Cəmiyyət

  • 2 058

“Barber shop” -FELYETON

image

Küçəmizdə bir kişiylə rastlaşdım. Gördüm ey, ora baxır, bura baxır, sözlü adama oxşayır. Gözləri bir nəfər axtarır ki, sualını verib cavabını ala. Camaat da elə sürətlə ötür ki, kişi çatdırıb soruşa bilmir.

Yanından ötəndə hiss etdim ki, məndən nə isə soruşmaq fikri yoxdur, lakin ağsaqqal kişi olduğu üçün mən dayanıb, “əmi, sizə nə lazımdır”,- dedim. Əmi də dedi ki, ay qızım, rayondan gəlmişəm, burada qızımgildə qonağam. Dünən enmişdim bir hava alam, bir də görüm buralarda bərbər var, saç-saqqalımı düzəltdirəm. Bax elə bu küçə idi, burada mən bərbər gördüm, indi nə qədər baxıram görmürəm axı.

Həmin dəqiqə anladım bu əminin problemini. Axı bizim küçənin həm o başında, həm də bu başında bərbər var. O başdakınin qarşısında “Bərbər”, bu başdakının qarşısında isə “Barber shop” yazılıb. Bu küçə də dairəvi şəkildədir. Nabələd adam bunu bilmir, ona görə də bu kişi kimi qalır məəttəl. Anladım ki, əmi dünən o başda gəzirmiş, orada “Bərbər” görüb, düşünüb ki, sabah gəlib saç-saqqalımı düzəltdirərəm. Bu da həmin sabah, kişi nə qədər axtarır, tapmır. Yaşlı adamdı da, nə etsin?

Hə, kişi dayanıb düz “Barber shop”un qarşısında, deyir mən dünən bax elə burada görgüm “Bərbər”i, ay bala, indi axı burada ayrı şey yazılıb. Başladı hərifləyib oxumağa: bu nə deməkdir axi? 70 yaşim var, birinci dəfədir bu sözə rast gəlirəm. Ay bala, deyəsən, buranı səhv yazıblar ey...

Məsələ aydın idi. Dedim ki, ay əmi, bərbər lazım deyil sənə, elə buradır da. Əmi də dedi ki, yox ey, mən dünən axı burada bərbər görmüşdüm. Dedim ay əmi, saç-saqqalını kəsdirmək istəmirsən? Dedi, hə. Dedim, gəl bu qapıdan keç içəriyə, burada etsinlər.

Əmi baxır mənə. Həm də təəccüblə baxır. Sanki mən onu aldadırmışam kimi baxır...

Yazıq kişi, vallah, o qədər narahat oldum ki. Ay qardaş, yaşlı adamdı da, bunun başına niyə bu oyunları açırsınız? O “obyektin” qarşısına “Bərbər” yazanda nə olardı ki? Qoy biri küçənin o başında, biri də bu başında olsun da, nə olacaq ki...

Vallah, mən hər gün o küçədən keçirəm, “Bərbər”də “Barber shop”dən çox adam olur. İndi bu bərbərlərin “dilini” dəyişəndə nə olur ki?

Bu kişi də rayondan durub gəlib şəhərə qonaq. Qalıb “Bərbər”lə “Barber shop”un arasında, anlaya da bilmir ki, ikisi də əslində eyni yerdir, sadəcə biri “intelligentni”dir.

Etmədim tənbəllik. “Barber shop”un qapısını döymək istəyəndə kişi, yox-yox, ay bala, bura ora deyil. Mənə bura lazım deyil, dedi və üzünü çevirib getmək istəyəndə, dedim ay əmi, gəl, gəl, gedək. Düşdüm kişinin yanına, düz getdik çıxdıq “Bərbər”ə. Kişi başını yuxarı qaldırıb “Bərbər”i görmədi, başladı uşaq kimi sevinməyə. İndi dayanmadan-durmadan mənə duadır ki, edir:

-Ay qızım, səni xoşbəxt olasan. Mən dünən buranı görmüşdüm bax. Elə səhərdən də buranı axtarırdım. Hə, bax, mən bura getmək istəyirəm.

Kişi ilə sağollaşdım, o bərbərə getdi, mən də geriyə döndüm. Gəlib o “Barber shop”un qarşısından keçəndə başımı qaldırdım, o lövhəni bir də oxudum və başladım öz-özümə danışmağa: can ay dilim, gözəl dilim, dərdli dilim. Kaşki dilin olardı, dil açıb dərdlərindən danışardın...

Mətanət Məmmədova

Digər xəbərlər