu Öndərimizin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə və dəyanətlə inkişaf etdirilməkdədir. Artıq Azərbaycan, nəinki regionda, hətta beynəlxalq aləmdə də öz mövqeyini günü-gündən daha da möhkəmləndirməkdədir.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Məhərrəm Mehrəliyev vətəndaşların hər bir ictimai-siyasi və sosial məsələdə aktivlik nümayiş etdirməsinin əsas şərt olduğunu qeyd etdi. Bildirdi ki, cəmiyyətin inkişafı onun üzvlərinin nə dərəcədə fəal olmasından asılıdır. Bu baxımdan da, insanların öz talelərinə biganə qalmamasının başlıca səbəbini aktiv olmaqda görən M.Mehrəliyev sabitliyin insanların mövcud yaşam tərzələrinə böyük təsirlərinin olduğunu bildirdi.
Sabunçu rayon Kürdəxanı qəsəbəsindən olan ağsaqqal Sahib İbrahimov da qarşıdakı seçkilərdə rayon seçicilərinin böyük aktivlik və seçici fəallığı nümayiş etdirəcəyinə əminliyini bildirdi. Qeyd etdi ki, bu gün ölkəmizin hər bir sahəsində olan inkişaf insanların seçkiyə olan inamını daha da gücləndirib. Məhz bundan əvvəlki seçkilərin nəticəsi olaraq, insanlar öz həyatlarında müsbət dəyişikliklərin göz önündə olduğunu bildirən ağsaqqal ölkəmizin günü-gündən daha da qüdrətləndiyini söylədi.
Bələdiyyə üzvlüyünə namizəd Vahid Kərimov da çıxışında ölkəmizdə formalaşmış olan bələdiyyə strukturundan və onun fəaliyyət istiqamətlərindən bəhs etdi. Sonda seçiciləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Digər xəbərlər