PDF Oxu

Cəmiyyət

  • 4 953

Uşağı kitab oxumağa necə alışdırmaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

Uşağı kitab oxumağa necə alışdırmaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"Mütaliə etmək insanın biliyini artırmaqdan əlavə qavrama, fantaziya və yaradıcılıq qabiliyyətini, həyat təcrübəsini də artırır. Yeni sözlərin öyrənilməsi, yeni hadisələrin, obrazların dərk edilməsi sayəsində beyin inkişaf edir. Kitab oxuyan insan daha savadlı yazır və fikrini daha düzgün çatdıra bilir". Bu sözləri SİA-ya psixoloq Arzu Qurbanova deyib. Onun sözlərinə görə, kitab oxumağı alışqanlıq halına gətirmək olar: "Çox vaxt valideynlər uşaqların kitab və ya dərs oxumağa marağının olmamasından şikayət edir. Onlar hər nə etsələr də, uşaqlarda kitab oxumağa həvəs yarada bilmirlər. Uşaqları kitab oxumağa həvəsləndirmək üçün ilk növbədə onlarda bu vərdişi yaratmaq lazımdır. Bunun üçün valideynlər, yaxud nənə-baba və ya dayə uşaqlara kiçik yaşlarında yatmazdan əvvəl kitab oxumalı və bunu hər gün eyni vaxtda etməlidirlər. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha çox nailiyyətlər əldə edirlər"."Uşağının kitab oxumasını istəyən valideyn özü də ona nümunə olmalıdır. Belə ki, valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Ümumiyyətlə, uşağı düzgün tərbiyə etmək istəyən valideyn ona düzgün nümunə olmağı bacarmalıdır. Uşaqlara kitabları sevdirmək üçün evdə kitab guşəsi yaratmaq da önəmlidir. Bir otaqda və ya otağın hansısa küncündə müxtəlif qəzet, jurnal və kitablardan təşkil olunmuş kitabxana təşkil etməklə uşağın diqqətini cəlb etmək olar. Bununla yanaşı uşaqları müntəzəm kitab mağazasına aparmaq, orada müəyyəm vaxt keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. Əgər övladınızın seçdiyi kitab sizi maraqlandırmırsa, həmin kitabı almaqdan imtina etməyin. Uşağın seçiminə hörmət edərək onun kitab oxumağa olan həvəsini daha da artıracaqsız. Eləcə də həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək yaxşı nəticə verəcək. Hər bir ailə üzvünün oturub kitab oxuması ailə üzvlərinin arasında mehribanlığın artmasına, uşaqların daha da savadlı böyüməsinə təsir edir",- deyə o əlavə edib.Həmsöhbətimiz hesab edir ki, oxunan kitabları birgə müzakirə etmək də uşaqda kitaba, biliyə qarşı marağı formalaşdırır: "Belə ki, müzakirələr nəticəsində uşaq kitabda yazılanları daha yaxşı başa düşəcək. Eləcə də oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də olar. Bu üsul uşaqda öz fikrini düzgün çatdırmaq qabiliyyətini artırır".

Ləman Sərraf

Digər xəbərlər