Cəmiyyət

  • 6 189

Keratindən xərçəngə gedən yol - ARAŞDIRMA

image

Saçlara tətbiq olunan keratin qadınlarda xərçəng yaradan ən böyük təhlükədir

Bütün dünyada məşhur olan, milyonlarla qadının xilaskar hesab elədiyi, saçlarını əmanət etdiyi “Braziliya keratini” sürətlə xərçəng yaratmaqdadır. Qlobal güclərin sayəsində reklamı yaxşı təşkil edilən və hər gün müştərisi daha da artan bu təhlükəli maddə qadınları öz həyatı ilə “aşıq atması” kimi bir şeydir. Saçları qıvrım olan qadınlar üçün keratin xilaskardır, çünki onun sayəsində 6-8 ay saçlar düz qalır.

Keratin kanserogendir

Dünyanın ən məşhur, eyni zamanda, ən təzadlı fikirlər nimayiş etdirən sağlamlıq təşkilatlarından biri olan Amerika Dərman və Qida Qurumu tərəfindən ciddi bir xəbərdarlıq edilmişdi. Qurumun alimləri son illər bərbər salonlarında tələbatı artan Braziliya keratinin yüksək səviyyədə kanserogen maddə ehtiva etdiyini bildirdilər.

Qurum bildirirdi ki, keratinin tərkibində olan yüksək miqdarda formaldehid adlı maddə kansorogen maddələr sinfinə daxildir. Formaldehid maddəsinin əsas özəlliyi büzülməyin, burulmağın qarşısını almaqdan ibarətdir. Bu maddə dırnaq boyalarına, qırışmayan paltarlara, dodaq boyalarına da vurulur.

Cəsədlərə vurulan maddə qadın saçlarına hopdurulur

Qeyd edək ki, istehsalçılar uzun müddət ütülü qalmasını istədikləri paltarlara bu maddəni tətbiq edirlər. Dırnaq boyalarının qıvrılmasının və büzüşməsinin qarşısını almaq üçün də bu maddədən istifadə edilir. Amma paltar və dırnaq boyasında bu məhluldan nisbətən az istifadə edilir, nəinki saçları düzləşdirmək üçün nəzərdə tutulan keratinin tərkibində. Formaldehid həm də morqdakı cəsədlərin çürüməsini önləmək məqsədi ilə də istifadə edilir.

Qeyd edək ki, Amerika Dərman və Qida Qurumu Braziliya keratininin tərkibi ilə bağlı laborotor müayinələrinin nəticəsini açıqlayanda məlum olub ki, içərisində ən çox 0,2 faiz nisbətində formaldehid ola biləcək Braziliya keratininin tərkibində bu təhlükəli maddə 8,7 - 10,4 faiz təşkil edir.

6-8 aylıq gözəlliyin töhfəsi – xərçəng!

Xatırladaq ki, bu maddə tətbiq edilən saçlarda 6-8 ay davam edə bilən qalıcı düzləşməyə sahib olur. Avropa ölkələrində 450-500 dollara tətbiq edilən bu məhsul bizim ölkəmizdə saçların həcmindən, uzunluğundan asılı olaraq fərqli qiymətlərə təklif edilir. Qiymətlərin nisbətən əlçatan olması bir çox qadının rəğbət bəslədiyi bu üsul xərçəngin yaranma səbəbi ola bilər. Amerika Dərman və Qida Qurumu bildirir ki, kansorogen maddənin saçlara tətbiqi dəri xərçəngi, nəfəs yolu xərçəngi yaradır.

Formaldehit bədənimizə tənəffüs yolu, həzm yolu və dəri məsamələri vasitəsi ilə girir. Keratin tətbiq edilən bütün insanlarda bu məhlul göz yaşarmasına, boğazın qıcıqlanmasına, asqırma və öskürməyə səbəb olur. Formaldehid bəzi həssas insanlarda burun qanamasına, yuxulama-mürgüləməyə də səbəb olur, dəri səpkiləri yaradır, baş ağrısı, baş gicəllənməsi, diqqət pozğunluğu və buna bənzər bir çox fərqli problemlər ortaya çıxarır. Formaldehidin astma yaratması isə Amerika Dərman və Qida Qurumu tərəfindən artıq təsdiq edilib.

Keratinin dəhşətini bilsələr də, qadağan etmirlər

Daha maraqlısı isə odur ki, Amerikada keratinin zərərləri sübut edilsə də, hələ ki, tətbiqi qadağan edilməyib. Bu ölkədə dövlətin icazəsi ilə gözəllik mərkəzlərində və apteklərdə tərkibində yüksək nisbətdə formaldehid olan keratinlər satılır. Amma Kanada Braziliya istehsalı olan bu məhsulun ölkəyə girişini və tətbiqini qadağa edən ilk ölkədir. Bu ölkədə aparılan toksikoloji müayinələr nəticəsində isə məlum olub ki, keratinin tərkibindəki formaldehid normadan 42 dəfə çoxdur.

Əldə etdiyimiz məlumata görə, ölkəmizə gətirilən keratinlər dərman vasitələri kimi qeydiyyatdan keçmir. Çünki məhlul kosmetik məhsul sayıldığından onun ölkəyə gətirilməsi və satılması üçün xüsusi icazəyə ehtiyac yoxdur.

Bəs qiyməti?

Bakıda fəaliyyət göstərən gözəllik salonlarında da qadınların saçlarını düzləşdirmək adı ilə xəstəlik yayılır. Demək olar ki, bütün qadın salonları bu işlə məşğuldur. Qıvrım saçlı xanımların arzusu olan düz və hamar saçlar yaradılır, böyük ehtimalla gələcəkdə yaranan xərçəng xəstəliyinin “toxumları səpilir”.

Bir neçə salona baş çəkdik, saçlarımı düzləşdirmək istədiyimi və keratinlə maraqlandığımı dedim, saçların uzunluğundan asılı olaraq qiymətlərin 80-200 manat arasında dəyişdiyini dedilər. Keratini haradan, necə əldə etdiklərini isə sirr kimi saxlayan da olur, xaricdən öz imkanları hesabına gətirdiyini deyənlər də, internetlə sifariş etdiyini deyənlər də. “Mən haradan bilim o saçlarıma zərər verməyəcək?”, - deyə irad bildirdikdə isə “indiyədək heç kim narazı qalmayıb” dedilər.

Proses 200 manat ödəyib saçlarınızı düzləşdirməklə bitmir, siz saçınızın düz qalması üçün də xüsusi şampunlar və kremlər almalısınız ki, bunlar da ayda 40-50 manat civarında bir məbləğə başa gəlir. Siz siz olun, yaradanın verdiyi görkəmə qane olun, süni yollarla əldə edilən heç bir gözəllik insana xeyir gətirmir. Biz bunu estetik əməliyyatlardan sonra səhhətində yaranan problemlərdən şikayətlənən insanların timsalında çox görürük. Zənnimcə, qıvrım saçlarla gəzmək, xərçənglə qol-boyun gəzməkdən daha yaxşıdır, elə deyil?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər