Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb fondun fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi ilə davam etdirildi, tədbir iştirakçıları fondun 2023-cü il ərazində gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında məlumatlandırıldı.
Sonra çıxış edən Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdırıb. Onun sözlərinə görə, qurumun əsas məqsədi ölkədə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.
İdarə Heyətinin sədri bildirdi ki, 3 illik fəaliyyət dövründə Fond 40-dan çox layihənin təşkilatçısı olub, habelə bu layihələr 20.000-dən yuxarı insanı əhatə edib. Qeyd olunub ki, təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi Fondun 2024-cü il ərzində öz qarşısına qoyduğu prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Təhsilin İnkişafı Fondu və “Silk Vey Vest aviaşirkəti” MMC şirkəti arasında ianə müqaviləsi imzalanıb. Bu layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur. Elnur Nəsibov qeyd etdi ki, hər il Təhsilin İnkişafı Fonduna 7-8 milyon manat vəsait toplanır.Onun sözlərinə görə fondun əsas mənbələri ali, orta ixtisas və digər təhsil müəssisələrindən ayrılan ianələrdir.
Bundan əlavə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə birgə xüsusi imtiyazlara sahib olacaq vahid tələbə kartının yaradılması istiqamətində də işlər görülür. Hələlik bu kart ali təhsil müəssəsələrində oxuyan tələbələr üçün nəzərdə tutulub, lakin yaxın gələcəkdə məktəblilərin də belə güzəştli kartla təmin edilməsi məsələsi istisna edilmir.
Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər. Bu haqda danışan fond rəsmisi tələbə yataqxanalarının tikintisinin zəruriliyindən bəhs edib: “Özəl sektoru bu işə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitin yaxşılaşdırılması üçün çalışırıq. Hazırda yataqxana problemi olan bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar aparılır”.
Fondun həyata keçirdiyi layihələrdən bəhrələnən “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı Fidan Fərzəliyeva, “IELTS imtahanına təşviq” layihəsinin iştirakçısı Çingiz Əsgərli və “Parla” təqaüd və inkişaf proqramının iştirakçısı Elmira Orucova da tədbirdə öz təəssüratlarını iştirakçılar ilə bölüşdülər.
Tədbirdə həmçnin məlumat verildi ki, “Qızların təhsilinə dəstək” proqramı çərçivəsində bu günə qədər 210 tələbə qıza təqaüd verilməsi ilə yanaşı, onların təcrübə keçməsi təmin edilib. Fond mütəmadi şəkildə bir çox özəl şirkətlərə əməkdaşlığı davam etdirir: "İELTS imtahanına təşviq layihəsi çərçivəsində 9 ali təhsil müəssisəsinin 385 iştirakçısı uğurla imtahan verərək İELTS sertifikatı əldə edib. Qeyd edilib ki, "4Sİ Akademiyası" layihəsi çərşivəsində müraciət edən 10 mindən çox şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunub.
Layihəyə nəticəsində 8000 nəfər iştirakçı olub. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur. "Maarifçi tələbə-məzun təcrübə proqramı çərçivəsində 25 iştirakçıya təcrübə və iş yerləri təklif olunub. Növbəti tədris ilində layihənin davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur", - Fond rəhbəri bildirib.
Təhsilin İnkişafı Fondunun ilk layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra edilən Hənifə Məlikova-Zərdabi adına “Qızların təhsilinə dəstək” təqaüd proqramı olub. Məhz bu səbəblə, qızların təhsilinə və qadınların səlahiyyətləndirilməsinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Fondun yaradılmasının 3-cü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirilib. Müsabiqədə 1-ci yerin qalibi “Oxuyun, qızlar!” adlı məqaləsi ilə “Səs” qəzetinin əməkdaşı Lalə Mehralı olub.
Məlumat üçün qeyd edək ki, Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanı ilə yaradılıb. TİF Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.
Fondun missiyası Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır. Təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasına dəstək olmaq, təhsil və iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsinə töhfə vermək, təhsilin inkişafı üzrə mexanizmlərin hazırlanması və icrasında iştirak etmək də prioritet məsələlərdəndir.
Lalə Mehralı