Oktyabrın 25-də Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Tarixi Dövlət Muzeyinin ZOOM platforması üzrə təşkil etdiyi “Muzeylər: ənənə inteqrasiyaları, novasiyalar və renovasiyalar” beynəlxalq elmi-praktiki konfransında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları məruzə ediblər.Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycanın Masallı rayonunda aşkarlanan Samani sikkələri”, İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi “Milli Azərbaycan Tarixi Muzeyində tədris-əyləncə proqramlarının yeni formaları” və Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədovun “Müasir dünyada muzey işinin inkişafı” məruzələrində muzeylərdə qorunan maddi-mədəniyyət nümunələri və digər materiallar, onların müasir tədqiqi və təbliği, həmçinin yeni tələblərə müvafiq muzey fəaliyyəti haqqında məlumat verilib. Məruzələr elektron təqdimatlarla müşayiət edilib.Konfransda Özbəkistan, Fransa, Misir, Qazaxstan, Karakalpakstan alimlərinin də aktual məruzələri dinlənilmiş və müzakirələr edilmişdir.Konfrans məqalələrinin nəşri nəzərdə tutulub.