Cəmiyyət

  • 1 727

Türk Dövlətlərinin Baş Prokurorlar Şurasının üçüncü iclası keçirilib (COPY 2024.07.26 00:00)

image

İyulun 25-də Bişkekdə 2021-ci ildə Bakıda təsis olunmuş Türk Dövlətləri Təşkilatı (TDT) Baş Prokurorlar Şurasının 3-cü iclası keçirilib. SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin Baş prokurorlarının, TDT Baş katibinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşavirinin qatıldıqları iclasda Qırğız Respublikasının Prezidenti Sadır Japarovun videomüraciəti nümayiş olunub. Prezident iclasın işinə uğurlar arzulayıb.

Tədbirdəki çıxışında ölkəmizin türk birliyinə xüsusi əhəmiyyət verdiyini qeyd edən Baş prokuror Kamran Əliyev bunun Prezident İlham Əliyevin tarixi "bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" sözləri ilə təsdiqləndiyini vurğulayıb.

Kamran Əliyev TDT-yə üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlətimizin başçısının və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Baş prokuror, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

Yekunda Bişkek bəyanatı qəbul edilib, növbəti iclasın 2025-ci ildə Özbəkistanda keçirilməsi qərara alınıb.

Tədbirdə ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.

Səfər çərçivəsində Baş prokuror Qazaxıstanın və Özbəkistanın baş prokurorları, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşaviri ilə görüşərək gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Baş Prokurorluğun nümayəndə heyətinin Qırğızıstana işgüzar səfəri başa çatıb.

Digər xəbərlər