Cəmiyyət

  • 2 636

Mingəçevirdə 101 ədəd şam və küknar ağac tingi əkildi - FOTOLAR

image

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, YAP şəhər təşkilatının sədri və üzvləri, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, müharibə və əmək veteranları, qazilər, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri şəhərin 20 Yanvar küçəsində və Heydər Əliyev Meydanında ucaldılmış abidələri önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə etmişlər.

Sonra tədbir Mingəçevir şəhər stadionunda davam etdirilib. Tədbir öncəsi çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndər Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, təhsilimizin yüksəlişi, dövlətimizin dünya arenasında özünə layiq yer tutması naminə gördüyü işlərdən danışıb. Qeyd edib ki, Ulu öndər hakimiyyətinin birinci dövründə uzaqgörən, məqsədyönlü fəaliyyəti ilə ölkəmizi inkişaf yoluna çıxarmışdır. Həmin dövrdə Heydər Əliyev idarəçilik bacarığı, qətiyyəti, vətənpərvərliyi sayəsində respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük müvəffəqiyyətlərə nail olub.

Ulu öndər ikinci hakimiyyəti dövrünü 1993-2003-cü illərdə fəaliyyəti zamanı Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa və inkişaf etdirməyə həsr etmişdi. Dövlət müstəqilliyinin bərpa edildiyi həmin illərdə bütün sahələrdə böhranla üzləşən Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O dövrdə səriştəsiz rəhbərlərin bacarıqsızlığı nəticəsində ölkə iqtisadi tənəzzülə uğramış, xalqın yaşayış səviyyəsi pisləşmiş, ictimai-siyasi böhran, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Ermənistanla elan olunmamış müharibə vəziyyətində olan Azərbaycanda nizami ordu yox idi, silahlı dəstələr müəyyən qüvvələrin ambisiyalarına xidmət edirdilər. Belə ağır dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin qurtuluşu naminə misilsiz fədakarlıq nümayış etdirməklə vətənimizi xaos və anarxiyadan xilas etdi. Tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz sui-qəsdlərdən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna qədəm qoydu.

Dünyanın ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı.
Gənclərin fiziki sağlamlığı, təhsili, yüksək intellektual vətəndaş kimi böyüməsinə xüsusi önəm verən Ulu Öndərin bu istiqamətdəki fəaliyyətinə toxunan şəhər rəhbəri təhsilin inkişafından, idman sahəsindəki nailiyyətlərdən, mədəniyyətimizin tanıdılmasından da danışdı. Bu siyasi kursun layiqli davamçısı cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını qeyd etdi. Qeyd olundu ki, ölkəmizin bütün bölgələrində yeni və müasir təhsil müəssisələri, orta məktəblər inşa olunub, müasir avadanlıqlarla təmin olunub, idman kompleksləri yaradılıb, idman qurğuları yerləşdirilib, mədəniyyətimizin inkişafına, sənət adamlarına olan qayğı güclənib. Bütün bunlar gənclərin sağlam və vətənpərvər böyüməsinə zəmin yaradır. Azərbaycan gəncləri, idmançılarımız qazandıqları qələbələrlə, Azərbaycanın üçrəngli Bayrağını dünyanın müxtəlif dövlətlərində ucaltmaqla fəxarət hissimizi gücləndirirlər. Bütün bunlar ölkəmizdə idmana göstərilən diqqətin bariz nümunəsidir.

İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə Ulu öndərin hazırladığı güclü dövlət-güclü ordu konsepsiyasının davamı oldu. Otuz il işğal altında qalan torpaqlarımız 2020-ci ildə Ulu öndərin siyasi varisi, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi. Azərbaycan dünyaya qalib ölkə kimi təqdim olundu. Bu Ali Baş Komandanımızın qətiyyətli rəhbər və sərkərdə olmasının, xalqla rəhbərin birliyinin təntənəsidir. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatlarının uğurla aparılmasından sonra ölkəmiz öz suverenliyini təmin etdi. İndi bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan yaradır.

Ulu Öndərin Mingəçevirə və mingəçevirlilərə diqqət və qayğısı böyük idi. Bu qayğı bu gün də davam edir, cənab Prezidentimizin diqqəti sayəsində Mingəçevir inkişaf edir, gözəlləşir, hüsnünə yeniliklər əlavə edilir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən xatirə tədbirində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş şəhər tam orta məktəblərinin kollektivlərinin təqdim etdiyi sərgi-kompozisiya, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işləri, şəhərdə fəaliyyəıt göstərən mədəniyyət müəssisələrinin hazırladığı kitab sərgisi, əl işləri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Uşaq Şahmat Məktəbinin şagirdlərinin dama və şahmat yarışları, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin, Mingəçevir Tibb Kollecinin idmançılarının müxtəlif idman növləri üzrə yarışları maraqla qarşılandı.

Sonra qaliblərə mükafatlar təqdim olundu.

Tədbir Mingəçevirin H.Əliyev prospekti, Samux küçəsi boyunca həm Ulu Öndərə ehtiram əlaməti olaraq, həm də “Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində ağacəkmə kampaniyası ilə davam etdirildi. Tədbir iştirakçıları ərazidə iki yerdə yeni yaşıllıq sahələrinin təməlini qoydular, hər iki ərazidə 202 ədəd (101+101) həmişəyaşıl ağac tingləri əkildi. Energetiklər yaşayış massivində də 101 ədəd şam və küknar ağac tingi əkildi.

Tədbir axşam saatlarında şəhərin Heydər Əliyev Meydanında respublikanın incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı və atəşfəşanlıqla yekunlaşdı.

Digər xəbərlər