Cəmiyyət

  • 1 659

Milli Qurtuluş Günü: Azərbaycan tarixinin dönüş nöqtəsi - ŞƏRH

image

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı böyük faciələrlə və siyasi böhranlarla üzləşdi. Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosundan istefa verməsindən sonra, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər başladı. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi, erməni millətçilərinin iddiaları və sovet rəhbərliyinin dəstəyi ilə başladıldı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşdü.

Müstəqilliyin ilk illərində Azərbaycan Xalq Cəbhəsi (AXC) və Müsavat Partiyası tərəfindən idarə edilən ölkə səriştəsiz idarəetmə, siyasi böhran və iqtisadi çöküş ilə qarşılaşdı. Silahlı dəstələrin özbaşınalığı və ölkədə separatçılıq meylləri, Azərbaycanın dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşməsinə səbəb oldu.

1993-cü ildə AXC-Müsavat iqtidarının bir illik hakimiyyəti ölkədə anarxiya, xaos və iqtisadiyyatın çökməsi ilə nəticələndi. Hakimiyyət daxilindəki qruplaşmaların və dövlət əmlakının talan edilməsi, xalqı acınacaqlı duruma saldı. Bu çətin şəraitdə Azərbaycan xalqı, Ulu Öndər Heydər Əliyevin ölkəni xilas edə biləcək yeganə şəxs olduğuna inanırdı.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün qurtuluşun başlanğıcı oldu. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və daha sonra Prezident səlahiyyətlərini icra etməyə başladı. Onun qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan qurtuldu və inkişafın sarsılmaz təməlləri qoyuldu.

Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə asayiş bərqərar edildi, nizami ordu yaradıldı, Qarabağ münaqişəsində atəşkəs əldə edildi və münaqişənin dinc yolla həlli üçün danışıqlara başlandı. Azərbaycanın beynəlxalq əlaqələri gücləndi və ölkə dünya birliyinə inteqrasiya prosesi başladı.

Ulu Öndər Heydər Əliyevin adı, Azərbaycanın müstəqilliyinin memarı və xilaskarı kimi tariximizə qızıl hərflərlə yazıldı. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu artırmış və ölkəmizi güclü bir dövlətə çevirmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsi və müstəqil dövlətimizin inkişaf yolunun başlanğıcıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək və Qarabağ, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər