PDF Oxu

Cəmiyyət

  • 3 439

Məzara qoyulan gül ehtiramdır, ya ənənə?

Məzara qoyulan gül ehtiramdır, ya ənənə?

Arxeoloji qazıntılar zamanı qədim məzarlarda çiçək izinə çox nadir hallarda rast gəlinir. Aydın məsələdir, çünki çiçəklər çox incədirlər və tez quruyub məhv olurlar, ona görə də yüzillər sonra onların qalığına rast gəlmək olmaz. Amma istisna hallar da olur.

Arxeoloji tapıntılara görə, ilk dəfə məzara çiçək düzülməsi adəti Misirdə yaranıb. Misir fironu Tutanhamonun eradan öncə 1346-cı ildə öləndə məzarının çiçəkdən əklillərlə bəzədildiyi məlum olub. Şimalı Avropada isə miladdan öncə 2000-ci illərə qədər məzara çiçək qoyulduğu aşkarlanıb. O zamanlarda bu çiçəklərin məzara düzülməsində məqsəd yaxşı ruhları çəkmək, pis ruhları qovmaq olub.

Araşdırmaçılar hesab edir ki, güllərin məzara qoyulmasının digər bir səbəbi də cəsədlər çürüyərkən çıxan qoxunu ört-basdır etmək məqsədi olub. Deyə bilərsiniz ki, güllərin nə qədər ömrü var ki, cəsəd iyini örtsün. Mütəxəssislər belə düşünmürlər. Qədim Misirdə bunu da düşünən insanlar ətri uzun müddət qalan ağacların çubuqlarından və çiçəklərindən istifadə ediblər. Məzarlıqda sərv ağaclarının çox əkilməsi də bu səbəbdəndir. Bu ağac gözəl iy ifraz edir. Sərv ağacının odununu yandıranda çox gözəl ətir yayılır. Yağış yağanda, ağac yaş olanda da bu iy saçılır. Bəlkə də çoxlarınız məzarlıqdan qorxursunuz, amma sərv ağaclarının gözəlliyi, yaydığı rayihə bu qorxunu bir az azaldır.

Ayrıca, bizim ölkəmizdə becərilməyən bir çox ağaclar da var ki, onların qabığından, budaqlarından və kökündən ətir və müxtəlif qoxulu aksessuarlar hazırlanır. “Buxur” və ya “blaqoveniya” adını eşitmiş olarsınız. Bu ətirli çubuqlardır və şəri, mənfi enerjini qovmaq üçün yandırılır. Buxur sözügedən ətirli ağaclardan hazırlanır.

Cənazə evinə əklil və ya gül gətirilməsi adəti az qala bütün xalqların mədəniyyətində var. Qədim mədəniyyətlərdə bir insan vəfat edəndə digər insanlar bunu normal qarşılayırdılar, insanlar hələ o zaman anlayırdılar ki, insanın ölməsi onun yox olması demək deyil. Əgər içimizdən biri vəfat edirsə, bu yalnız dünyadan-dünyaya keçid deməkdir. Ölən onun bədənidir, cismidir, ruh isə əbədi var.

Qədim mədəniyyətlərdə (məs. şumerlərdə, hindlilərdə, şaman türklərdə və s) bunu anlayan insanlar ölümü toy-bayram kimi qəbul edirdilər, ruhun azadlığını alqışlayırdılar, bədənini dəyişən ruhun yeni həyatının olacağına inanırdılar. Elə buna görə də məzara gül-çiçək düzürdülər, bayram əhvalı yaratmaq üçün.

Müsəlman din xadimlərinin sözlərinə görə isə, məzara gül-çiçək qoyulması, cənazə evinə əklil və ya çələng aparılması adəti xristianların adətidir və müsəlmalığı caiz bir adət deyil. Məzar üzərinə çiçək, çələng, əklil qoyulması ənənəsi İslamda olmayıb. Yəni, bu İslama xas bir adət deyil. Dinşünaslar bunun vacib olmadığını, bunun yerinə vəfat edənin ruhuna dualar oxumaq, onun ehsanına acları doyurmağın daha savab olduğunu hesab edir.

Lakin bəzi islam alimləri məzara gül qoymanın, habelə məzar torpağında gül əkilib-becərilməsinin gözəl ənənə olduğunu bildirir. Onlar hesab edir ki, məzarda olan güllər məzarda yatan insanın ruhi dünyada rahatlığının göstəricisidir. Yəni, əgər bir məzarda çiçəklər bitirsə bu həmin insanın rəhmətə layiq olduğunun və qəbir əzabı ilə sınanmadığının sübutudur.

Güllər həmişə gözəlliyin, təmizliyin və hörmətin göstəricisi kimi qəbul edilib. Dünyadan köçən insana verilən dəyər də buna görə güllərlə göstərilib.

Lalə Mehralı

Digər xəbərlər