Medianın İnkişafı Agentliyinin 3 yaşı tamam oldu
.
Müasir media tendensiyaları bu sahədə çox mürəkkəb və ziddiyyətli vəziyyət yaradıb. Klassik, peşəkar media ilə yanaşı ortalıqda daha bir “media” var- sosial media adlandırılan sosial şəbəkə səhifə və kanalları, saytlar, bloqlar və sair internet resursları. İkincilər həqiqi media sayılmasa da, kütlə onları media kimi qəbul edir. Çünki artıq kütləvi informasiya vasitələri formasına keçiblər. Onlardan bəzilərinin auditoriyası peşəkar media resurslarından çoxdur. Nəticədə informasiya məkanında qarışıqlıq, nəzarətsizlik və nizamsızlıq hökm sürür. Ortalıqda bir hadisə və ya proses haqda tam antipod xəbərlər dolaşır- bir tərəfdə məsələ başqa cür verilir, digər tərəfdə başqa cür. Beləliklə, oxucu, tamaşaçı, dinləyici auditoriyası çaş-baş qalır- hansının doğru olduğunu təyin edə bilmir.
İnternet medianın inkişafı və bu sahədə ictimai və dövlət nəzarətinin olmaması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situyasiyalarda dəfələrlə görürük. Belə vəziyyətlərdə dezinformasiyalar, qərəzli, böhtan xarakterli materiallar çoxalır.
Artıq minlərlə sayt, sosial şəbəkə səhifələri və kanalları açılıb və bunun adı media qoyulub. Bu şəraitdən xalqımıza və ölkəmizə zərər vurmaq istəyən xarici və daxili qüvvələr necə lazımdır bəhrələnir. Hətta reket jurnalistlər bu sosial media məkanında qanunsuz biznes qururlar. Bir sira xarici dairələr isə bu sosial media məkanında zərərli təbliğat aparır, dezinformasiya yayır, təxribat təşkil edirlər. Lakin adi izləyicilər onların funksiyasını və məqsədlərini bilmirlər və onları media hesab edirlər.
Getdikcə internet məkanında bu “media”nın üstünlüyü ələ alması peşəkar medianı kölgədə qoyur. Üstəlik, indi hamı bir növ jurnalist olub- hərənin əlində kamera və diktofona malik internetə bağlı smartfon var- istənilən hadisəni dərhal çəkib şəbəkəyə yerləşdirirlər və peşəkar media tərpənənədək əhali bu hadisəni görür. Artıq ciddi medianın hazırladığı xəbər materialı daldan atılan daşa bənzəyir.
Hazırda jurnalistikanın janrlarından demək olar ki, yalnız xəbər janrı qalıb. Mətbuat təkcə xəbər demək deyil, xəbər mətbuatın yalnız bir janrı, bir tərəfidir. Analitik yazılar, araşdırmalar, müsahibələr hazırlanmalı, müxtəlif problemlər işıqlandırılmalıdır. İnsanlar da artıq xəbər oxumaqdan bezib. Pamflet, felyeton, esse, oçerk, parodiya kimi publisistik yazılara nadir hallarda rast gəlinir. Maarifləndirici, ifşaedici karikaturalardan istifadə haqda heç danışmağa dəyməz.
Beləliklə, peşəkar medianın sıradan çıxmaması, nüfuz və təsirini saxlaması üçün ciddi işlərə başlamaq vaxtıdır. Burada həm dövlətin, həm də cəmiyyətin rolu vacibdir. Klassik media öz problemlərini öyrənməli, müzakirə etməli və həlli üçün çalışmalıdır. Bu işin başında da müvafiq dövlət orqanı olan MEDİA dayanmalıdır, bundan başqa qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası, həmçinin digər jurnalist təşkilatları, media orqanlarının özü prosesdə fəal iştirak etməlidir.
İlk növbədə klassik medianın çatışmazlıqlarını bilməliyik. Əvvəla, biz hər zaman dünya standartları, peşəkarlıq və sairə məsələləri müzakirə edirik, özümüzü bu prinsiplərə uyğunlaşdırmaq istəyirik. Amma bunu real planda tətbiq edə bilmirik. Bu halda qlobal media məkanına çıxmaq mümkün deyil.
Bizim mediada sosial problemlərə çox az toxunulur, onun əvəzinə şou xarakterli materiallar çox işlənilir. Hesab edilir ki, belə materiallar daha çox oxucu, tamaşaçı, dinləyici gətirir. Halbuki, maraqlı təhlillər, elmi məqalələr, sosial araşdırmalar ortaya qoyulmalıdır ki, daimi oxucu kütləsina sahib olsun. Beləliklə, onların reklam bazarı da formalaşacaq. Bütün bunlar olmadan media subyektləri özünü maliyyələşdirə bilmir. Özünü maliyyələşdirə bilməyən media heç zaman peşəkar, azad ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz.
Azərbaycan mediası həm də informasiya müharibəsi aparır. Dünya arenasına çıxmaq, Azərbaycan həqiqətlərini çatdırmaq üçün çoxsaylı peşəkar işçi qüvvəsi olan peşəkar media qrurlar- tərkibində saytlar, qəzetlər, informasiya agentlikləri olan resurslar lazımdır. Yüzlərlə zəif, kiçik saytlardansa, iri media qrupları formalaşarsa, artıq informasiya məkanının mütəşəkkilliyi və effektivliyi daha yüksək səviyyədə olar. Bu təmərküzləşmə prosesinə əsasən bir neçə media orqanı birləşərək, böyük media holdinqləri formalaşmalıdır. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik.
Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah bizim (yəni, dövlətin, cəmiyyətin) əlində olmalıdır. İnsanlar media orqanlarında dolğun, ciddi , tərəfsiz məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir. Bu məsələnin müəyyən edilmiş mexanizmi olmalıdır. Qızıl ortanı tutmaq lazımdır. Senzura olmur, mətbuata tam azadlıq verilir və digər tərəfdən qanunsuzluq meyllərinin qarşısı alınır. İnsanların bir-birini təhqir etməsi, şər-böhtan atması, təxribat xarakterli məlumatların yayılması məsələlərinə ciddi nəzarət edilməlidir.
Əsas problemlərdə biri də, jurnalistlərin peşəkarlığının zəif olmasıdır. Bununla bağlı ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, intellektual bazası olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yanlış və effektsiz materialların yayımlanmasına səbəb olur. İntellektual səviyyəsi zəif olan, müəyyən təcrübə bazası olmayan şəxsin cəmiyyət qarşısında çıxış etməsi düzgün deyil.
Bütün bu məsələlər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu problemlər ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin çatdırmaq istədiyi məlumatlar, həm də ortaya qoyulan sosial problemlər böyük kütləyə çata bilsin. Vətəndaşlar mediaya inansın, onu dinləsin, oxusun, izləsin. Yalnız bu halda media dövlət və cəmiyyət arasında əlaqəçi funksiyasını yerinə yetirə bilər. Məlumatlandırma və maarifləndirmə işində öz rolunun öhdəsindən layiqincə gələr.
Ümumiləşdirsək, hazırda mediamız özünü maliyyələşdirə bilmir, maddi-texniki təminatı, peşəkar kadr bazası zəifdir. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilməz, ancaq şou auditoriya toplaya bilər. Bu baxımdan son zamanlar Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. MEDİA jurnalistlər üçün mütamadi təlimlər, təkmilləşmə kursları təşkil edir, media orqanlarının layihələrini maliyyələşdirir, onların bir çoxuna maddi yardımlar edir ki, mediamız güclənsin. Artıq son illərdə aparılmış işlər bu sahədə müsbət tendensiyaların əsasını qoyub və xeyli dəyişiklik baş verib. Bu işlər davam etdirildikdə, tezliklə media sahəsində sağlam və təhülkəsiz mühitin yarandığını görə bilərik.
Media haqda Qanun da bu istiqamətdə fundamentlan islahatların aparılması məqsədilə qəbul olunub. Dövlət peşəkar medianı sosial mediadan ayırmaqla onun daha üstün olduğunu cəmiyyətə göstərir. Media subyektlərinin və jurnalistlərin vahid reyestrinin yaradılması da buna xidmət edir. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların peşəkar iş mühitində çalışması və əmək hüquqlarının qorunması, media subyektlərinin zamanla ayaqlaşa bilməsi üçün maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində MEDİA tərəfindən aparılan işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, aparılan bu islahatlar media sahəsində vəziyyəti sağlamlaşdıracaq, Azərbaycan mediasının dünya media məkanına inteqrasiyası üçün lazımi şərait yaradacaq.
***
“Səs” qəzeti olaraq MEDİA-nı 3 yaşı münasibətilə təbrik edir, onlara öz fəaliyyətlərində uğurlar arzulayırıq