“Yüksək qiymətə iftar menyusu təklif edən restoran sahibləri Ramazanı xüsusi olaraq öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün sui-istifadə edirlər. Müqəddəs Ramazan ayı mərhəmət, rəhmət və şəfqət ayıdır. Bu ay insanların könül dünyasında mənəvi paklaşmaq üçün ilahi bir fürsətdir. Ancaq təəssüflər olsun ki, ölkəmizdə bəzi iş adamları, özəl sektorlar bu fürsəti yanlış anlayıblar. Onlar öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün bu aydan sui-istifadə edirlər. İftar süfrələrinin restoranlarda təşkil olunması və daha çox müştərinin gözlənilməsi normaldır. Ancaq Ramazan ayını şəxsi mənafeləri üçün istifadə etmək İslamın gətirdiyi qaydalarla ziddiyyət təşkil edir. Çünki Ramazan ayı mənəvi paklaşma, mənəvi mühitin formalaşması üçün çox gözəl bir münbit şəraitdir”. Bu sözləri SİA-ya danışan şərqşünas Seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə, insanların günahlarının bağışlanması, bol-bol tövbələr etməsi, xeyir-savab əməllərdə yarışması əsrlərdən gələn Azərbaycan xalqının yaddaşına həkk olunub: “Amma təəssüflər olsun ki, böyüyən dünyanın bir parçasına çevrilən Azərbaycanda Ramazan ayı gələndə iş adamları, xüsusilə iftar süfrələri təşkil edən restoranların israf doğan menyularına rast gəlirik. İsraf da Allahın qətiyyətlə rədd etdiyi əməllərdən biridir. Çünki Allah Qurani-Kərimdə buyurur ki, yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri sevməz”.S.C.Əzimbəyli bildirib ki, bahalı menyu təklif edən restoranlar insanlarımızı həm israfa sövq edirlər, digər tərəfdən də onların dini duyğularından istifadə edərək bu ayı özləri üçün ilahi fürsət deyil, özlərinin biznesinin fürsəti kimi dəyərləndirirlər: “Bu da həm milli, həm də dini dəyərlərimizə qarşı hörmətsizlikdir. Allahın mərhəməti qədər qəzəbi də şiddətlidir. Sevgili vətənimizdə insanlar müqəddəs dəyərlərimizi özlərinin pul, sərvət qazancına alət etməsinlər. Çünki ilahi ziyafət Allah qonaqlığıdır. Allah qonaqlığını bu hala gətirmək İslamın qətiyyətlə rədd etdiyi bir əməl, utancverici hərəkətdir”.
Ləman Sərraf
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...