...artıq içiləndə dərd verir o da
İnsan bədəninin 55-75%-i sudan ibarətdir. Körpəlikdə bədənimizdə 75% olan su, yaş artdıqca 55%-dək düşür. Su bədənimizdəki qidaları hüceyrələrə daşımağa kömək edir və orqanizmin tullantılarını hüceyrələrdən təmizləyir. Eyni zamanda, bədən istiliyini tarazlaşdırır, oynaqları və daxili orqanların fəaliyyətini rahatlaşdırır, qan dövranını təmin edir, ürək-damar funksiyalarını qoruyur. Araşdırmalar arıqlamaqdan baş ağrısına, böyrək daşlarından əhval-ruhiyyəyə qədər bir çox problem zamanı su içməyin faydaları barədə ciddi nəticələr ortaya qoyur.
Su içməyin orqanizm üçün çoxlu faydaları var. Su bütün orqan və toxumaların işləməsi üçün zəruri olan qan dövranı üçün lazımi zəmin yaradır. Ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, reproduktiv sistem, sinir sistemi, böyrəklər, beyin və qaraciyərin düzgün işləməsi kifayət qədər su istehlakından asılıdır. Bundan əlavə, müntəzəm və kifayət qədər su içmək qəbizlik və yüksək təzyiqi qaydaya salır.
Bədəndən 2% və ya daha çox su itkisi olduqda, idrak qabiliyyətimiz azalmağa başlayır. Bədəndən itirilən su əvəz edilmədikdə konsentrasiyanın olmaması, reflekslərin yavaşlaması, qısamüddətli yaddaş problemləri, əhval-ruhiyyənin olmaması və narahatlıq yarana bilər. Bunun qarşısını almaq üçün gündəlik işləriniz zamanı su içməyi unutmamalısınız. Susuzlaşma fiziki performansa və beyin quruluşuna təsir göstərir, beyin toxumasının kiçilməsinə səbəb ola bilər.
Heç bir canlı su olmadan yaşaya bilməz. Nisbi su çatışmazlığı bədənin bəzi funksiyalarını sıradan çıxardır, sonra isə öldürür. Su ilk əvvəl enerji qaynağıdır. Su bədənin hər hüceyrəsində siqnal və maqnitizmin qurulmasında enerji çıxarır, bizə həyat gücü verir. Su hüceyrə quruluşundakı maddələri bir-birinə bağlayan əsas vasitədir. Ziyanlı DNT-nin qarşısını alır və qurulmasında və bərpasında köməkçi olur. İmmunitet sisteminin mərkəzi olan sümük iliyində xərçəng də daxil olmaq üzrə, müxtəlif xəstəliklərə qarşı gücləndirici effekt yaradır. Bütün qidaların, vitaminlərin və mineralların təməl həlledicisidir. Bədəndə qidaları kiçik parçalara ayırır, həzmlərində və son mərhələlərində əsas yeri tutur. Bütün elementlərin bədənə daşınmasına köməkçi olur. Ağciyərlərdə oksigen yığan qırmızı qan hüceyrələrinin iş səmərəsini artırır.
Baş ağrınız olan günlərdə kifayət qədər su istehlak etdiyinizə əminsinizmi? Çünki araşdırmalar göstərir ki, baş ağrılarının səbəblərindən biri də susuzluq ola bilər. Bu, həmçinin miqreni oyada və ya miqren ağrılarının daha uzun çəkməsinə səbəb ola bilər. Su istehlakı böyrəklərimizin sağlamlığı üçün də vacibdir. Çünki kifayət qədər miqdarda su istehlak etmək böyrəklərin bədəndən zərərli maddələri çıxarmasına kömək edir. Bundan əlavə, araşdırmalar göstərir ki, insanların çoxunun həyatının müəyyən dövründə əziyyət çəkdiyi böyrək daşları su istehlakı ilə əlaqəlidir. Yetərli miqdarda su içmək böyrəklərdə daş əmələ gəlməsi riskini 60% azaldır və həmçinin təkrarlanma ehtimalını azaldır. Bundan əlavə, kifayət qədər su istehlakı sidik yolları infeksiyalarının qarşısını ala bilər10 və sidik kisəsi xərçəngi ehtimalını azalda bilər. İçdiyimiz suyun miqdarı dərinin quruluğuna, sərtliyinə və elastikliyinə, həmçinin dərinin nəmliyinə təsir göstərir. Quru dəri kimi probleminiz varsa, gündəlik su istehlakınızı artırın.
Araşdırmalar göstərir ki, su istehlakının artırılması pəhriz saxlayan insanların arıqlamasına müsbət təsir göstərir. 500 ml su içmək maddələr mübadiləsi sürətinizi 30% artırır. Bu artım 10 dəqiqə ərzində başlayır və təxminən yarım saatdan sonra maksimum səviyyəyə çatır. Yeməkdən əvvəl su içməyin daha az yemək yeməyə kömək etdiyi və beləliklə də daha az kalori istehlak etdiyi aşkar edilib.
Məşq edərkən itirdiyiniz suyu bədəninizə qaytarmasanız sağlamlığınız təhlükədə olar, ona görə də məşq edərkən ara-ara su içməyi unutmayın. Beləliklə, bədəninizin susuz qalmasının qarşısını ala, gücünüzü bərpa edə, dözüm qazana və məşq müddətinizi uzada bilərsiniz. Az su içən insanlar, istehlak etdikləri suyun miqdarı artdıqca daha az yorğun və yuxusuzluq hiss etdiklərini, içdikləri suyun miqdarını azaldanlar isə bunun əhval-ruhiyyələrinə mənfi təsir etdiyini bildirirlər. Əgər bəzi günlərdə daha narazı, daha az enerjili və daha neqativ hiss etdiyinizi hiss edirsinizsə, o zaman gündəlik istehlak etdiyiniz suyun miqdarı barədə düşünün.
Bədəninizdən tər və sidiklə çıxarılan suyun yerini doldurmaq üçün də su istehlakı vacibdir. Bədəniniz susuzluq hissi ilə yanaşı bəzi əlamətlərlə suya ehtiyacınız olduğunu bildirir. Məsələn, quruyan ağız, qol və ayaqlarda hiss edilən zəiflik, baş ağrısı və başgicəllənmə kimi simptomlar bədəninizin susuz qalması deməkdir. Təbii ki, içdiyiniz suyun keyfiyyəti də içməli su qədər önəmlidir. Bütün bədənimizə təsir edən və həyatımızın əsasını təşkil edən su keyfiyyətli olmaldır.
Sağlam bir insan hər gün bədən çəkisinin hər kiloqramı üçün təxminən 35 ml su içməlidir. Misal üçün, çəkisi 50 kiloqram olan şəxs 1,7 litr, 60 kiloqram çəkisi olan şəxs 2,1 litr, 70 kiloqram çəkisi olan şəxs 2,4 litr, 80 kiloqram çəkisi olan şəxs isə 2,8 litr su istehlak etməlidir. Yəni, nə qədər ağırsınızsa, bir o qədər çox suya ehtiyacınız var. Amma, çox su içmək də kifayət qədər içməmək qədər zərərlidir. Tövsiyə olunan gündəlik miqdar böyrəklərinizin və ürəyinizin ehtiyacı olan miqdarı əks etdirir. Unutmayın, inci qədər saf su da bəzən orqanizmimizə zərər verə bilər...
Hər gün, yuxudan ayıldıqdan sonra içdiyiniz 1 stəkan su təravətləndiricidir, gecədən azalan su ehtiyatını bərpa edir və bədəni qüvvətləndirir. Ehtiyacınız olan suyun ilk litrini səhər-günorta aralığında istehlak edin. Bəzən su yerinə bol miqdarda çay, kofe istehlak edənlər bununla bədənin su ehtiyacını ödədiklərini düşünürlər. Lakin heç bir içki suyu əvəz edə bilməz. Əksinə, çay, kofe, qazlı və rəngli suların həddindən artıq istehlakı susuzluq hissini yatır və orqanizmin suya olan ehtiyacı azalır. Susuzluq hiss etməmək orqanizmin gündəlik su ehtiyacının ödənilməsi demək deyil. Unutmayın ki, rəngli, şirin sularda kalori səviyyəsi də yüksəkdir. Amma adi içməli suda kalori yoxdur.
Lalə Mehralı