Cəmiyyət

  • 3 263

Ağzıgöyçək

image

Lalə Mehralı

Dünən redaksiyadan çıxıb evə gedirdim, səkidə məndən öndə gedən kişinin telefon danışığına şahid oldum. "Həkim" deyə müraciət edirdi telefondakına:

-İndi deyirsiniz təhlükəlidir? Bəs mən nə edim?

-....

-Yox ey, elə şey olar? Deyəcəklər uşağı ermənidir, kəsdirməyib.

-...

-Ay doktor, bunun bağçası var, məktəbi var, evlənməyi var, başına dönüm, mənə lağ edərlər. Mən kimə qandırım ki uşağa olmaz sünnət?

-...

-Ayrı həkim də siz deyəni deyəcəksə daha niyə aparım? Ürəyini qüvvətləndirib sonra kəsdirsək olar?

Telefondakı həkim nə dedi, nə demədi, bilmirəm, kişi "yaxşı, görüm neynirəm" deyib söndürdü telefonu. Belə görünürdü ki uşağa sünnət etdirməməyi məsləhət görürdü həkim, ürəyi zəif olduğuna görə. Ata da israrla sünnət etmək istəyir, üstəlik özü istədiyi üçün yox, "el nə deyər" deyə. Uşaq ölsə də olar, əsas bir-iki ağzıgöyçəyin dediyidir.

***

Bir neçə gün əvvəl tanış bir qadınla söhbətləşdik mağazada təsadüfən qarşışanda. Bazarlığımızı edə-edə ordan-burdan danışdıq, gələndən-keçəndən bəhs elədik. Daha doğrusu daha çox o evlilik çağındakı qızının qayğılarından danışdı. Payızda toy planlaşdırıblar, amma ailənin qıza cehiz düzmək imkanı yoxdur. “Cehizsiz necə evləndirim mən qızı?” deyə yanıqlı-yanıqlı iç çəkdi. “Niyə də olmasın?” dedim, ailə qurmaq üçün o qədər xərcə girmək lazımsızdır, oxutmusan, sənət sahibi etmisən, həyat yoldaşı ilə əl-ələ verib hər şey alarlar zamanla, hələlik minimum əşyalarla təmin et, vəssalam.

“Heç elə şey olar?” deyə təəccüb və tənə ilə baxdı üzümə. “Camaat adama nə deyər? Bir qızdı, onu da elə hörmətsiz-urvatsız ərə verim?” deyə mənə giley etdi. “Atası ilə danışdıq ki, iri əşyaları kreditlə, qalanını da nisyə götürək, toydan sonra ödəyək”. “Bəlkə toydan istədiyiniz qədər qazanc qalmadı, onda necə?” dedim, “bir yolunu taparıq” dedi. Yadıma o yolu tapa bilməyən və özünü metroda qatarın altına atan ata düşdü. Axı o da cehiz dərdinə mübtəla olmuşdu. O da bir-iki ağzıgöyçəyə görə “xalq nə deyər?” deyib girmişdi borcun altına, tordan sonra da verə bilməmişdi.

Cehizə görə intihar edən qızı deyim, cehizi borca alan, toydan sonra qız tərəfinin ödəməkdən imtina etdiyi, buna görə oğlan evində düşən davanı deyim, hansını deyim?

***

El üçün yaşayırıq, xalq üçün geyinirik, camaat üçün tikirik ev-eşiyimizi. Göstəriş, nümayiş üçün edirik çox şeyi. Biz, biz olmuruq, özümüz olmaqdan başqa hamı oluruq. Hamının yerinə düşünürük, hamının fikri əhəmiyyətli olur öz düşüncəmizdən başqa. Öz bildiyimiz, öz doğrumuz bizə yetərli olmur, qınaqdan, tənədən çəkindiyimiz üçün. Çoxluğun düşüncəsi ilə oturub-dururuq. Cehizsiz qız evləndirməyi ona görə özümüzə sığışdırmırıq, “filankəsin 10-15 min manatı olmadı qızına yüngülvari bir cehiz düzə” deməsinlər deyə. Ürəyi zəif, xəstəhal övladımızın cinsi orqanını kəsdirməyi özümüzə borc bilirik, camaat birdən sünnətsiz uşağımıza erməni deyər. Sanki sünnətsiz olan yalnız onlardır. 8 milyardlıq dünya əhalisinin dörddə üçü sünnətsizdir, Yer planetindən qovublar onları?

Çox adət gərəksiz şişirdilir, çox ailə bir-iki ağzıgöyçəyin tənəsindən çəkinib götürəcəyindən çox yükün altına girir. Dünyadan köçəninə qəbirüstü sərdabə qurdurur, yas mərasimində süfrəyə quş südü düzür, toyunda fantastik xərc çəkir. Heç birini könüllü etmir, məcbur qalır, məcbur hiss edir. Özü borc altında əzilərkən onun sayəsində şadlıq evlərinin, mərasim salonlarının sahibləri, 10-15 min manata toya gəlib fonoqramla iki mahnı oxuyan qarğa səsli müğənnilər öz cibini şişirdir.

Həyat başqalarının dediyi ilə oturub-duracaq qədər uzun deyil, öz doğrularınızı başqalarının tənəsinə, qınağına qurban verəcək qədər dəyərsiz də deyil.

Digər xəbərlər