Cəmiyyət

  • 567

Polietilen paket yox, ekoçanta: ətraf mühit naminə

image

3 iyul - Beynəlxalq polietilen paketsiz günüdür. Bu gün ən çox istifadə edilən daşıma vasitəsinin-polietilen paketlərin yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub.

Bu küləkli şəhərimizin küləkli günlərində illərlə başına havada uçuşan polietilen paket keçənlərdən biri kimi bu torbaların satışa daxil edilməsinə sonsuz dərəcədə sevinənlərdən də biriyəm. Ən birinci ona görə ki, bizim əlimiz-qolumuz var, başımıza keçən paketləri çıxarıb özümüzdən kənarlaşdıra bilirdik. Bəs yazıq heyvanlar necə? Heç ola bilməz ki, küçədə başına, ayağına polietilen paket dolaşan və bununla mücadilə edən it, pişik görməyəsiniz. Və onları bu bəladan azad etməmiş olasınız...

Elə ki, külək başladı, bu mərkəzi təmiz, kənarları haqqında isə deməyə söz tapmadığım şəhərimizdə yüngül məişət tullantıları, məsələn, vafli, peçenye, konfet kağızları, əsasən də rəngbərəng polietilen paketlər havada tüğyan edir. Dəfələrlə külək onları gətirib sifətimizə elə çırpıb ki, bunu qarşıdan gələn kiminləsə toqquşmaq kimi düşünmüşük, lakin bir anda səhvimizi anlamışıq və onun adam deyil, polietilen paket olduğunu görmüşük.

Polietilen paketlərin ağacların budaqlarında, binaların balkonlarında, obyektlərin qapı-pəncərələrində bəzən aylarla yelləndiyini də görmüşük. Yəni onun nə özü düşüb oradan getmək istəyib, nə də kimsə onu qoparıb atmaq istəyib.

Deməli, belə geniş meydan verilən polietilen paketlər tək ekologiyaya deyil, həm də bizə ağlagəlməz dərəcədə ziyan vurur. Təsəvvür edəndə ki, bu paketlərin bir dəfə başımıza keçməsi, üzümüzə çırpılması zamanı nə qədər mikrob qəbul edirik, adam dəhşətə gəlir.

Və bütün bunlara görə də polietilen paketlərin satışa daxil edilməsinə sevinməmək mümkün deyil. Ən azından ona görə ki, bəlkə camaat pulunun qədrini bilə, ya onları almaya, ya da alanda elə istifadə edə ki, küçələrdə onlarla daha çox rastlaşmayaq.

Bir faktı da söyləməyin yerinə düşdüyünü nəzərə alıb deyim ki, əvvəllər dəfələrlə marketlərdə alış-veriş zamanı kassada məndən əvvəlki müştərilərin polietilen paketləri dəstə ilə götürüb apardıqlarının şahisi olmuşam. Həmişə də düşünmüşəm ki, görəsən onları nə üçün götürürlər, nəyə lazımdır bu paketlər? Onsuz da aldıqlarımızı yığmaq üçün yetərli sayda paket verilirdi də bizə.

Vallah, çox maraqlıdır. Nə üçün, bilmirəm, ancaq bu həyatda hələ də bəzi insanları tanımaqda çətinlik çəkməkdəyik. Həmin insanlar polietilen paketlər marketlərdə və alış-veriş mərkəzlərində satışa daxil ediləndə üsyan etməyə başladılar ki, nə üçün o, pullu olub. İndi də elə hey belələri ilə rastlaşır və onların giley-güzarlarına şahid oluruq.

Belə olanda deyirəm ki, lap yaxşı olub polietilen paketlərin satışa daxil edilməsi. Xarici ölkələrdə buna illər öncə keçilib. Bəli, ekologiyanın qorunması naminə. Bizsə hələ xeyli gecikmişik. Gecikdiyimizə görə də paketlər başımıza daha çox keçib, üzümüzə daha çox çırpılıb. Neçə-neçə heyvanın ölümü ilə nəticələnib. Hələ torpaq altında da çürümək bilməyən bu torbaların əkin yerlərinə nə qədər ziyan vurduğundan, su mənbələrini qurutduğundan danışmıram.

İndi marketlərdə alıcılarla rastlaşırıq ki, bu paketləri almağı artıq hesab edir və alış-veriş üçün evindən ya paket, ya da aldığı ərzaq məhsulları daşımaq üçün başqa vasitələr gətirir. Onlara baxdıqca polietilen paketin satışa daxil edilməsini ürəkdən alqışlayıram.

Fərqinə varan varsa, artıq şəhərimizin küçələrində bu paketlərlə az-az rastlaşırıq. Buna elə bilirəm ki, küçələrin təmizliyinə aid təşkilatlar və bu işi həyata keçirənlər də ürəkdən sevinir.

Hə, ey heç nəyin qədrini bilməyən insan! İndi buyur, get, marketlərdən pul ver, polietilen paket al, gətir içini boşalt, özünü də hara gəldi at, görüm, necə atırsan. Sonra da bu paketlər binəva insanların və heyvanların başına keçsin görüm, neçə keçir...

Bu gözəl addımı bu gün də alqışlayır, bundan narazı qalanlarla qətiyyən razılaşmır və şükür edirik ki, həmin paketlər başımızdan boğazımıza enib bizi o dünyalıq etməmiş xilas ola bildik.

Hələ bu polietilen paketlərə də yox deməyin, tamamilə ekoçantalara keçməyin zamanı gəlib. Həm öz sağlamlığımızın, həm də ətraf mühitin qayğısına qalaraq ekoçantalardan istifadə edək. Unutmayaq ki, ən kiçik töhfə belə ətraf mühitin qorunmasında böyük rol oynayır.

Mətanət Məmmədova

Digər xəbərlər