“Bizim təqvimə əsasən iyun ayının 16-17-si Qurban bayramı qeyd olunacaq. Ramazan və Qurban bayramların ən çox sevdiyimiz bayramlardandır. Maddi durumu normal olan, ailəsini yaxşı dolandıra bilən, minimun olaraq xırdabuynuzlu heyvan kəsməyə imkanı olan insanın qurban kəsməyi çox gözəldir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. Onun sözlərinə görə, keçi, qoyun, qoç, dana və dəvədən qurban kəsmək olar: “Quş, toyuq və s. bu kimi xırda heyvanların qurban kimi kəsilməsi şəriətimizdə yoxdur. Qurban kəsilən heyvanların yaşına diqqət yetirilməlidir. Xırdabuynuzlu heyvanların yaşı 8 ayı keçmiş olmalıdır. Amma iri heyvanların yaşı mütləq 1 ili keçməlidir. Əgər qurban kimi dəvə kəsilirsə, mütləq onun yaşı ən aşağıdı 5 olmalıdır. Kəsilən qurbanın əti 3 hissəyə bölünməlidir. Onun bir hissəsini qurban sahibi öz ailəsi arasında, qalan hissəsini isə qohum-əqrabaya, yoxsullara və kənar şəxslərə paylaya bilər”.F.Nurullayev borcu olan adamın qurban kəsib kəsə bilməyəcəyi məsələsinə də toxunub. O bildirib ki, əgər bir adamın maddi ehtiyacı və ya borcu varsa, ailəsinin ehtiyacını ödəyə bilmirsə, onun qurban kəsməsi məsləhət görülmür.
Ləman Sərraf